Məhkəmə qərarları › İş №2(004)-746/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-746/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-746/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Shah X11 nümayəndəsi və vəkili Vəkil, X7 iştirakları ilə, İddiaçı Shah X11 cavabdeh Kashif Mushtaqa qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X15 Hussain cavabdeh Kashif Mushtaqa qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kashif Mushtaqdan 4000 (dörd min) ABŞ dolları pulun, gecikdirilmiş müddət üzrə illik 5% olmaqla 400 ABŞ dolları bank faizinin, 200 manat hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 manat pulun tutularaq İddiaçı Shah X13 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hər iki tərəf Pakistan Respublikası vətəndaşıdır. Cavabdeh Kashif Mushtaq Azərbaycan Respublikasında turizm sahəsində fəaliyyət göstərən Green Spot MMC adlı hüquqi şəxs təsis etmiş, bir müddət sonra İddiaçı'ə məktub göndərərək onunla iş birliyi qurmağı təklif etmişdir. Həmçinin cavabdehin Bakı şəhəri Sabunçu rayon ərazisində fəaliyyət göstərən “Corona" adlı kafesi fəaliyyət göstərir. 2020-ci ilin əvvəllərində cavabdeh Kashif Mushtaq İddiaçı işləri genişləndirmək adı ilə 4000 ABŞ dolları məbləğində borca pul istəmiş, 1 ay sonra həmin borcu qaytarmağı vəd etmişdir. İddiaçı borcun verilməsinə etiraz etməmişdir, lakin bu müqavilənin notarial qaydada bağlanmasını tələb etmişdir. Buna cavab olaraq cavabdeh bildirmişdir ki, notarial təsdiq üçün xərcləri çox çıxacaqdır, hər ikisi xarici vətəndaşdır, sənədlərin tərcüməsinə, apostil edilməsinə, dövlət rüsumlarına xeyli məsrəfləri olacaqdır, əvəzində öz şirkətinin möhürü və iki şahidin iştirakı ilə təsdiq edilmiş əlyazması ilə borc müqaviləsi bağlamağı təklif etmişdir. Aralarında borc müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış, müqaviləyə əsasən Kashif Mushtaq İddiaçı'dən xx.xx.2020-ci il tarixdə qaytarmaq şərti ilə 4000 dollar borc götürmüşdür. Təxmini 6-7 ay pulunu geri ala bilməyən iddiaçı 2020-ci ilin oktyabr ayında polis orqanlarına dələduzluğun qurbanı olması barədə şikayət edir. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edərək, işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Həmin qərarla tanış olduqda, məlum olmuşdur ki, cavabdeh Polis Bölməsinə yalan ifadə verərək guya həmin borcu vəd etdiyi tarixdə qaytardığını, güya iddiaçının faiz olaraq ondan 2000 dollar artıq pul istəməsini, həmin pulu (yəni faiz məbləğini) vermək istəmədiyi üçün ondan polisə şikayət edildiyini bildirmişdir. Bu məlumat yalandır, heç bir sübutla təsdiq edilmir. Həmçinin, faizlə bağlı tərəflər arasında hər hansı qeyd-şərt olmamışdır. Məhkəmə iclasında İddiaçı Shah X11 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Kashif Mushtaqa baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh Kashif Mushtaq tərəfindən yazılmış və məhkəmə iclasında tərcüməçi Ahmad Mukhtar tərəfindən mətni tərcümə edilmiş xx.xx.2020-ci il tarixli iltizama əsasən, Green Spot Cəmiyyətinin direktoru X8 direktoru İddiaçı Shah X14 4000 ABŞ dollar borcu olduğunu, 2020-ci ilin may ayının 25-də qaytaracağını, qaytarmasa İddiaçı X2 geri qaytarılmasına işlər görməyə hüququ olduğunu bəyan etmişdir. İş materiallarında olan 04 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, Kashif Mushtaq izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Corona» barın yaxınlığında yerləşən kafedə tanışı Pakistan Respublikasının vətəndaşı Haider X1 4000 ABŞ dolları məbləğdə borca pul almış və bu ilin may ayının 25-də sonuncuya ondan aldığı 4000 ABŞ dollar məbləğdə pul əvəzinə 6000 ABŞ dollar məbləğdə pul vermişdir. Belə ki, Haider X3 əlavə olaraq ondan 2000 ABŞ dollar məbləğdə pul istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarına əlavə edilmiş Kashif Mushtaq tərəfindən yazılmış və məhkəmə iclasında Ahmad Mukhtar tərəfindən mətni tərcümə edilmiş xx.xx.2020-ci il tarixli iltizamdan və 04 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 4000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə sübutetmə yükünün məhz kimin üzərində olmasının müəyyənləşdirilməsinin zəruri olduğunu hesab edir. Belə ki, iddiaçı iddia tələbində cavabdehə 4000 ABŞ dolları borc pul verdiyini, cavabdeh isə Sabunçu RPİ-nin 13-cü polis bölməsində verdiyi izahatında həmin pulu geri qaytardığını qeyd edir. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki, halda 4000 ABŞ dolları pulun cavabdeh verilməsini sübut etmək vəzifəsi iddiaçının, həmin pulun qaytarılmasını sübut etmək vəzifəsi icə cavabdehin üzərinə düşür ki, iş materiallarında olan Kashif Mushtaq tərəfindən yazılmış və məhkəmə iclasında Ahmad Mukhtar tərəfindən mətni tərcümə edilmiş xx.xx.2020-ci il tarixli iltizamdan və 04 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 4000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə borc pul verilmiş, cavabdeh isə may ayının 25-nə kimi qaytaracağını vəd etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh Kashif Mushtaqa 4000 ABŞ dolları pul verilməsini sübut edir. Bununla belə, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, pulu iddiaçıya qaytarılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 4000 ABŞ dolları pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilməsi iş materialları ilə təsdiq edilir. Ona görə də, tərəflər arasında bağlanmış 4000 ABŞ dolları pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 4000 ABŞ dolları pulu ona geri qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş müddət üzrə illik 5% olmaqla 400 ABŞ dolları bank faizinin tutulması hissəsində təmin edilə bilməz. Belə ki, tərəflər arasında borc müqaviləsi etibarsız əqd olmaqla əqdin etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından, bununla da tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmadığından, pul öhdəliyinin icra edilməməsi üçün də tərəflərin məsuliyyəti yarana bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı cavabdehin onun vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, ondan faydalanmasını, hər hansı maddi xeyir əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 200 (iki yüz) manat məbləğində vəkil xidməti xərcinin İddiaçı Shah X12 xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı iddiaçı tərəfindən vəkilə 200 manat ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Kashif Mushtaqdan 4000 (dörd min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 (doxsan) manat pul tutularaq İddiaçı Shah X13 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Kashif Mushtaqdan 4000 (dörd min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 (doxsan) manat pul tutularaq İddiaçı Shah X13 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar