Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6449/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2518,69 manat məbləğində əsas borc və 29,63 manat faiz borcu olmaqla, ümumilikdə 2548,32 (iki min beş yüz qırx səkkiz manat, otuz iki qəpik) manat borcun və 30,4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 31 may 2019 il tarixli, 100821-172413/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2537,72 (İki min beş yüz otuz yeddi manat, yetmiş iki qəpik) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 06 sentyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2518.69 manat məbləğində əsas borcu və 29.63 manat faiz borcu olmaqla, ümumilikdə 2548.32 (iki min beş yüz qırx səkkiz manat, otuz iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 2548,32 (iki min beş yüz qırx səkkiz manat, otuz iki qəpik) manat borcun olduğunu qəbul edir, lakin ailə problemləri və pandemiya səbəbindən ödənişləri gecikdirmişdir və məhkəmədən qətnamə çıxararkən maddi vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçı "xxxx" ilə Cavabdeh arasında bağlanmış 100821-172413/10 saylı, 31.05.2019-cu il tarixli “Güzəştli Kredit Müqaviləsinin” (Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar restrukturizasiya olunur) məzmunundan görünür ki, Cavabdeh xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış 100821- 172413/10 saylı, 31.05.2019-cu il tarixli “Güzəştli Kredit Müqaviləsinə” əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2537,72 (iki min beş yüz otuz yeddi manat, yetmiş iki qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 06 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 100821-172413/10 saylı, 31.05.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən 2518,69 manat məbləğində əsas borcu və 29,63 manat faiz borcu olmaqla, ümumilikdə 2548,32 (iki min beş yüz qırx səkkiz manat, otuz iki qəpik) manat borcu var. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin borcalan Cavabdeh ünvanlanmış 08.05.2021-ci il tarixli 001/007/2222/2021 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh sözügedən müqavilə üzrə ödəniş etməyəcəyi təqdirdə məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 17.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq restrukturizasiya olunmuş və 100821-172413/10 saylı, 31.05.2019-cu il tarixli “Güzəştli Kredit Müqaviləsinə” əsasən illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2537,72 (iki min beş yüz otuz yeddi manat, yetmiş iki qəpik) manat məbləğində aldığı krediti iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etmir və bu baxımdan İddiaçı ASCnin iddia tələbi əsaslıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2518.69 manat məbləğində əsas borcu və 29.63 manat faiz borcu olmaqla, ümumilikdə 2548,32 (iki min beş yüz qırx səkkiz manat, otuz iki qəpik) manat məbləğində pul tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2518,69 manat məbləğində əsas borc və 29,63 manat faiz borcu olmaqla, cəmi 2548,32 (iki min beş yüz qırx səkkiz manat, otuz iki qəpik) manat məbləğində borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6449/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6449/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver