Məhkəmə qərarları › İş №2(004)-79/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-79/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-79/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli YH-280/14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh cəmi 462330, 73 manat – bundan 183095,07 manat əsas borc, 120385,72 manat faiz borcu və 158849,94 manat cərimə borcu və iş üzrə ödənilmiş 752,33 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 284 nömrəli mənzilə (Yeni qaydalarla: ünvan 3 yönəlməsi, əmlakın likvid satış qiyməti müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında ünvan 2 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh (İ borcalan) və "xxxx" MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205065 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, kredit üçün faizlər İ borcalan tərəfindən illik 10 %-lə, İİ Borcalan tərəfindən illik 2 %-lə borcverənə ödənilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh (İ borcalan) və "xxxx" MTK (İİ borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli müqavilə imzalamışlar. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin "xxxx" layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Bank müflis olduqdan sonra kredit üzrə faiz dərəcəsi Kredit müqaviləsi üzrə İ borcalanın üzərinə düşən faiz dərəcəsinə (10 %) uyğunlaşmışdır. Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-cı il tarixli ADİF-0114/17 saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi 116091339, reyestr nömrəsi **********63-05301-093133 olan arayışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzil ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlanarkən Maraqlı şəxs notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək həmin mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. İpoteka müqaviləsi 06 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Fonda olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 10-cu maddəsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini, həmçinin Borcverənə dəymiş zərərin ödənilməsini öhdəliklərini götürmüşdür. Fond tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********344 saylı xx.xx.2023-cü il tarixli xəbərdərlıq və **********847 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 462330,73 manat təşkil edir. Bundan 183095,07 manat əsas, 120385,72 manat faiz və 158849,94 manat cərimə borcu təşkil edir. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən ona "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205065 manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə müəyyən miqdarda kredit ödənişləri etdikdən sonra maddi vəziyyətində çətinliklər yaranmış və o, krediti vaxtı-vaxtında ödəyə bilməmişdir. İddiaçı tərəfindən hesablanmış əsas borcunu qəbul etsə də, faiz və cərimə məbləği ilə razılaşmır. Odur ki, hesablanmış faiz və cərimə məbləğinin silinməsi və iddianın qismən təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Yeni Həyat filialı ilə Cavabdeh və "xxxx" MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205065 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 15 may 2014-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək hər ay 232.14 manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 205065 manat pul vəsaitini "xxxx" ASC-dən almışdır. İş materiallarında olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzil xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində 2588 nömrəli reyestr kitabının 241046 nömrəli vərəqində Cavabdeh adına qabaqcadan qeydiyyata alınmışdır. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” Mərkəzi Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə 7E-56416 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, Maraqlı şəxs Cavabdeh məxsus olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilin ipotekaya (girova) qoyulmasına etiraz etməmiş, ipotekaya (girova) qoyulmuş əmlaka tələb yönəldildiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyinə öhdəlik götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan “Əmanətlərin Sığortalanması Fondu”, LPO "xxxx" ASC və ipoteka qoyan-borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ADİF- 0114/2017 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzili xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilə dair Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ipoteka ilə yüklülük xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan 11 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsi üzrə 02 may 2023-cü il tarixə 18309507 manat əsas borc, 12038572 manat faiz borcu, 158849.94 manat cərimə borcu olmaqla, cəmi 462330.73 manat borcu yaranmışdır. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli ipoteka predimetinə tutmanın yönəldilməsi haqqında bildirişdən və qeyd edilən bildirişlərin çatdırılmasına dair qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi və ipoteka predimetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış 10 may 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi və ipoteka predimetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, ipoteka predimeti olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər portalından çıxarışdan görünür ki, ipoteka predimetinə olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilə tutma yönəldilməsinə dair ərizə ********** nömrə ilə qeydə alınmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı ilə Cavabdeh (İ borcalan) və "xxxx" MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205065 manat məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsinə əsasən 183095.07 manat məbləğində əsas kredit borcu və 120385.72 manat faiz borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 9/6015 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsi üzrə 02 may 2023-cü il tarixə əsas borc üzrə 183095.07 manat və faiz borcu üzrə 120385.70 manat borcu müəyyən edilmişdir. İddiaçı isə əsas borc üzrə 183095.07 manat və faiz borcu üzrə 120385.72 manat borcun tutulmasını tələb edir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə göstərilən əsas və faiz borcunun məbləği ilə eskpert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği arasında fərq olmamaqla məbləğlər bir-birinə uyğundur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh 21 sentyabr 2023-cü il tarixli, 9/6015 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsi üzrə yaranmış 183095.07 manat əsas borc və 120385.70 manat faiz borcu tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 158849.94 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 9104.42 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının pul tələbi əsas və faiz məbləğ hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin olunmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424,3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutuluş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq bir tərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv edilməsi barədə cavabdehə bildiriş göndərməklə, bu barədə iradə ifadəsini ona bildirdiyindən, artıq bununla tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; https://eqanun.az/framework/9902bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü və 36.3-1 maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, ipoteka saxlayan Əmanətlərin Sığortalanması Fondu və ipoteka qoyan-borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzili xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Əmanətlərin Sığortalanması Fonduna olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (iddiaçı Əmanətlərin Sığortalanması Fondu) ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəliyin icrasını 90 təqvim günündən çox müddətə gecikdirmiş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) Əmanətlərin Sığortalanması Fondu hazırda ipoteka predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh mülkiyyətində olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana-Cavabdeh qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetinin qiymətləndirilməsi zamanı “X3 Mərkəzi” MMC-nin 07 noyabr 2023-cü il tarixli 004-094/2023 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 004-094/2023 nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilin ilkin satış qiyməti (likvid) 345400 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilin ilkin satış qiyməti (likvid) 345400 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Lakin iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 752.33 manat dövlət rüsumunun 508.65 (312585,19x752,33/462330,73=508.65) manat hissəsi Cavabdeh iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, qalan 243.68 (752.33-508.65=243.68) manat hissəsi isə iddiaçı Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir. Həmçinin, Cavabdeh iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 145 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə-qiymətləndirmə ekspertizasının xərci olan 300 manat pul vəsaiti isə “X3 Mərkəzi” MMC-nin hesabına köçürülməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-280/14 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 183095,07 manat əsas borc, 120385,70 manat faiz borcu, 9104,42 manat cərimə borcu olmaqla, cəmi 312585,19 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 508,65 manat pul, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat pul tutularaq iddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Tutma ipoteka predmeti olan və Cavabdeh məxsus olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti (likvid) 345400 (üç yüz qırx beş min dörd yüz) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 313138,84 (312585,19+508,65+45=313138,84) manat pul iddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. İpoteka predmeti olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh 183095,07 (bir yüz səksən üç min doxsan beş manat yeddi qəpik) manat əsas borc, 120385,70 (bir yüz iyirmi min üç yüz səksən beş manat yetmiş qəpik) manat faiz borcu, 9104,42 (doqquz min yüz dörd manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 312585,19 (üç yüz on iki min beş yüz səksən beş manat on doqquz qəpik) manat borc, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 508,65 (beş yüz səkkiz manat altmış beş qəpik) manat pul tutularaq iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 243,68 (iki yüz qırx üç manat altmış səkkiz qəpik) manat (752,33-508,65=243,68) iddiaçıya aid edilsin. Tutma ipoteka predmeti olan və Cavabdeh məxsus olan ünvan 5 ünvanında yerləşən binanın 4-cü blok, 7-ci mərtəbəsindəki 284 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Firuz Qəmbərov küçəsi, 80, M7, m1) yönəldilsin, mənzilin ilkin satış qiyməti (likvid) 345400 (üç yüz qırx beş min dörd yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 313138,84 (312585,19+45+508,65=313138,84) manat pul iddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılsın. İpoteka predmeti olan ünvan 5 ünvanında yerləşən binanın 4-cü blok, 7-ci mərtəbəsindəki 284 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Firuz Qəmbərov küçəsi, 80, M7, m1) tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. Mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 145 (bir yüz qırx beş) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 300 (üç yüz) manat pul Cavabdeh tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına (VÖEN **********, Bank: "xxxx" ASC, VÖEN ********** (bankın VÖENİ), kod:505141, hesablaşma hesabı AA75PAHA40060AZNHC**********, müxbir hesab AZ82NABZ********************, SWİFT: PAHAAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar