Məhkəmə qərarları › İş №2(004)-675/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-675/2025

15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-675/2025 15.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 və maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 və maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 28-ci binanın 9 saylı mənzilinə su sızması nəticəsində ona dəymiş maddi zərərə görə 2524 manatı, əvvəlki iddia tələbinə görə dövlət rüsumu üçün ödədiyi 150 manatı, ekspertiza xərci üçün ödədiyi 107 manatı, hazırki iddia tələbində vəkilə ödədiyi 220 manatı və dövlət rüsumu üçün ödədiyi 45 manatı, ümumilikdə 3046 manatı cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 28-ci binanın 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzildə yaşayır. Həmin mənzilə (hamama, mətbəxə, dəhlizə və otaqlara) 26 ilə yaxındır ki, 4-cü mərtəbədən mütəmadi olaraq su axır və nəticədə mənzili yaşamaq üçün yararsız vəziyyətə düşüb, ona maddi və mənəvi zərər dəyibdir. Belə ki, su axması nəticəsində mənzilin divarları, tavanı, döşəməsi yararsız hala düşüb, mənzildə olan mebellər, yorğan-döşəklər, geyimlər, mətbəxdəki qab-qabaclar, müəllim kimi işlədiyi universitetə aid sənədləri, noutbuku və sair əşyalarını yararsız hala düşdüyündən atılmışdır. Həmçinin, mənzilində illər boyu davam edən bu prosesdən revmatizm xəstəliyinə tutulmuş, əsəbləri pozulib, müəllim peşəsi ilə bağlı görəcəyi akademik işlərindən geri qalmışdır. Bununla bağlı binanın 4-cü mərtəbəsində yerləşən 12 saylı mənzildə yaşayan Ağdam köçkünü Maraqlı şəxs2 hər dəfə xəbərdarlıq edəndən sonra suyun axması dayansa da, bir müddət sonra su yenidən axmağa başlamışdır. Məhz aramsız su axıntısı səbəbindən o, öz mənzilində əsaslı təmir işləri apara bilməmişdir. Nəhayət, böyük bir ümidlə 05 aprel 2023-cü ildə “Mənzilinə su axması nəticəsində əmlakına və ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair” 17000 manat maddi, 3000 manat mənəvi zərərə görə, ümumilikdə, 20000 manat dəyərində iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(004)-2314/2023 saylı qətnaməsi ilə, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunu əsaslı sübut kimi qəbul edərək onun iddiasını rədd etmişdir. Həmin məktubda qeyd olunur ki, "xxxx" ASC-nin balansındakı bina sakinlərinin ümumi istifadəsindəki, binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı aşkar edilmişdir. Dikdayaqda baş vermiş su axıntısı hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlməmişdir. Göründüyü kimi, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Sudan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cii il tarixli 262 nömrəli qərarının müddəalarına istinad etsək Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2314/2023 saylı qətnaməsinin qəbul edilməsində əsas sübut rolunu oynayan "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda hazırki cavabdeh öz təqsirini qeyd-şərtsiz etiraf edir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2314/2023 saylı qətnaməsində istinad olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3859 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2524 manat məbləğində müəyyən edilib. Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(004)-2314/2023 saylı qətnamənin əsaslandırıcı hissəsində belə bir nəticəyə gəlir: Göründüyü kimi, iddiaçının mənzilinə su axıdılmasının səbəbi suyun cavabdehə məxsus mənzildən deyil, "xxxx" ASC-in balansındakı bina sakinlərinin ümumi istifadəsindəki binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı olmuşdur. Həmçinin, dikdayaqda baş vermiş su çıxıntısının hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlməmişdir. Tərəflərə məxsus bina isə "xxxx" ASC-nin balansındadır. Balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək isə STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifəsidir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, o, üzürlü səbəbdən Yasamal Rayon Məhkəməsinin yekun iclasında iştirak edə bilməmiş və xx.xx.2023-cü il tarixli, 2(004)- 2314/2023 saylı qətnaməni də xx.xx.2024-cü ildə rəsmi olaraq almışdır. Həmin qətnamədən narazı qalsa da, müəyyən səbəbdən apellyasiya şikayəti verməmişdir. Hazırda yeni iddia tələbi ilə məhkəməyə müraciət edir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2314/2023 saylı qətnaməsi qanuni qüvvəsini alıb və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamədən aydın olur ki, onun mənzilinə su sızmasının əsas günahkarı 26 ilə yaxındır ki, "xxxx" ASC-dir və məhkəmə də belə bir qənaətə gəlmişdir. Hərçənd ki, ona dəymiş maddi və mənəvi zərər daha çoxdur, lakin hazırki vəziyyətdə o, ekspertin müəyyən etdiyi 2524 manatla kifayətlənir və əlavə olaraq 05 aprel 2023-cü ildə “mənzilinə su axması nəticəsində əmlakına və ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair” 20000 manatlıq iddia tələbinə görə dövlət rüsumu üçün ödədiyi 150 manatı, ekspertiza xərci üçün ödədiyi 107 manatı, hazırki iddia tələbində vəkilə ödədiyi 220 manatı və dövlət rüsumu üçün ödədiyi 45 manatı, ümumilikdə 3046 manatı cavabdeh "xxxx" ASC-dən tələb edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 28-ci binanın 9 saylı mənzilinə su sızması nəticəsində ona dəymiş maddi zərərə görə 2524 manatı, əvvəlki iddia tələbinə görə dövlət rüsumu üçün ödədiyi 150 manatı, ekspertiza xərci üçün ödədiyi 107 manatı, hazırki iddia tələbində vəkilə ödədiyi 220 manatı və dövlət rüsumu üçün ödədiyi 45 manatı, ümumilikdə 3046 manatı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mövcud məhkəmə qətnaməsinə əsasən pul məhz cavabdeh qurumdan tutulmalıdır. Çünki binada yerləşən dikdayağın nasazlığına görə cavabdeh qurum məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təmsil etdiyi qurum tərəfindən nümayəndələr həmin binaya baxış keçirmiş, lakin hər hansı nasazlıq aşkar edilməmişdir. Bina sakinləri vaxtında su idarəsinə müraciət etsəydilər, həmin dikdayaq o hala düşməz və su sızma baş verməzdi. Hesab edir ki, dikdayağın o hala gəlib çıxması bina sakinlərinin əməllərinin nəticəsində baş vermişdir. Yeni binalarda dikdayaqlar pilləkən qəfəsindədir, köhnə binalarda isə mənzillərə daxil olmağa şərait yardılmadığından dikdayaqlar pilləkən qəfəsinə çıxarılmağa başlanılmışdır. Onda olan məlumata əsasən dikdayaq çölə çıxarılandan sonra da mənzilə suaxıntıları baş vermişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ünvan 2 ünvanlanmış 08 iyun 2023-cü il tarixli məktubuna əsasən ünvan 3 ünvanında su xəttində qəza ilə bağlı Yasamal rayonu Sukanal İdarəsinə müraciət edilmişdir. "xxxx" ASC-nin balansındakı bina sakinlərinin ümumi istifadəsindəki, binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı aşkar edilmişdir. Dikdayaqda baş vermiş su axıntısı hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3859 saylı, 09 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətti (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementi üzərində su sızma halları müşahidə olunmamışdır. Lakin Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal Rayon Su Kanal İdarəsinin xx.xx.2023-cü tarixli, 13-16-5-4/2-02/xx-xx/2023 saylı məktubun məlumatlarına əsasən 9 saylı mənzilə su sızmasının texniki səbəbi "xxxx" ASC-nin balansında olan bina sakinlərin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayağında əmələ gələn nasazlıqdır. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilmişdir. 12 saylı mənzil 9 saylı mənzilin üzərində yerləşdiyini nəzərə alaraq 12 saylı mənzildən 9 saylı mənzilə suyun sızması baş verə bilər. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2524,0 manat məbləğində müəyyən edilir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdeh Maraqlı şəxs1 qarşı (Maraqlı şəxs2 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 21 VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTR VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi qət edilmişdir. - "xxxx" ASC-nin OD1 saylı, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı Məhkəmə Ekspertizası Mərkəzinin hesabına 100 manat məbləğində pul köçürtmüşdür. - xx.xx.2024-cü il tarixli, 18111 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hüquqi xidmətə görə 13 saylı vəkil bürosunun hesabına 220 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 46 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 28-ci binanın 9 saylı mənzilinə "xxxx" ASC-nin balansındakı bina sakinlərinin ümumi istifadəsindəki, binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda suyun axıntısı müəyyən edilmişdir. Cavabdeh qurum iddiaçının mənzilinə maddi ziyan vurmuşdur. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin məbləğinə dair məhkəmə qeyd edir ki, bu məsələ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2314/2023 saylı iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspetizasının rəyinə uygun olaraq müəyyən edilməli və rəydə göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertizaya əsasən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2524,0 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunmuşdur ki, iddiaçının mənzilinə su axıdılmasının səbəbi suyun cavabdehə məxsus mənzildən sızması deyil, "xxxx" ASC-in balansındakı bina sakinlərinin ümumi istifadəsindəki binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı olmuşdur. Həmçinin dikdayaqda baş vermiş su axıntısının hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlməmişdir. Tərəflərə məxsus bina isə "xxxx" ASC-nin balansındadır. Balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək isə STKM-in vəzifəsidir. “Sudan istifadə qaydaları”nın 2.1-ci və 2.1.1-ci bəndlərinə əsasən, balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək STKM-in vəzifəsidir. “Sudan istifadə qaydaları”nın 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. “Sudan istifadə qaydaları”nın 6.3-cü bəndinə əsasən, yaşayış binalarının mənzillərində yerləşən su dayaqlarının və suölçən cihazların pilləkən qəfəslərində STKM tərəfindən quraşdırılması ilə daxili su təchizatı sistemlərinin yenidən qurulması işləri icra olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 2524 (iki min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “iddia tələbində vəkilə ödədiyi 220 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində hesab edir ki, 1195 saylı müqavilə üzrə hüquqi xidmətə görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə xx.xx.2024-cü il tarixli ödəniş qəbzi iş materiallarında olduğundan, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 220 (iki yüz iyirmi) manat cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “əvvəlki iddia tələbinə görə dövlət rüsumu üçün ödədiyi 150 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, hal-hazırki iş üzrə iddiaçının sübut kimi təqdim etdiyi və onun tərəfindən ödənilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın əvəzi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tutularaq İddiaçı ödənilməlidir. Bu hissədə iddiaçı 107 manat tələb etə də, işmateriallarındakı ödəniş qəbzində 100 manat ödənişin edildiyi müəyyn edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 2524 (iki min beş yüz iyirmi dörd) manat, hüquqi xidmətə görə ödənilmiş 220 (iki yüz iyirmi) manat, ekspertiza xərcinə görə 100 (yüz) manat, cəmi 2844 (iki min səkkiz yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 45 (qırx beş) manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar