Məhkəmə qərarları › İş №2(004)-796/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-796/2021

18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-796/2021 18.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehlərdən vurulmuş zərər üçün 4625 manat pulun və dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 11.10.2017-ci il tarixli AL 657 saylı “X1” əsasında verilmiş “Ravon Nexia R3” minik markalı 90 – PL – 413 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Həmin sürücünü iddiaçı ilə digər Cavabdeh1 tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə görə şifahi öhdəlik götürmüşdür. Cavabdeh2 03.10.2020-ci il tarixdə qəza törətmiş və onun barəsində 05.10.2020-ci il tarixli inzibati tənbeh vermə qərarı çıxarılmışdır. Avtomobilə 4625 manat məbləğində zərər dəymişdir. Cavabdehlər zərəri ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini bildirərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra o, bu barədə avtomobilin sahibinə məlumat vermişdir. Lakin avtomobilin sahibi laqeydlik göstərərək hadisə yerinə gəlməmişdir. O, sığorta şirkəti ilə əlaqə saxlamışdır. Lakin sığorta şirkətindən də heç kim gəlməmişdir. Avtomobil onun istifadəsinə veriləndə avtomobilin ön şüşəsinə "xxxx" Şirkətinin vəsiqəsi yapışdırılmışdır. Daha sonra yol polisi əməkdaşı gələrək avtomobilin fotoşəkillərini çəkmişdir. Sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin edilib edilməməsi barədə məlumatı yoxdur. Lakin sığorta ödənişlərini əldə etmək üçün lazım olan bütün sənədləri avtomobilin sahibinə təqdim etmişdir. Sığorta şirkətində olmamışdır. İddiaçını tanımır. Avtomobili təmir etmək üçün çağırıldığı zaman avtomobilin sahibinə avtomobili təmir edə biləcəyini desə də, ona avtomobilin yalnız mülkiyyətçinin müəssisəsində təmir edilə biləcəyini deyilmişdir. Halbuki o, təmiri öz tanıdığı avtomobil ustalarının yanında edə bilərdi. Razı olmamaqlarının səbəbi isə zədələnmiş detalların tam yenisi ilə əvəz etmək istəmələri olmuşdur. Amma avtomobil ona verilərkən yeni olmamışdır, ondan öncə də başqa şəxslərə sürülmək üçün verilmişdir və avtomobilin zədələnmiş detalları mövcud idi. Göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı ilə lizinq şirkəti arasında bağlanmış 11.10.2017-ci il tarixli AL-1675 saylı müqavilənin 12-ci bəndinə əsasən: Tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “daxili lizinq” müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talama və oğurlanma risklərindən “Daxili Lizinq” müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır. Lizinq obyekti lizinq alan tərəfindən sığortalandıqdan sonra sığorta hadisəsi baş verərsə, Sığorta Şirkəti tərəfindən verilən sığorta ödənişi lizinq verənə ödənilir. Sığorta ödənişini alan lizinq verən həmin məbləği ilk növbədə lizinq alanın lizinq şirkətinə olan gecikən borcunun ödənilməsinə yönəldilir, artıq qalan məbləği isə lizinq obyektinin bərpasına sərf edir. Əgər lizinq obyekti sığorta hadisəsi zamanı tam məhv olarsa, sığorta şirkəti tərəfindən ödənilən sığorta ödənişi lziinq alanın lizinq şirkətinə olan borcuna yönəldilir və bu zaman lizinq verənlə lizinq alan arasında münasibətlətlər bu müqavilənin 11.4-cü bəndinə uyğun olaraq davam etdirilir. 13.7-ci bəndinə əsasən Müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə lizinq alan sığorta müqaviləsi bağlamadıqda, lizinq verən müvafiq müqavilə bağlananadək lizinq obyektini özündə saxlamaq hüququna malikdir. Beləliklə, məhkəmə iclasında cavabdehin izahatından və müqavilənin müvafiq bəndindən müəyyən olunur ki, avtomobil sığorta olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, iddiaçı dəymiş zərərlə bağlı öncə sığorta şirkətinə müraciət etməli, daha sonra isə ödənilmiş məbləğ sığorta şirkəti tərəfindən subroqasiya qaydasında Cavabdeh2 qarşı iddia qaldırılmaqla həll oluna bilərdi. Məhkəmə hesab edir ki, iddia yuxarıda göstərilən əsaslarla Cavabdeh1 qarşı da təmin edilə bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 tərəfindən Cavabdeh2 öhdəliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar