Məhkəmə qərarları › İş №2(004)-76/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-76/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-76/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinə dəymiş ziyana görə 760 (yeddi yüz altmış) manat, ariston alınması üçün 200 (iki yüz) manat olmaqla cəmi 960 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 13 saylı mənzili almışdır, hazırda xüsusi mülkiyyətindədir və ailəsi ilə birlikdə yaşayır. Təxminən 2020-ci ilin ortalarından başlayaraq bugünə kimi yaşadığı və xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinin üstündə yerləşən və Cavabdeh istifadəsində olan 23 saylı mənzilindən mütamadi olaraq iddiaçının mənzilinə su axıdılmış və mənzilinə ciddi ziyan dəymişdir. Hətta bununla bağlı iki dələ xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixlərində 158 saylı MKİS-nin nümayəndələri tərəfindən mənzilinə baxış keçirərək akt tərtib etmişlər. Həmin vaxtlar mənzilin istifadəçisi olan Cavabdeh bu barədə dəfələrlə danışıb bu problemi yoluna qoymaq lazım olduğunu və iddiaçıya dəymiş ziyanın ödənilməsi barədə məlumat versə də cavabdeh ona əvvəlcə təmir etdirəcəyini deyərək bu günə kimi vaxt qazanmışdı. Cavabdeh hazırda nə öz mənzilini təmir etdirib problemi aradan qaldırır, nə də ki, ona dəymiş maddi ziyanı ödəmir, hətta qəsdən yayınır və hara xayət edirsən et deyir. Hal-hazırda cavabdehin səhlənkarlığı nəticəsində evinə axıdılan suyun nəticəsində xeyli miqdarda ona ziyan vurmuşdur. Su axıdılması nəticəsində evinin sanitar qovşağı və qoşulmuş ariston aparatı yararsız hala düşmüş mənzilin dəhliz hissəsinin tavanı zədələnmiş, divar kağızları sökülmüş, elektrik xətləri zədələnmiş və s. sahələr sıradan çıxmışdır. Bütün bunların nəticəsi olaraq o mənzilinə usta çağırmış və əl-zəhməti ilə birlikdə mənzilimin yenidən bərpası üçün 760 (yeddi yüz altmış) manat lazım olduğunu bildirmişdir. Eyni zamanda da 200 manat sıradan çıxmış ariston aparatının yenidən alınması xərci tələb olunur. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi və maneənin aradan qaldırılması üçün mənzilindən su axıdılan sahəni təmir etməsi üçün dəfələrlə cavabdehə xəbərdarlıq etmək istəsə də alınmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki. iddia tələbi mövcud qanunvericiliyin müvafiq tələblərinə əsasən öz müsbət həllini tapa biləcək. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 25 ildir eyni problemi yaşayırlar, yaşadıqları bina təhlükəli vəziyyətdədir, dəfələrlə müvafiq orqanlara şikayət etmişlər, onun yaşadığı mənzilə də su axıdılır, dəfələrlə həmin yeri sökmüş, usta gətirmiş, cavabdehin özünə də göstərmişdir. Ümumi binanın xəttini sökməyi təklif etsə də heç kəs razı olmamışdır. Bir dəfə istilik sistemi partlamış o, təmir etdirmişdir. Qalan işlər onun məsuliyyətində deyildir. Hal-hazırda da iddaiçı ilə razılaşaraq barışıq əldə etmək istəyir, buna görə də iddiaçıya mənzili öz hesabına təmir etməyi təklif edir. İddiaçının tələb etdiyi məbləği ödəməyə maddi imkanı yoxdur, məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1, mənzil, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi 23, M2, m7 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 158 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin tavanının yaş olduğu müəyyən edilmişdir. 158 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin mətbəxinin və dəhlizinni divarlarında su və nəmişlik ləkələri aşkar edimliş, mətəbxin divarında suyun təsirindən qopuqlar əmələ gəlmiş və tavandan arabir su damcıları töküldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4807 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 534 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinə həmin ünvanda yerləşən və cavabdehə məxsus 23 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Cavabdeh yaşadığı mənzildən su sızmasına yol verdiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurmuşdur. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin məbləğinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspetizasının rəyinə uygun olaraq müəyyən edilməli və rəydə göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertizaya əsasən iddiaçının mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 534 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin ariston alınması üçün 200 (iki yüz) manat tutulması hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə su sızma nəticəsində ariston aparatına ziyan vurulması müəyyən edilmədiyindən, həmçinin həmin halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həminh hissədə əsassız hesab edilərək rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 534 (beş yüz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, 10 manatı isə iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 manatı Cavabdeh, 25 manatı isə İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 534 (beş yüz otuz dörd) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, 10 manatı isə İddiaçı özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar