Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6991/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış 06.04.2015-ci il tarixli müqaviləyə əsasən Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobilin ona geri qaytarılması və ya ona dəymiş zərər olan 18068 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, o, 6 aprel 2015-ci ildə Cavabdeh MMC-dən lizinq yolu ilə “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı maşını almışdır. Həmin avtomobili arakən ilk ödəniş olaraq 8194 manat, 19 ay müddətinə hər ay 482 manat ödənilməsi müqavilə ilə aralarında razılaşdırılmışdır. Avtomobilin ümumi dəyəri 18068 manat dəyərləndirilmişdir. Həmin avtomobilə görə müqavilə üzrə ödənişlər etdikdən sonra müəyyən problemləri çıxmışdır və uzun sürən istintaq hərəkətlərindən sonra 29 yanvar 2018-ci ildə Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018- ci il tarixli qərarı ilə günahsız olmağı sübut olunaraq, məhkəmə zalından azad olunmuşdur. Bundan sonra 25 avqust 2018-ci il tarixində Cavabdeh MMC-yə gedərək, avtomobilini şirkətin rəhbərliyindən istəmişdir. O zaman avtomobilə ümumilikdə 3900 manat kredit bprcu qalmışdı. Şirkətin rəhbərliyi ona 5 il müddətinə həbs olunduğunu eşitdikləri üçün maşını başqasına satdıqlarını bildirmişdir. O, isə avtomobilin pulunun çox hissəsini ödədiyini və az kreditinin qaldığını bildirmiş və təkidlə avtomobilini tələb etmişdir. Şirkət rəhbərliyi bir neçə saatdan sonra avtomobili gətirərək ona şərtlər qoymuşdur. Ona avtomobilin hər gününə 7 manat cərimə yazıldığını və xərc çəkərək avtomobilə 2397 manat təmir edərək satdıqlarını bildirmişlər. Avtomobilin geri vrilməsi üçün cərimə və həmin təmir xərcini ödəməli olduğu bildirilmişdir. O, çarəsiz qalıb, 25.08.2018-ci ildə 4000 manat şirkətə ödəniş etmiş və ödəniş qəbzini almışdır. Şirkətin rəhbərliyi onunla yenidən 10000 manatlıq kredit müqaviləsi bağlamışdır. Onun həbs qərarının surəti şirkətdə olduğu üçün qanunla cərimə Apellyasiya Məhkəməsinin qərarına qədər dayandırılmalı olsa da, qanuna riayət etmədilər. Avtomobilin açarı onda olduğu halda, özbaşına olaraq avtomobilinin qapısını sındıraraq ailəsini xəbərdar etməmiş satmaq məqsədi ilə guya təmir etmişlər. O, yeni müqavilənin 2 ayını 432 manatdan ödəmişdir ki, 15 avqust 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə ittihamçı prokuror Abbas Abbaslı kassasıya prossesi vermişdir. Ali Məhkəmə prokurorun protestini təmin etmiş, yenidən işi Bakı Apellyasiya Məhkəməsinə təkrar baxışa göndərmiş, 13 sentyabr 2019-cu ildə prokurorun protesti əsasında Bakı Apellyasiya Məhkəməsində həbs olunmuşdur. Onun verdiyi kassasiya şikayəti əsasında, Ali Məhkəmə cəzasını 5 ildən 3 ilə endirmiş və Apellyasiya Məhkəməsinin istintaq dövrü həbsdə qaldığı 6 ay 17 günü də çıxaraq üzərində qismən təqsirli bilərək, 2 il 5 ay 11 gün cəza saxlamışdır. Həmin cəzadan 5 ay 8 gun qalmış müəssisə rəhbərliyi və Ədliyyə Nazirliyinin Penitensiyar xidmətinin rəhbərliyi cəzadan onu azad etmişdir. O həbsdə olarkən Cavabdeh motorun rəhbərliyi cəzanın az qaldığına baxmayaraq, məhkəmə qərarı olmadan ailəsinə bildiriş edilmədən avtomobilini digər şəxsə satmışlar. O, 16 sentyabr 2021-ci il tarixində həbsdən çıxdıqdan sonra şirkətin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 31-də yerləşən ofisinə getmiş, maşının texniki pasportu hal-hazırda onda olduğu halda digər şəxsə satılmasını öyrənmişdir. Ümumi dəyəri 18068 manat müəyyənləşdirilmiş avtomobilin ilk ödəniş olaraq 8194 manat ödəmişdir. 9158 manatı hər ay 482 manat ödəmək şərtilə müqavilə bağlamışdır. Onda olan qəbzlərə əsasən 9874 manat ödəmişdir. Ümumilikdə, müqavilədə göstəriləndən 716 manat artıq pul ödədiyi halda 020A saylı alqı-satqı müqaviləsinin şərtlərini onsuz pozaraq, yenidən bağlanılmış müqaviləyə əməl edilməmiş, avtomobilini bu dəfə geri vermək istəmirlər. 4000 manat cərimə və təmir pulları aradan itir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını, Cavabdeh MMC ilə bağlanmış 06.04.2015ci il tarixli müqaviləyə əsasən “Changes" SC7164B markalı **-RP-*** dövlət qeydiyyat nişanlı maşının ona geri qaytarılması və ya ona dəymiş olan 18068 manat zərərin özünə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 020.A №-li 06.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı 1 ədəd Changan CS-35 markalı, 2013- cü buraxılış ili ağ rəngli ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil satılmışdır. Müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 9158 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəflər ilkin ödənişsiz ümumi məbləği 36 aya bərabər hissələrə bölünməklə hər ay üzrə 482 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü 30.10.2016-ci il tarixi müəyyən edilmişdir. İddiaçının 6 ay üzrə borc yarandığından Cavabdeh MMC Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddiaçının müraciətindən sonra iş baxılmamış saxlanılmışdır. Belə ki, 25.08.2018-ci il tarixdə iddiaçı yeni müqavilə bağlayaraq 24 ay olmaqla 25.08.2020-ci il tarixinədək müqavilənin ümumi qiyməti 13678 manat olmaqla 3310 manat avans ödənildikdən sonra qalan 10368 manatı hər ay 432 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 27.09.2018-ci il tarixdə və 05.12.2018-ci il tarixdə 432 manat ödəniş və məlum səbələrdən qalan ödənişi etməmişdir. İddiaçı ilə bağlanmış müqavilə 25.08.2020-ci il tarixində bitmişdir. İddiaçının düşdüyü vəziyyət fors-major halı deyil. Ona görə də, həmin müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilməmişdir. Müqavilənin 8-ci bəndində avtomaşının qaytarılması qaydası təsbit olunmuşdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06 aprel 2015-ci il tarixli 020.A nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilkin ödənişsiz 19 ay müddətində ayda 482 manat ödəmək şərti ilə 1 (bir) ədəd “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən avtomobilin dəyəri 9158 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilənin 5.2-ci bəndinə uyğun olaraq hər hansı maneə yaratmadan avtomobili yararlı vəziyyətdə iddiaçıya vermiş və bununla üzərinə düşən öhdəliyin yerinə yetirmişdir. Müqavilənin 5.1.2-ci bəndinə əsasən “satıcı”, yəni Cavabdeh MMC “alıcı”-dan yəni iddiaçıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödənilməsini tələb etmək; 5.1.3-cü bəndinə əsasən “alıcı”dan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək; 5.1.4-cü bəndinə əsasən “alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomaşının təhvil alınması, avtomaşının yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin “alıcı”-nın əmlakına yönəldilməsi tələbin irəli sürməkdə haqlıdır. Müqavilənin 6.2.1-ci bəndinə görə “Alıcı” maşının tam dəyərini alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəməlidir. Müqavilənin 6.2.3-cü bəndinə görə “alıcı” alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunu 15 gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomaşını təhvil verilməsi, qarşılıqlı hesablaşmaların həyata keçirilməsi, avtomaşın yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda, avtomaşına vurulmuş zərərin özünün əmlakına yönəldilməsi və avtomaşına görə ödənilmiş pulun “Satıcı” tərəfindən geri qaytarılmaması tələbini eyni zamanda gecikdirdiyi dövrdə yaranmış əsas borcu və faizləri ödəməyi qəbul edir. Müqavilənin 6.2.4-cü yarımbəndinə görə “alıcı” avtomaşının tam dəyərini ödəmədiyi təqdirdə vurulmuş ziyana görə maddi məsuliyyət daşıyır və avtomaşını qeyd şərtsiz satıcıya qaytarmalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, “alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1% həcmində cərimə ödəməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən, “alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə növbəti aylar ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% həcmində cərimə ödəməlidir. Müqavilənin 8.1-ci yarımbəndinə əsasən, bu Müqavilə üzrə “alıcı” öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə gədər ödədiyi heç bir məbləğ qeri qaytarılmır. Müqavilənin 8.2-ci yarımbəndinə əsasən, müqavilə üzrə “alıcı” öhdəliklərini yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri qaytardıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə “satıcı” birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını satmaqda haqlıdır. İddiaçı müqavilə üzrə MMC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüşdür. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 avqust 2018-ci il tarixli 20.B nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilkin ödəniş 3310 manat olmaqla 24 ay müddətində ayda 432 manat ödəmək şərti ilə 1 (bir) ədəd “Changes CS-35” markalı, **- RP-*** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən avtomobilin dəyəri 13678 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilənin 5.2-ci bəndinə uyğun olaraq hər hansı maneə yaratmadan avtomobili yararlı vəziyyətdə iddiaçıya vermiş və bununla üzərinə düşən öhdəliyin yerinə yetirmişdir. İddiaçı müqavilə üzrə MMC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlıvaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüşdür. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı Müqavilənin 5.2-ci bəndinə əsasən avtomaşını cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iddiaçı müqavilə üzrə MMC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin şərtlərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, 06 aprel 2015-ci il tarixli 020.A nömrəli alqı-satqı müqaviləsi saylı müqavilənin 8.1-ci bəndində alıcı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılması, bu müddətə gədər ödədiyi heç bir məbləğin qeri qaytarılmaması nəzərdə tutulmuşdur. Tərəflər müqaviləni imzalamış və müqavilə imzalandığı andan qüvvəyə minmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüş və ödənilmiş məbləğ geri qaytarılmamışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 145 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6991/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6991/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver