Məhkəmə qərarları › İş №2(004)-6503/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6503/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6503/2025 05.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3500 manat borc məbləğinin və 55 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 iyun 2025-ci il tarixdə notarial qaydada tərtib və təsdiq olunmuş “Borc müqaviləsi” əsasında Cavabdeh 3500 manat məbləğində borc vəsaitini notariat kontorunun depozit hesabı vasitəsilə təqdim etmişdir. Müqaviləyə əsasən borclu aldığı məbləği 5 ay ərzində hər ay 700 manat olmaqla 02 noyabr 2025-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüş, lakin bu günədək borclu tərəfindən borcun ödənilməsi həyata keçirilməmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 3500 manat məbləğində pul borc vermişdir. Cavabdeh 5 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək hər ay 700 manat pulu İddiaçı qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, cavabdeh iddiaçıdan 3500 manat məbləğində borc pul almış və həmin borcu beş ay müddətinə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Bu səbəbdən iddia tələbi cavabdehdən 3500 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 manat pul və 55 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar