Məhkəmə qərarları › İş №2(004)-679/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-679/2023

27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-679/2023 27.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6574/2015 saylı, 14 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, övladlarının hər ikisi də onun himayəsində saxlanılmışlar. Cavabdeh alimenti ödəsə də, uşaqlarına aliment yetmir və o, çətinliklədə olsa uşaqlarını saxlayır. X7 yetkinlik yaşına çatdığından, aliment yalnız X6 hələ ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq, alimentin miqdarını artıraraq alimentin 220 manat məbləğə çatdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 may 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh olan Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasında ona əsaslanmışdır ki, cavabdeh alimenti ödəsə də, ödənilən aliment onun uşağı saxlamasına yetmir. İddiaçı hesab edir ki, aliment artırılaraq ödənilməli məbləğ 220 (iki yüz iyirmi) manat olmalıdır. Aşağıda göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddia ərizəsi tam əsassızdır və rədd edilməlidir. İddiaçı 2019-cu ildə “alimentin artırılması tələbi”nə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir və Yasamal Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq iddianı təmin etmiş və ondan 160 manat iddiaçının xeyrinə alimentin tutulması barədə qətnamə çıxarmışdır. O, isə Yasamal Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(004)-3293/19 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayəti təmin edilərək qətnamə ləğv edildi və iddia təmin edilmədi. Həmin dövrdə o, 136 manat aliment ödəyirdi və ödənişi güçlə çatdırırdı. Lakin sonradan iddiaçı onun xəbəri olmadan yenidən alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş və alimentin miqdarı artırılaraq 160 manat olmuşdur. O, məhkəmə qərarından xəbərdar olub şikayət vermək isdəyən zaman bildirdilər ki, şikayət müddətini ötürmüşdür. Beləliklə də, o, məcbur olaraq borc xərc anasının pensiyasından, birazda işləyərək hər ay ödənişləri etmiş və hazırda da edir. Eyni zamanda da bildirmişdir ki, hazırda iddiaçı X8 26 may 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi tələbi üzrə iddiası təmin edilə bilməz. Çünki qanunvericilik alimentin miqdarının müəyyən edilməsi və artırılması zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir ki, bunlardan biridə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası AM-nin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 26 may 2006-cı il təvəllüdlü X6 görə ödədiyi 160 manat alimenti çətinliklə ödəyir. Bundan əlavə, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə hilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarım da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırda isə onun maddi vəziyyətində yaxşılığa doğru artım baş verməmiş, əksinə, qoca anasına baxaraq onu güclə saxlayır. Onun müalicəsinə, dərmanlarına gündəlik təlabatlarına çəkilən xərclərin artırılması baş vermişdir. Hətta bundan başqa özü də heç bir yerdə işləmir. X9 qeydiyyatdadır, xəstədir və həkimlərin rəyinə əsasəndə ağır işlər görməyi məqsədəuyğun hesab edilmir. Həm ürəyində stend qoyulmuş, həmdə ki, belində qrija vardır. Məcburi köçkündür və 70 yaşlı qrup əlil olan məcburi köçkün olan anası X2 tələbatlarını ödəyir. Eyni zamanda da rəsmi nikaha daxil olaraq yeni ailə həyatı qurmuşdur ki, xərcləri daha da ağırlaşıb. Halbuki, iddiaçı özü normal şəraitdə yaşayır və işləyir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, yetkinlik yaşına çatmayan uşaq üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeləri, o cümlədən onun psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri birinci gözlənilməlidir. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mubahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (68-ci paraqraf). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iki qızı ilə yaşayır, böyük qızı universitetdə oxuyur, azyşalı isə məktəbdədir, onlar işləyə bilmir. Özləri yataqxana şəraitində, bir otaqlı evdə yaşayırlar. Əslində cavabdeh yaxşı ata olsaydı, aldığı evi verməliydi uşaqlarına özü isə yataqxanada yaşayardı. Halhazırda cavabdeh ailə həyatı qurub və aliment ödəməkdən imtina edir, bildirir ki, həyat yoldaşını müalicə ələtdirir. Hal-hazırda iddiaçı işləmir, arada onu çağıranda gedib ev yığışdırır. Axırıncı dəfə Yasamal Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(004)-3293/19 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq, cavabdehdən azyşalı qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimetin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən etiraf edərək etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, heç bir yerdə işləmir, mağazalardan şəki halvasını götürüb onun satışı ilə məşğuldur, hər gün 5-10 manat civarında gəlir əldə edir və aliment miqdarının 20 manat artırılaraq 180 manat ödəməyə razı olduğunu bildirir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı ona qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsinin qismən təmin olunaraq, aliment miqdarının 180 manat artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6574/2015 saylı, 14 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, X5 ilə Cavabdeh arasında 24 iyul 1998-ci il tarixdə Ağsu rayonu, Növcü kənd İcra nümayəndəliyi tərəfindən bağlanmış nikahın pozulması, xx.xx.1999-cu il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X4 anası X1 yanında saxlanılmaları, Cavabdeh xx.xx.2015-ci il tarixdən hesablanmaqla, xx.xx.1999-cu il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3293/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsinə əsasən kiçik iddiaya dair ərizə təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-600/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikahdan anadan olan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsədə, alimentin artırılması üçün bu əsas ola bilməz. Alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Cavabdehin xəstə olması, 70 yaşlı qrup əlil olan məcburi köçkün anasına baxmasını və yenidən nikaha daxil olmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilərək 220 manat məbləğində müəyyən edilməsi cavabdehin maddi cəhətdən çətin vəziyyətə düşməsinə gətirib çıxara bilər. Eyni zamanda xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulmasına razı olduğu da nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3293/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3293/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar