Məhkəmə qərarları › İş №2(004)-7353/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7353/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7353/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9981,03 manat əsas borc, 729,13 manat faiz borcu, 51,98 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10762,14 manat borcun və 122.29 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 20.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 10000 manat krediti kart vasitəsilə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 22-dək Cavabdeh banka 20 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9981,03 manat əsas borc, 729,13 manat faiz borcu, 207,91 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10918,07 borcu vardır. Cavabdeh 20 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 207,91 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 51,98 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyəyərək, izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə bankdan qeyd edilən məbləğdə kredit götürmüşdür. Onun kartından 8500 manat pul oğurlanmışdır. O, bununla bağlı Azərbaycan Respublikası DİN-in 102 saylı xidmətinə məlumat vermiş, hal hazırda istintaq gedir. O, istifadə etmədiyi pulu bank ondan tələb edir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20.08.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 22% dərəcəsi ilə 10000 manat məbləğində kredit xətti açılmışdır. Borcalan Cavabdeh qəbzə imza edərək, 4724 **** **** 5444 nömrəli kredit kartını və bankomatlardan istifadə etmək üçün şəxs məxfi kodu bağlı zərfdə bankdan almışdır. İş materiallarında olan 22.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh 20.08.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 9981,03 manat əsas borc, 729,13 manat faiz borcu, 207,91 manat cərimə borcu olmaqla, cəmi 10918,07 manat məbləğində borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanmış 18 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borclarını 5 gün müddətində ödəməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan 09.04.2021-ci il tarixli ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 122,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh 10000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 20.08.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən iddiaçı "xxxx" İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 22% dərəcəsi ilə 10000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında əsas borc üzrə 9981,03 manat, faiz borcu üzrə 729,13 manat faiz borcu və 207,91 manat məbləğində cərimə yaranmışdır. Məhkəmə 20.08.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas, faiz borcu və cərimə hissəsində tam təmin edilməli, 9981,03 manat məbləğində əsas kredit borcu, 729,13 manat məbləğində faiz borcu, 51,98 manat cərimə olmaqla, cəmi 10762,14 manat pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdeh kredit kartından 8500 manat məbləğində pulun naməlum şəxslər tərəfindən çıxarılması səbəbindən həmin puldan istifadə etməməsi əsası ilə borcu ödəməmisinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal onun iddiaçı ilə arasında bağlanmış müqavilə üzrə ödəliklərinin icra edilməməsinə və borcu ödəməkdən boyun qaçırması üçün əsas deyildir. Bundan başqa, məhkəmə iddia tələbinin iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20.08.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 20.08.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi ləğv edilməli, Cavabdeh 9981,03 (doqquz min doqquz yüz səksən bir manat üç qəpik) manat əsas borc, 729,13 (yeddi yüz iyirmi doqquz manat on üç qəpik) manat faiz borcu, 51,98 (əlli bir manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 10762,14 (on min yeddi yüz altmış iki manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 122,69 manat dövlət rüsumu da cavabdehə aid edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 20.08.2019cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə ləğv edilsin. Cavabdeh 9981,03 (doqquz min doqquz yüz səksən bir manat üç qəpik) manat əsas borc, 729,13 (yeddi yüz iyirmi doqquz manat on üç qəpik) manat faiz borcu, 51,98 (əlli bir manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 10762,14 (on min yeddi yüz altmış iki manat on dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,29 (bir yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar