Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6651/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Səbail RPİ-nin 9-cu PB-nin xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
2. Həmin qərara əsasən xx.xx.2025-ci il tarixdə 11:43-də ünvan 1 ünvanında yaşayan İddiaçı DİN-in 102 xidmətinə və ərizə ilə Səbail RPİ-nin 9-cu PB-nə müraciət edərək keçmiş polis işçisi Elmar adlı şəxsin onun 1000 ABŞ Dolları pulunu ələ keçirildiyini bildirmişdir. İddiaçı izahat verərək 2022-ci ilin iyul ayında sabiq polis əməkdaşı Elmar adlı şəxsə şikayətinə baxılması üçün 1000 ABŞ dolları pulu Səbail RPİ-nin 9-cu PB-də təhqiqatçı işləyən zaman verdiyini, 3-4 aya şikayətini həll edəcəyini bildirsə də, vədinə əməl etmədiyini qeyd etmişdir. Hadisəni törətmiş şəxsin yerinin müəyyən edilməsi məqsədilə müvafiq tapşırıq göndərilmişdir. Lakin araşdırma müddəti ərzində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Eyni məzmunlu müraciət əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin bağlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, İddiaçı xx.xx.2022-ci ildə əvvəllər 39-cu polis bölməsindən tanıdığı və daha sonra 9-cu polis bölməsində işləyən təhqiqatçı Cavabdeh adlı şəxsə iki dəfəyə hissəli şəkildə ümumilikdə 1000 Abş dolları məbləğində nağd şəkildə abş dolları valyutasında pul vermiş, ona görə ki, o bu pulun qarşılığında onun işini həll etməyə söz vermişdir və buna inandırmışdır, nəticədə etibarından sui istifadə edərək ona qarşı dələduzluq edərək onu aldatmışdır. Dəfələrlə onunla əlaqə saxlamağına baxmayaraq etdiyi əməldən boyun qaçırmaqla yanaşı sonda nəticə etibarı ilə istifadəsində olan və onun bildiyi mobil telefon nömrələrini dəyişmişdir və onunla əlaqə kəsilmişdir. Təəssüf ki, hələdə verdiyi pulu Elmardan geri ala bilmir. Hazırda həbsdə olan və qardaşının instagram sosial şəbəkisi ilə tapdığı və tanış olduğu kripto valyuta fırıldaqçısı Bayramov Rəşid adlı şəxs ailəsini aldadaraq qardaşı vasitəsi ilə ailəsinə məxsus olan ümumilikdə 4022 abş dolları məbləğində pul vəsaitini yalan vədlər ilə mənimsəmişdir. Bayramov Rəşid mənimsədiyi pulun qarşılığında yalan vəd verərək guya ki, pulu aldığı müddətdən etibarən öz kripto valyuta hesabına yatırım edərək bizim pulumuzu 6 ayın sonun da 11000 abş dolları edib qaytaracaqdı, bu yalan vədi verməklə ailəsini buna inandırmışdır və məlum olduğu kimi şəbəkə fırıldaqçılığı ilə çox vətəndaşlara ziyan vurmuşdur və zərərçəkən vətəndaşların çoxsaylı şikayətləri əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs edilmişdir. Məsələ burasındadır ki, Bayramov Rəşid həbs edilməmişdən əvvəl hələ azadlıqda olanda tanış olan əvvəllər 39-cu polis bölməsində işləyən və etibar etdiyi Cavabdeh ilə telefonda Whatsapp zəngi ilə özüm əlaqə saxladı və qısa olaraq ailəsinə qarşı baş vermiş dələduzluq əməli barədə məsləhətə ehtiyac duyduğumu bildirdi və o, razılaşaraq məsləhət almağı üçün dedi ki, artıq 9-cu polis bölməsində işləyir yaxınlaşsın bura. Yaranmış mövcud vəziyyət ilə bağlı məsləhət üçün Elmar ilə 9-cu bölməsində öz iş otağı olan 13-cü kabinetdə söhbət etdi. Ətraflı yaranmış vəziyyəti ona izah etdi və çox insanlara dələduzluq edildiyini bildirdi və dedi ki, istəyir pulu hamıdan əvvəl qaytarılsın çünki 4022$ az məbləğ deyil. Məsələni Elmara izah etdikdən sonra o, bildirdi ki yaranmış məlum məsələyə görə bu işi tezləşdirərək 4022$ pulunun hər kəsdən əvvəl qaytarılmasına şərait yaradacaq və buna tam səlahiyyəti var və izah etdi ki, Bayramov Rəşidin ölkədən çıxışına STOP qoydurub onu cinayət məsuliyyətinə cəlb edəcək, ancaq bu işi görmək üçün ilk olaraq 600 dollar məbləğində pul istədi, əlavə etdi ki, prokurorluq orqanlarında tanışı var onun ilə məsələni həll edəcək, inanaraq razılığı bildirdi və sabah ona bu pulu verəcəyi dedi. Sabahı günü ilk olaraq 600 abş dolları məbləğində pulu 13-cü kabinetdə Elmara verdi, yenidən bildirdi ki, heç narahat olma elə bil ki, sənin pulun özündədir hətta iş alınmasa belə o pulu qaytaracaq. Üzərindən 2-3 gün keçdikdən sonra Whatsapp zəngi vasitəsi ilə özü anidən zəng etdi və zəng söhbəti əsnasında bildirdi ki, prokuratura ilə danışdı amma onlar bu işi görmək üçün əlavə 400 abş dolları da istəyirlər əlavə olaraq bildirdi ki, pulu elə dollar valyutasında gətir, həmən günü əlavə olaraq 400 abş dolları pulu yenidən 13-cü kabinetə yaxınlaşaraq xx.xx.2022-ci il tarixdə son olaraq Elmara verdi, və ümümilikdə 1000 abş dolları məbləğində vəsaiti Elmara etibar edərək ona təslim etdi. Bundan sonra Elmar öyrətdi ki, işin işlədiyi 9-cu polis bölməsinin ərazisinə düşməyi üçün sən 102 polis xidmətinə zəng et və de ki, intihar hadisəsi törədəcək, və hadisəni ya Bulvar ərazisi yaxud da Prezident Administrasiyasının qarşısında benzin tökərək alışdırıb intihar edəcək. Artıq Elmara ümumilikdə 1000 abş dolları pul vermişdi deyə 102-yə zəng edərək Elmarın öyrətdiyi kimi 102 xidmətinə dedi və məlumat verdi, 102 xidməti dərhal müraciəti qeydə aldı və işi 9-cu polis bölməsinə yönəltdi. Sabahı günü yenidən Elmarın kabinetinə yaxınlaşaraq orada onun əvvəlcədən öyrətdiyi kimi izahat yazdı və izahatda 102 xidmətinə etdiyi zəngin təfərüfatı barədə izah edərək, yazdı. Beləliklə Elmar dedi ki, artıq sənin işini Prokurorluq orqanlarına oradakı tanışına sənədli şəkildə yönəldə biləcək və beləliklə tam əmin etdi və inandırdı ki, 4022$ abş dolları pulun yaxın aylar ərzində Elmar tərəfindən geri qaytarılacaq amma konkret tarix demədi və bildirmədi ki, işi hansı prokurorluq orqanı araşdıracaq. Bir müddət gözlədikdən sonra ara sıra whatsapp vasitəsi ilə Elmar ilə əlaqə saxlayırdı. Daha sonra şübhələnməyə başladı və son olaraq Elmar ilə 2023-cü ilin sentyabr ayında Bulvar ərazisində yerləşən Dəniz Mail ticarət mərkəzinin arxa həyət tərəfində (Bravo marketin qarşısında) görüşdü. Elmara açıq aydın dedi ki, bu iş uzanır ona görə də pulu geri qaytarsın, o isə, öz növbəsində bildirdi ki, 1000 abş dolları məbləğindəki vəsaitini qaytara bilməyəcək çünki pulu prokurorluq orqanına verib artıq pul məndə deyil. Hətta yalandan onu da söylədi ki, işi Baş Cinayətkarlıqla Mübarizə idarəsinə də yönəldiblər orada araşdırılır. Düzü daha inanmadı Elmara və artıq polis orqanlarına şikayət etməli olduğunu düşündü. Əgər işi Baş Cinayətkarlıqla Mübarizə idarəsinə birləşdiriblərsə və ya yönəldiblərsə nəyə görə bu illər ərzində oradan hər hansısa bir rəsmi bildiriş, məktub və ya hər hansısa bir məhkəmədə iştirak barəsində məlumat verilməyib və ya gəlməyib? Bu illər ərzində heç bir məktub və bildiriş almamışdır. Məsələnin üzərindən xeyli vaxt keçdiyindən və Elmarın uzaq durmasından və pulu geri qaytarmaq üçün heç bir addım atmaması bunu tam şəffaf olaraq nümayiş etdirir ki, açıq şəkildə dələduzluq edib. Tam olaraq mövcud vəziyyətin gedişatına uyğun olaraq belə qənaətə gəlir ki, onu səbəbsiz və yersiz yerə aldadaraq ona 1000 abş dolları məbləğində zərər vurmuş və vəsaiti qanunsuz olaraq mənimsəyib öz cibinə qoymuşdur. Nəticə etibarı ilə Azərbaycan Polisinə yaraşmayan yalançı hərəkət etmişdir çox təəssüf. Bunu o qeyri insani hərəkət adlandırır çünki ən azından Elmar başa düşməli idi ki, vəsaiti mənimsəyərək qarşı tərəfə təkcə maddi deyil həm də mənəvi zərər vurur.
b) iddiaya etiraz
5. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. 102-dən zəng daxil olmuşdu və həmin şəxsi dəvət etmişlər. Başqa bir şəxs onun pulunu ələ keçirib. O da Səbail rayon Prokurorluğuna işi göndərmişdir. İddiaçı dəfələrlə ona zəng edib deyib ki, prokurorluqdan məlumat alsın. Özü orada da, Bakı şəhər Baş Polis İdarəsində də olub. Polis bölməsinə də müraciət edib. Orada olmayanda iddiaçı haqqında nalayiq ifadələr işlədib.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
11. İşdən görünür ki, iddiaçı cavabdehə işinin həll olunması üçün 1000 ABŞ dolları məbləğdə pul verdiyini iddia edir və həmin məbləğin geri qaytarılmasını xahiş edir.
12. Lakin işin bu faktiki halları iş materialları ilə təsdiqini tapmır. Bununla bağlı, hər hansı mötəbər sübut təqdim edilməmiş, bu fakt cavabdeh tərəfindən etiraf edilməmişdir.
13. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi məbləğin cavabdehə verilməsi ilə bağlı sübutetmə yükünü özü daşıyır və bu hal təqdim edilmiş sübutlarla təsdiqini taparsa, həmin məbləğ cavabdehdən tutula bilər.
14. İddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad edilən sübutlar: Səbail RPİnin 9-cu PB-nin xx.xx.2025-ci il tarixli qərarı və iddiaçının “Whatsapp” platforması üzərindən cavabdehə yazdığı mesajlardan çıxarışlardır. Bu sübutların heç biri ayrıayrılıqda, nə də məcmu formada qiymətləndirildikdə iddiaçı tərəfindən cavabdehə pul verildiyini təsdiq etmir.
15. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
17. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
18. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
20. Odur ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməlidir.
21. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində də iddia tələbi əsaslı deyil.
22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə