Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6475/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mövcuddur, həmin qətnamə ilə alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqının müvafiq misli ilə sabit pul məbləğində təyin edilmişdir. Hazırda iddiaçı hər hansı yeni hala istinad etmədən (o cümlədən tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik barədə hər hansı sübut təqdim etmədən), 2025-ci ildə yaşayış minimumunun 246 manat olduğunu qeyd etməklə sabit pul məbləğində alimentin artırılmasını tələb etməkdədir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən cavabdehin aylıq əmək haqqı məbləği 1149,74 manat təşkil edir, 2(004)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamədən isə aydın olur ki, iddiaçı cavabdehin həmin əmək haqqı miqdarının azlığını əsas gətirərək alimentin sabit pul məbləğində təyin edilməsini xahiş etmiş, məhkəmə tərəfindən həmin hallar araşdırılmaqla müvafiq qətnamə qəbul edilmişdir. Belə olan halda, 2025-ci il üzrə minimum əmək haqqının müvafiq misli ilə sabit pul məbləğində təyin edilmiş alimentin artırılmasına dair iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş əsaslara istinad edilmədiyindən və bu barədə hər hansı sübut təqdim edilmədiyindən, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1-8-16-1/2-57/2025 nömrəli məktubunun 3-cü bəndinə əsasən, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artırımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, habelə həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(004)-6475/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6475/2025
07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver