Məhkəmə qərarları › İş №2(004)-719/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-719/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-719/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh ev siqnal ötürücüsünün hər birinin dəyəri 108,32 manat olmaqla ümumilikdə 216,64 manat dəyərində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-123/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhəri İddiaçınə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə şöbənin probasiya üzrə icra məmuru E.Kazımov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, iki ədəd ev siqnal ötürücüsü, bir ədəd adaptor məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixdə elektron nəzarət vasitəsi olan elektron qolbağı sındıraraq ayağından çıxarmış, 2 ədəd ev siqnal ötürücüsünü təpiklə sındıraraq yararsız vəziyyətə salmışdır (xx.xx.2020-ci il tarixli texniki rəyə əsasən). Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qəsdən elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmışdır. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən ev siqnal ötürücüsünün hər birinin dəyəri 108,32 manat olmaqla ümumilikdə 216,64 manat təşkil edir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri İddiaçı əsl iddiaçı Bakı şəhər Probasiya İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı Bakı şəhəri İddiaçı əsl iddiaçı Bakı şəhər Probasiya İdarəsi ilə əvəz etmişdir. xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsi tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, onlar məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(004)-123/2019 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzası, 2 gün azadlığın məhdudlaşdırılması cəzası 3 gün islah işləri cəzasına bərabər tutulmaqla, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə, ona qəti cəza 03 il 02 ay (üç il iki ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 ay 22 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il 04 ay 16 gün (iki il dörd ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən imza olunmuş protokoldan görünür ki, məhkuma təhkim olunmuş elektron nəzarət vasitələridir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması, bunun üçün görülməli olan işlər, habelə hər-hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilməklə məhkum Cavabdeh yaddaş kitabçası verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh bu iltizamı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri İddiaçınə vermişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(004)-123/2019 saylı hökmünə əsasən Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitələrini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 21/-3-1717 №-li məktubdan görünür ki, 1 ədəd biometrik məlumatların yoxlanması üçün lisenziyalar 88,26 manat, 1 ədəd ev siqnal ötürücüsü 108,32 manat, 1 ədəd mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1346,03 manat, elektron qolbağlar 637,91 manatdır. İş materiallarında olan Cavabdeh anası X2 Bakı şəhəri İddiaçındə verdiyi izahatdan görünür ki, oğlu ona tətbiq olunmuş elektron nəzarət vasitəsi olan - ev siqnal ötürücüsünü təpiklə vurub sındırmış və zədələmişdir. Oğlu evi dağıdır, televizor, lelefon, qablar, evdə nə varsa dağıdır. Anası onunla bacarmır. Həmçinin ayağındakı qolbağı da oğlu özü açıb. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, məhkum Cavabdeh üzərinə tətbiq olunmuş nəzarət vasitələri - 2 ədəd ev siqnal ötürücüsü zədələnərək sındırılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin təyin olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Protokolla müəyyən edilir ki, cavabdehə tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası məqsədilə ona elektron nəzarət vasitələri təhkim olunmuş, həmin nəzarət avadanlıqlarına xidmət etmək, zədələməmək, onu üzərində saxlamaq, nəzarət avadanlıqlarını zədələdikdə dəymiş maddi zərərin ondan tutulması barədə xəbərdarlıq edilmiş, həmçinin bu barədə cavabdehə yaddaş kitabçası verilmişdir. Protokol icra məmuru X1 və cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin, iş materiallarında olan cavabdehin anasının iddiaçıya yazdığı izahatından görünür ki, o, oğlunun elektron qolbağı və onun qurğularını sındırdığını etiraf etmişdir. Beləliklə, işin şərh edilən hallarından da göründüyü kimi cavabdeh, məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarının salamatlığına əməl etməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), ona verilmiş 2 ədəd ev siqnal ötürücüsünü sındırması (təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər dəyməsinə səbəb olan mülki hüquq pozuntusu törətmişdir. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən tərtib edilmiş qiymət cədvəlinə əsasən 1 ədəd ev siqnal ötürücüsünün dəyəri 108,32 manatdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh ev siqnal ötürücüsünün hər birinn dəyəri 108,32 manat olmaqla ümumilikdə, 216,64 manat dəyərində vəsait alınaraq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh ev siqnal ötürücüsünün hər birinn dəyəri 108,32 (yüz səkkiz manat otuz iki qəpik) manat olmaqla ümumilikdə 216,64 (iki yüz on altı manat altmış dörd qəpik) manat dəyərində vəsait alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar