Məhkəmə qərarları › İş №2(004)-6771/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6771/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6771/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Gözəlov Adı̇ l Alxas oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Gözəlov Adı̇ l Alxas oğlu cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MG “Music Gallery" şirkətindən 356 manat pulun, 550 manat mənəvi ziyan, 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh "xxxx" MMC şirkətindən 359.00 manat pulun, 550 manat mənəvi ziyan, 30 manat dövlət rüsumu, cəmi 939.00 manat tutulara ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31.07.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin "MG MUSİC GALLERY" məişət texnikalarının satış mağazasından dəyəri 169 manat olan elektrik ət çəkən maşını dəyərini nəğd ödəməklə almışdır. Aldığı həmin məişət texnikası qüsurlu olduğu üçün 03.08.2021-ci il tarixdə ətçəkən maşını satış mağazasına geri qaytarmışdır. Əvəzində yeni və dəyəri daha yüksək 359.90 manat olan başqa bir məişət texnikası yəni yeni model olan "BOSCH" markalı ət çəkən maşın təklif etmişdirlər. Aldığı məişət texnikasına satıcı tərəfindən uyğunluq sertifikatı onlara təqdim edilməmişdir. Uyğunluq Sertfikatını başqa vaxt gəlib götürmələri bildirilmişdir. Lakin, hal-hazır ki, vaxta qədər məişət texnikasının uyğunluq sertifikatıonlara təqdim edilməmişdir. Məhkəmənin hazırlıq iclasına cavabdehin təqdim etdiyi uyğunluq sertifikatı Azərbaycan Respublikası Milli Setifikatlaşdırma Sistemi tərəfindən "xxxx" MMC-nin məişət texnikası avadanlıqlarına verilmiş sertifikatdır. Məhkəmədə təqdim edilən uyğunluq sertifikatı onlara satılan məişət texnikası ilə uyğunluq təşkil etmir.Məhkəməyə təqdim edilmiş həmin sertifikatla alınan məhsula heç bir uyğunluq təşkil etmir. Beləki, təqdim edilmiş sertifikatda məişət texnikasını istehsal edən Türkiyə Respublikası göstərildiyi halda "xxxx" MMC-nin A.Şərifzadə küçəsində fəaliyyət göstərən "MUSİC GALLERY" mağazasından aldığı BOSCH markalı məişət texnikasını (Ət çəkən maşın) istehsal edən edən ölkə, (yarlıkda) ÇİN Xalq Respublikası göstərilir. Göründüyü kimi satılmış olan BOSCH markalı, MFW68640 kodlu məişət texnikası qüsurludur heç bir uyğunluq Sertfikatı ona təqdim edilməmişdir. Bildirir ki, xaricdə istehsal olunmuş malın keyfiyyət şəhadətnaməsi alıcıya təqdim edilməlidir. Lakin, satılmış malın heç-bir kefiyyət şəhadətnaməsi olmamışdır. Uyğunluq sertifikatı kefiyyət şəhadətnaməsi əsasında verilir. Bundan başqa "xxxx" MMC-nin MG MUSİC QALLERY A. Şərifzadə küçəsində yerləşən mağazasında onlara satılmış olan məişət texnikası (ət çəkən) verilən MG İNS003222 saylı zəmanət talonunda və ona əlavə edilmiş qayimə qəbzilərində də göstərilir ki, BOSCH markalı (MFV68640 kod.) məişət texnikası 03.08.2021-ci ildə satılıb. Lakin, satılan məhsulun qüsurlu olması barədə mağazaya məlumat 15-ci gün verilmişdir.Bildirirki, "xxxx" MMC-nin "MUSİC GALLERY” mağazası tərəfindən ona satılan məişət əşyası qüsurlu olmuş, lakin mağaza sahibi satmış olduğu malın qüsurlu olduğunu bilsə də malı geri qaytarmaqdan imtina etmişdir. Tərəfindən alınmış mala ödənilmiş məbləği geri qaytarmaqdan imtina etmişlər. Nəticədə ona ziyan dəymişdir. Belə ki, onlara satılan qüsurlu məişət əşyasından lazımı qaydada istifadə edə bilmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o cihazı 3 avqust 2021-ci il tarixdə almış, 24 avqust 2021-ci il tarixdə cihazın qüsurlu olduğunu bilmiş və telefonla zəng edərək məlumat vermişdir. Həmin vaxtı ona cihazı servisə aparması bildirilmişdir. O, isə 25 avqust 2021-ci il tarixdə məhsulu mağazaya gətirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut etməmişdir. İddiaçı cavabdehə həqiqətən də 25 avqust 2021-ci il tarixdə müraciət edib və onlar həmin tarixdən iddiaçının şəxsən özünə dəfələrlə telofon vasitəsilə avadanlığı servisə gətirməsini və onun iştirakı ilə avadanlığını yoxlanılmalı olduğunu bildirmişlər. Həqiqətdən də avadanlıqda qüsur vardırsa, cavabdeh tərəf onu yeni avadanlıqla dəyişməyə və ya təmir etməyə razıdır. Lakin, iddiaçı əşyanı sevisə gətirməkdən qəti olaraq imtina edir. İddiaçının izahatı ilə də təsdiq edilir ki, o müddəti ötürməklə mağazaya yaxınlaşıb. Bundan başqa iddiaçı məhsulu təqdim etmir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş və həmin orqana da cavab verilmişdir. Hesab edir ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan pretenziya məktubunun məzmunundan görünür ki, İddiaçı MG Music Gallery MMC-nin rəhbərliyinə müraciət edərək ona satılmış qüsrlu malın geri qaytarılması və həmin mala ödənilmiş 359.90 manat pulun geri qatarılmasını xahiş etmişdir. İş materiallarında olan 24.08.2021-ci il tarixli şikayət ərizəsinin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Xidmətinə müraciət edərək Music Gallery MMC-dən ona satılan BOSCH markalı ət çəkən maşının qüsurlu olduğunu, istehlakçı hüquqlarının pozulduğunu və müdafiəsi üçün köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 03.08.2021-ci il tarixli ticarət qaiməsinin surətindən görünür ki, Bosch MFW68640 markalı ətçəkən maşın üçün 359.90 manat ödəniş olunmuşdur. İş materiallarında olan MG İNS003222 nömrəli zəmanət talonunun surətindən görünür ki, BOSCH MFW68640 markalı ət çəkən maşın üçün zəmanət talonu verilmişdir. İş materiallarında olan 16.05.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış AZ 031 13.02.01401.21 nömrəli uyğunluq sertifikatının surətindən görünür ki, “BOSCH” ticarət markalı mətbəx üçün məişət avadanlıqları EN 60335-1, EN 60335-2 normativ sənədin tələblərinə uyğundur. İş materiallarında olan Stentor MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış məktubun surətindən görünür ki, iddiaçının şikayəti ilə bağlı araşdırma aparıldığı barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş internet vasitəsilə əldə edilmiş fotoşəklin surətindən görünür ki, Bosch MFW68640 markalı ətçəkən maşın Çində istehsal olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı "xxxx" MMC-nin "MUSİC GALLERY” mağazasından 3 avqust 2021-ci il tarixdə 359.90 manata BOSCH MFW68640 markalı ət çəkən maşın almışdır. İddiaçının izahatı ilə müəyyən olundu ki, o, 24 avqust 2021-ci il tarixdə cihazın qüsurlu olduğunu bilmiş və telefonla zəng edərək məlumat vermiş, həmin vaxtı ona cihazı servisə aparması bildirilmişdir. O, isə 25 avqust 2021-ci il tarixdə məhsulu mağazaya gətirmişdir. Göründüyü kimi iddiaçı aldığı malı geri qaytarmaq üçün onu aldıqdan 22 gün sonra mağazaya yaxınlaşmışdır. Cavabdeh tərəfindən ona qüsurlu malı servisə aparması, servisdə məhsul yoxlanılarkən aldığı məhsulda qüsur aşkar olunduqda şikayətinə baxılacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı özü etiraf edərək bildirmişdir ki, o aldığı malı servisə aparmaqdan imtina etmişdir. Bununla da aldığı məhsulda hər hansı bir qüsurun olmasını sübuta yetirə bilməmişdir. İddiaçı məhsulu alarkən ona uyğunluq sertifikatının verilmədiyini mübahisələndirsə də məhsulu alarkən sertifikatı əldə edə bilməməsinin onun iradəsi ziddinə olmasını və ya tələbinə baxmayaraq təqdim edilməməsini göstərən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı bir istehlakçı kimi uyğunluq sertifikatı ona təqdim edilmədiyi halda malı almaqdan imtina edə bilərdi. Məhkəmə müəyyən etdi ki, iddia tələbi “550 manat mənəvi zərərin ödənilməsi” hissəsində rədd olunmalıdır. Belə ki, iş materiallarına bu halla bağlı hər hansı bir sübut, sənəd təqdim olunmamışdır. Həmçinin, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsinə dair tələb də əsassız olduğundan təmin edilməməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəyə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Göründüyü kimi iddiaçı 14 gün müddətini ötürməklə cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC - dən 359 manat pulun, mənəvi ziyana görə 550 manat, 30 manat dövlət rüsumu, cəmi 939 manatın tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-dən 359 manat pulun, mənəvi ziyana görə 550 manat, 30 manat dövlət rüsumu, cəmi 939 manatın tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar