Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6891/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Bağırova (İsmayılova) Nigar Mehman qızı və Cavabdeh2 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 08.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2113,13 manat əsas, 3810,53 manat faiz, 5498,59 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 304,5 manat faiz borcu olmaqla, cəmi 11726,75 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ASC-nin “Xətai” filialı ilə cavabdeh İsmayılova (Bağırova) Nigar Mehman qızı arasında bağlanmış 18 iyul 2014-cü il tarixli 126783 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 28% dərəcəsi ilə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. İsmayılova (Bağırova) Nigar Mehman qızına kredit verilərkən Cavabdeh2 ilə 18.07.2014-cü il tarixli, ZM-126783 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 26.10.2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilmişdir. Konvertasiya olunmuş kredit 6450 manat müəyyən edilmişdir. Kredit müddəti 26.10.2018-ci il tarixədək uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********62 saylı, 08.09.2021-ci il tarixli və **********62 saylı, 08.09.2021 -ci il tarixli bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, pulu əslində digər Cavabdeh1 yoldaşı Vüsal adlı şəxs götürmüşdür. Vüsalın rəsmi iş yeri olmadığı üçün krediti Nigar xanımın adına götürmüşdür. X1 aralarında mübahisələr olmuş və boşanmışlar. Sonradan ona bankdan məktub gələndən sonra Vüsalla əlaqə saxlamış Vüsal isə ona bildirmişdir ki, onun Nigarda qızılları var və Nigarla razılaşmışlar, borcu Nigar ödəyəcək. Onun isə hazırda digər Cavabdeh1 ilə əlaqəsi yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.07.2014-cü il tarixli, 1224/14 saylı kredit müqaviləsinə əsasən, bank borcalana şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28% ödəmək şərtilə 8900 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.07.2014-cü il tarixli, ZM-1224/14 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 18.07.2014-cü il tarixli, 1224/14 saylı istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.07.2014-cü il tarixli, 1224/14 saylı kredit müqaviləsinə 26.10.2016-cı il tarixli, 1 nömrəli əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 6450 manat təşkil etməsi müəyyən olunmuşdur. Kreditin müddəti müqaviləyə əsasən 26.10.2018-ci il tarixədək təyin edilmişdir. İş materiallarında olan 18.07.2014-cü il tarixli, ZM-1224/14 nömrəli zaminlik müqaviləsinə 26.10.2016-cı il tarixli 1 nömrəli əlavə sazişə əsasən, borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş 20.09.2021-ci il tarixli, **********180 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 26.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.09.2021-ci il tarixədək 2113,13 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 3810,53 manat faiz, 5498,59 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 304,5 manat borc olmaqla, cəmi 11726,75 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas və faiz borclarının tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 304,5 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 50 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, kreditor tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı 26.10.2018-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə zaminin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun Cavabdeh2dan tutulması hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat cavabdeh Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bağırova (İsmayılova) Nigar Mehman qızından 2113,13 manat əsas, 3810,53 manat faiz, 50 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 304,5 manat faiz borcu olmaqla, cəmi 6278,16 (altı min iki yüz yetmiş səkkiz manat on altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bağırova (İsmayılova) Nigar Mehman qızından 2113,13 manat əsas, 3810,53 manat faiz, 50 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 304,5 manat faiz borcu olmaqla, cəmi 6278,16 (altı min iki yüz yetmiş səkkiz manat on altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6891/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6891/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver