Məhkəmə qərarları › İş №2(004)-6710/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6710/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6710/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və kredit müqaviləsinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Yelobank ASC-nin xeyrinə 09.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3587,87 manat əsas, 9,8 manat faiz, və 0,74 manat cərimə pulu olmaqla, ümimilikdə 3598,41 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 09.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2 Yelobank ASC-nin xeyrinə 3001,33 manat əsas, 15,77 manat faiz, və 12,9 manat cərimə pulu olmaqla, cəmi 3030 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və tərəflər narasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 16.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında borcundan ödəniş etdiyini və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019-cu il tarixli, 2-MZ-2-0-785-13 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 5 il müddətinə, 1 il güzəşt müddəti tətbiq edilməklə, illik 1% olmaqla 3929,07 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.12.2019-cu il tarixli, ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilk 12 ay güzəşt tətbiq edilməklə, sonuncu ay 09.12.2024-cü il tarixdə 83,44 manat, hər ay 83,54 manat olmaqla, cəmi 4049,06 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavadov Cavabdeh2 arasında bağlanmış 09.12.2019-cu il tarixli, 2-MZ-2-0-785-13 saylı Zaminlik müqailəsinə əsasən müəyyən olunur ki, müqavilənin predmeti 09.12.2019-cu il tarixli, 2-MZ-2-0-785-13 saylı Kredit müqaviləsi və Problemli kreditlərin restruktuzasiyası ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hisə-hissə icra etməsi üçün məsuliyyəti zaminin üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş öhdəlik 3929,07 manat təşkil edən kredit məbləğidir. Kreditin qaytarılma müdəti 60 aydır. İş materiallarında olan 29.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin banka 09.12.2019-cu il tarixli müqavilə üzrə 3001,33 manat əsas, 15,77 manat faiz, və 12,9 manat cərimə borcu olmaqla, cəmi 3030 manat borcu vardır. İş materiallarında olan 15.09.2021-ci il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3001,33 manat əsas, 15,77 manat faiz, və 12,9 manat cərimə pulu olmaqla, cəmi 3030 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq Yelo Bank ASC-yə ödənilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 09.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın və zaminlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, tələb olunan borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 09.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3001,33 manat əsas, 15,77 manat faiz, və 12,9 manat cərimə pulu olmaqla, cəmi 3030 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Yelobank ASC-yə ödənilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 09.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar