Məhkəmə qərarları › İş №2(004)-651/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-651/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-651/2021 02.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində, T/17640 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01005 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və X1nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlara əsasən iddiaçıya maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirilir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 4500 manat təşkil etməkdədir. “İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 4500 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti alanmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 4500 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4530 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsilə) məlumatlandırılmış iddiaçı “İddiaçı” İstehsalat Birliyi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, həmin evdə hal-hazırda yaşayış yoxdur. O, evi oğlu üçün tikmişdir. Qanunsuz qoşulmaya gəlincə isə ev tikilən zaman və təmir olunanda eve qədər qaz xətti çəkilmədiyindən ola bilər ki, ustalar müvəqqəti qazdan isdifadə etmək üçün qaz xəttinə qoşulmuşlar. Lakin o evdə sadəcə bir ədəd mətbəx qazı vardır. Onu da ustaların isdifadə etməsi üçün quraşdırmışdır. Həmin evdə nə hamam var, nədə ki, ayrıca bir soba və ya qızdırıcı da quraşdırılmamışdır. Çünki ev hələ tam hazır deyildir. Bu aktların isə nə vaxt yazılması barədə onda ümumiyyətlə məlumat yoxdur. Özü təqaüdçüdür, o qədər pulu ödəyə bilməz və hesab edir ki, cərimə əsassız və həddən artıq şişirdilərək yazılmışdır. Belə ki, qaz idarəsinin əməkdaşları evdə olmayan cihazları göstərək onların əsasında cərimə yazmışlar. Halbuki onun evində sadəcə bir ədəd köhnə dörd gözlü mətbəx qazı vardır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı «İddiaçı» İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T- 17640 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. 4.3cü bəndində isə istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusu quraşdırılmışdır. İş materiallarındakı Cavabdeh adına olan **********01005 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 4500 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və iddiaçının iddiasına əsasən nəticədə onun iddiaçı təşkilata 4500 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 4500 manat məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X1nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iddiaçı tərəf istehlakçının qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsini ilk olaraq xx.xx.2017-ci il tarixdən aşkar edilməsinə və buna dair aktlar tərtib edilməsinə istinad etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavadeh məxsus evdə PQ3, QSSQ və dəmir soba adlı qaz işlədicilərinin quraşdırılaraq istifadə edilməsi bildirisə də, bu hallarada dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T-17640 saylı müqavilənin 4.3-cü bəndində əsasən, sözü gedən evdə istismar edilən 1 ədəd PQ-4 model qaz qurğusunun quraşdırılması müəyyən edilmişdir. Məhkəmə istehlakçının yaşadığı mənzilin sahəsini, istifadə etdiyi qaz cihazlarını, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilənin olmasını, eləcə də, iddiaçı tərəfindən ötən müddət ərzində abonentin saldosuna əsasən cavabdeh tərəfindən ödəniş edilməsinin müəyyən edilməməsinə, cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamasına, bu müddət ərzində də, qazdan qanunsuz olaraq isdifadə etməsinə və buna dair sübutlar verməsə də, cavabdehin mənzilində əlavə cihazların olmasına əsaslanaraq cavabdehin borcu olmasını iddia etsə də, cavabdeh tərəfindən ona məxsus evdə qaz istehlak edilməsinin qismən etiraf edilməsini və həmin mənzildə cavabdeh aid yalnız 1 ədəd PQ-4 model qaz qurğusunun olmasına dair etirafını nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə iş materiallarında mövcud olan aktlara əsasən 1 ədəd PQ-4 model qaz qurğusu üçün hesablanmış cərimələr, 2017-ci il üçün 7.74 manat (774 kub * 0.10 manat); 2018-ci il üçün 124.6 manat (1246 kub * 0.10 manat); 2019-cu il üçün 564.40 manat (3672 kub (ümumi istifadə)-1700 kub * 0.10 manat = 170 manat; 1972 kub (limitdən sonrakı sərfiyyat) * 0.20 (limit üzrə) manat = 394.40 manat); 2020-ci il üçün 373.20 manat (2966 kub (ümumi istifadə)-2200 kub * 0.10 manat = 220 manat; 766 kub (limitdən sonrakı sərfiyyat) * 0.20 (limit üzrə) manat = 153.20 manat), ümumilikdə aktlar üzrə 1139 (bir min yüz otuz doqquz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin tutulmasını ədalətli və ağlabatan hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1139 (bir min yüz otuz doqquz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; İddiaçı İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 50% yəni 15 (on beş) manat məbləği iddiaçıya aid edilməli, qalan 50% yəni 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1139 (bir min yüz otuz doqquz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; İddiaçı İB; VÖEN**********; İBANAZ50İBAZ********************) ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 50% yəni 15 (on beş) manat məbləği iddiaçıya aid edilsin, qalan 50% yəni 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar