Məhkəmə qərarları › İş №2(004)-6586/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6586/2020

21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6586/2020 21.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 1318.45 manat əsas, 272.57 manat faiz, cəmi 1591.02 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» KB ASC-nin məhkəməyə təqdim etdiyi ərizəsini və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, tələb barədə aşkar mübahisə mövcud olduğundan iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 3941tkBAB/14 saylı kredit xətti və Bank hesabı müqaviləsinə əsasən, bankın cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 26 faiz ödəmək şərtiylə 300 manat məbləğində kredit limitinin ayrılması əsası, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka əsas borcunun 1318.45 manat təşkil etməsi qeyd edilsə də, 300 manat məbləğində kredit limiti üzrə hazırkı əsas borcun necə yaranması (hansı əsaslarla) iddia ərizəsində əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108, 263-264, 266-268, 284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar