Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6717/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 30.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 tərəflərin barışıq sazişi imzaladığını bildirir və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahat verərək barışıq sazışinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş 06.12.2021-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı ASC ilə Cavabdeh qanuni nümayəndəsi Nümayəndə1 arasında barışıq sazişi bağlanmışdır. Sazişin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir :
1. Borclu Cavabdeh “Yelo Bank" ASC-yə 16 may 2020-ci il tarixli kredit razılaşması üzrə 9544,97 manat əsas, 58,27 manat faiz borcu, 250,55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9853,79 manat məbləğində borcunun olmasını qəbul edir. Borclu sistem üzrə olan borc məbləğindən 2000 manatı 18.10.2021-ci il tarixdə, 210 manatı 25.10.2021ci il tarixdə və 210 manatı 25.11.2021-ci il tarixdə ödəmişdir.
2. Borclu 7500 manat məbləğində qalıq borc vəsaitini (7454,94 manat əsas borc, 63,55 manat faiz borcu) sazişdə qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür.
3. Borclular sazişin 2-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi və 30 manat məhkəmə rüsumu ödənildikdən sonra qalan faiz və cərimə məbləğlərini güzəşt etməyi, borcun olmamağı haqqında arayış və müvafiq icra orqanına xitam məktubunun təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür
4. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin.
5. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
9. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. 10.Bu barışıq sazişi 3 (üç) nüsxədə Bakı şəhərində, 06.12.2021-ci il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün ərzində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Axundova