Məhkəmə qərarları › İş №2(004)-7317/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7317/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7317/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ċavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2235,83 manat məbləğində kredit borcu, 325,75 manat məbləğində faiz borcu və 535,22 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3096 manat 78 qəpik məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 50,97 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili idda ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 061A********** nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı QSC 36 ay müddətinə, aylıq 2,0833% dərəcəsi olmaqla 6000 manat məbləğində pulu Cavabdeh1 verməyi, Cavabdeh1 isə müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 061A********** nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş planına əsasən müəyyən olunur ki, Cavabdeh1 6000 manat məbləğində pulu 36 ay müddətinə yəni 4 mart 2022-ci il tarixinə qədər, sonuncu ay 240,86 manat olmaq şərti ilə, hər ay 240 manat olmaqla, ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.03.2019-cu il tarixli məxaric orderinə əsasən görünür ki, 6000 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür. İş materiallarında olan Accessbank ASC-ilə Cavabdeh2 arasında bağlanmış 061G**********01 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, həmin müqavilə bank ilə Cavabdeh1 arasında 04.03.2019-cu il tarixdə bağlanmış 061A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məsədilə bağlanmışdır. Zamin Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktublarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 25.10.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 2235,83 manat əsas, 325,75 manat faiz, 535,22 manat cərimə borcu olmaqla cəmi 3096,78 manat məbləğində borcu vardır. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2235,83 manat məbləğində kredit borcu, 325,75 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2611,58 (iki min altı yüz on bir manat, əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 50,97 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda cavabdehlər öhdəliklərini tam yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, 535,22 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 50 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv edilsin, Cavabdeh1 və Cavabdeh2 2235,83 manat məbləğində kredit borcu, 325,75 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2611,58 (iki min altı yüz on bir manat, əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 50,97 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar