Məhkəmə qərarları › İş №2(004)-7407/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7407/2025

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7407/2025 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixndə, Abşeron rayonu 2 saylı Notariat ofisində bağlanmış Borc Müqaviləsi üzrə ödənilməyən 4760 manat, həmçinin aralarında olan razılaşmaya əsasən ondan götürdüyü telefon üzrə ödənilməmiş qalmış 600 manat, ümumilikdə isə 5.360 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində onunla cavabdeh arasında Abşeron rayonu 2 saylı Notariat ofisində Borc Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, tərəfindən cavabdehə 4760 manat məbləğində pul vəsaiti borc verilmişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh hər ay 420 manat olmaqla, qalan məbləği isə xx.xx.2025-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Aralarında müqavilənin bağlanmasına baxmayaraq, cavabdeh tərəfindən ona bu Borc müqaviləsi üzrə heç bir vəsait qaytarılmamışdır. Cavabdeh onun uşaqlarına daiyə kimi baxdığından və ona aylıq olaraq 300 manat əmək haqqı ödədiyindən, ondan işlənmiş telefonunu 2025-ci ilin mart ayının sonlarında götürərək, onunla aralarında razılaşdırılmış 1200 manat məbləğində pulu ayda 300 manat olmaqla, ödəməyi söz vermişdir. Həmin telefonun borcundan iki ay ərzində hər ay 300 manat olmaqla, ümumilikdə 600 manat ödəməsinə baxmayaraq, sonradan təqribən 2025-ci iyun-iyul ayında yeni iş tapdığını bildirərək, getdiyi vaxtdan bu günə qədər heç bir vəsait ödəməmişdir. Cavabdehin əməllərindən polisə şikayət etsə də, mübahisənin mülki mübahisə olması və ümumi məhkəməyə aid olması qeyd olunmuşdur. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə şifahi müraciət etməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü müqavilə və razılaşma öhdəliklərini icra etmir. Son dövrdə isə ümumiyyətlə onun zəng və mesajlarına cavab vermir. xx.xx.2025-ci il tarixində aralarında, Abşeron rayonu 2 saylı Notariat ofisində bağlanmış Borc Müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliklərini. 4760 manat məbləğində borc məbləğini, həmçinin aralarında olan razılaşmaya əsasən ondan götürdüyü telefon üzrə ödənilməmiş qalmış 600 manat pul vəsaitini 10 gün müddətində ona ödəməyini pretenziya vasitəsi ilə ondan tələb etsə də, cavabdeh ona borclu olduğu vəsaitləri ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əsasən Borc verən X2 ilə Borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, borc müqaviləsinin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alana” 4760 manat 00 qəpik (dörd min yeddi yüz altmış manat sıfır qəpik) məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” borcu ayda 420 (dörd yüz iyirmi) manat olmaqla qalan məbləği isə xx.xx.2025-ci il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli Borc Müqaviləsinə əsasən 4760 manat borc məbləği və telefon üzrə ödənilməmiş 600 manat məbləğin 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Həmin pretenziya xx.xx.2025-ci il tarixdə çatdırılmış, Cavabdeh sənədin kötüyünə imza çəkməklə şəxsən qəbul etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 69/2-M- 80713/24 nömrəli müraicətə cavab məktubuna əsasən aparılmış araşdırma zamanı X1 müraciətində göstərilən məsələ X3 səlahiyyətinə aid olmadığı müəyyən edilmiş, yaranmış mübahisənin məhkəmə səlahiyyətinə aid olduğu bildirilməklə, müraciətçinin qanunla qorunan hüquq və azadlıqlarını təmin etmək məqsədilə müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan başqa iş materiallarına “WhatsApp” mobil tətbiqi vasitəsilə olan yazışmaları əks etdirən müvafiq ekran görüntüləri əlavə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 3 iyun 2025-ci il tarixində Abşeron rayon 2 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 3M-786 nömrə ilə qeyd edilmiş yazılı borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 4760 manat məbləğində pul vermiş, borc alan Cavabdeh isə borcu ayda 420 manat olmaqla, qalan məbləği xx.xx.2025-ci il tarixədək borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müəyyən olunmuş müddətdə borcu qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. Bundan başqa, tərəflər arasında razılığa əsasən iddiaçı cavabdehə telefon vermiş, cavabdeh isə hissə-hissə ödəmək şərtilə telefonu almış, lakin öhdəliyini tam icra etməyərək, həmin razılaşmaya əsasən 500 manat məbləğində borcu qalmışdır. Hazırda İddiaçı Cavabdeh borc müqaviləsi üzrə ödənilməmiş 4760 manat və telefon üzrə 600 manat olmaqla, ümumilikdə 5360 manat pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh 4760 manat məbləğində borc pul vermiş, cavabdeh isə xx.xx.2025-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini lazımi qaydaya yerinə yetirməmiş, iddiaçıya olan borcunu qaytarmamışdır. İş materiallarında olan tərəflər arasında “WhatsApp” mobil tətbiqi vasitəsilə olan yazışmalardan da görünür ki, cavabdeh həmin borc müqaviləsi üzrə 4760 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia 4760 manat hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının aralarında olan razılaşmaya əsasən 600 manat məbləğində pul tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında “WhatsApp” mobil tətbiqi vasitəsilə olan yazışmalardan görünür ki, iddiaçı cavabdehə 400 manat telefon pulu, 100 manat da ad günündə aldığı pul olmaqla, cəmi 500 manat borcunun qaldığını bildirmiş, cavabdeh də ok yazaraq bunu qəbul etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən İddiaçı səhv hesabladığını, əslində 500 manat məbləğində borcun qaldığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə 500 manat məbləğində təmin edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh cəmi 5260 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 72.6 manat məbləği cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5260 (beş min iki yüz altmış) manat və dövlət rüsumu olaraq ödənilmiş 72.6 (yetmiş iki manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar