Məhkəmə qərarları › İş №2(004)-793/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-793/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-793/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1656,41 manat əsas borc, 165,45 manat cərimə, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 212,70 manat faiz borcu olmaqla, cəmi 2034,81 manat borc və 40,30 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin məktub məhkəməyə geri qayıtmışdır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 05565 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 18 ay müddətinə aylıq 3 % ödəmək şərtilə 2500 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli 05565 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 05565 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1nın borcu 1656,41 (min altı yüz əlli altı manat qırx bir qəpik) manat əsas borc, müqavilə müddəti bitdikdən sonra faiz borcu üzrə 212,70 (iki yüz on iki manat yetmiş qəpik) manat, cəmi 2034,56 (iki min otuz dörd manat əlli altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 25 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcla bağlı ödəniş edilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə cavabdehləri xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 41 (qırx bir) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə sübut olunur ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh1 müqavilə üzrə öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borca dair hissədə 1656,41, manat, eləcə də AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən faiz borcuna dair hissədə 212,70 manat olmaqla əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 165,45 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 100 manat məbləğində müəyyən edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin qurtarma müddəti kredit müqaviləsi üzrə öhdəliyin qurtarması ilə şərtləşdirilmiş, xx.xx.2019-cu il tarixli 05565 saylı kredit müqaviləsinə əsasən isə, borcun ödənilmə müddəti 18 ay müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdə bitmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, kreditor tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2021-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə zaminin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun Cavabdeh2 tutulması hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 1656,41 (min altı yüz əlli altı manat qırx bir qəpik) manat, cərimə üzrə 100 (yüz) manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 % olmaqla 212,70 (iki yüz on iki manat yetmiş qəpik) manat, cəmi 1969,11 (min doqquz yüz altmış doqquz manat on bir qəpik) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 40,30 (qırx manat otuz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1656,41 (min altı yüz əlli altı manat qırx bir qəpik) manat əsas borc, 100 (yüz) manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 % olmaqla 212,70 (iki yüz on iki manat yetmiş qəpik) manat, cəmi 1969,11 (min doqquz yüz altmış doqquz manat on bir qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 40,30 (qırx manat otuz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar