Məhkəmə qərarları › İş №2(004)-797/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-797/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-797/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh firmasının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh firmasına qarşı “2 ədəd lazer aparatının, bu mümkün olmadıqda onların dəyərinin, cavabdeh tərəfindən aparatlardan əldə etdiyi icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh firmasına qarşı “2 ədəd lazer aparatının, bu mümkün olmadıqda onların dəyərinin, cavabdeh tərəfindən aparatlardan əldə etdiyi icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci il tarixdə Cavabdeh firmasından müxtəlif adda 10 ədəd lazer aparatları almışdır. İddiaçı cavabdehin təklifi əsasında həmin aparatları hər birinə görə 3000 manat olmaqla cavabdehə icarəyə vermişdir. Cavabdeh də həmin avadanlıqları Bakı şəhəri ərazisində yerləşən müxtəlif gözəllik salonlarına, klinikalara subicarəyə vermiş və əldə etdiyi gəlirlərdən hər bir aparata görə 3000 manat olmaqla iddiaçıya ödəmişdir. İddiaçı cavabdehdən 10 ədəd lazer aparatının yalnız 2-sinin müvafiq alqı-satqı sənədləri iddiaçıda mövcud deyildir. İddiaçı hər birinin dəyəri 48.000 ABŞ dolları olan həmin 2 aparatı cavabdehə icarəyə vermişdir. 2020-2023-cü illərdə cavabdehin müvafiq əməkdaşları həmin icarə haqqını iddiaçıya ödəmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh firmasının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına GentreLase Pro markalı lazer aparatının Cavabdeh firması tərəfindən tərtib edilmiş şəhadətnamələr əlavə edilmişdir. İş materiallarına GentleLase Pro 9914-9015-1553 və GentleLase Pro 9914-9015- 3042 nömrəli lazer aparatlarının şəhadətnamələri əlavə edilmişdir. İş materiallarına tərəflər arasında GentleLase Pro 9914-9015-1433 nömrəli lazer aparatına dair tərəflər arasında bağlanmış icarə müqaviləsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli sifariş orderinə əsasən müəyyən edilir ki, GentreLase Pro markalı lazer aparatının qiyməti 48.000 ABŞ dolları təşkil edir. İş materiallarına GentleLase Pro 9914-9015-1553 lazer aparatının icarəsi ilə bağlı müvafiq kassa mədaxil qəbzləri (3000 manat) və xx.xx.2024-cü il tarixli nasazlıq aktı əlavə edilmişdir. İş materiallarına müvafiq vatsapp yazışmaları əlavə edilmişdir. İş materiallarına Yasamal RPİ 26-cı PB-də İddiaçı müraciəti üzrə aparılmış araşdırma materialları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan İcarə müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421.2-ci maddəsinin tələblərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-in 704.1-ci maddəsinə əsasən, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. MM-in 704.2-ci maddəsinə əsasən, icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. MM-in 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. MM-in 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 2020-ci il tarixdə Cavabdeh firmasından müxtəlif adda lazer aparatları almışdır. İddiaçı cavabdehin təklifi əsasında bir neçə aparatı hər birinə görə 3000 manat olmaqla cavabdehə icarəyə vermişdir. Cavabdeh də həmin avadanlıqları Bakı şəhəri ərazisində yerləşən müxtəlif gözəllik salonlarına, klinikalara subicarəyə vermiş və əldə etdiyi gəlirlərdən hər bir aparata görə 3000 manat olmaqla iddiaçıya ödəmişdir. 2020-2023-cü illərdə cavabdehin müvafiq əməkdaşları həmin icarə haqqını iddiaçıya ödəmişdir. Mülki işin mübahisəsiz halı məhz 2 ədəd GentleLase Pro 9914-9015-1553 və GentleLase Pro 9914-9015-3042 nömrəli lazer aparatlarının iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi və cavabdeh tərəfindən geri qaytarılmaması ilə bağlıdır. Belə ki, məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi sözügedən xüsusatın mövcud olmadığını bildirir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər iddiaçı ilə cavabdeh arasında lazer aparatlarına dair icarə münasibətlərinin olduğunu bildirsələr də, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçıya məxsus olan lazer aparatlarının sayının çoxluğu, aparatların hər birinin fərdi müəyyən əşyalar olaraq müvafiq nömrələrə malik olması, tərəflər arasında həmin lazer aparatlarına dair icarə müqaviləsinin bağlanmaması (GentleLase Pro 9914-9015-1433 nömrəli lazer aparatına dair tərəflər arasında bağlanmış icarə müqaviləsi iddiaçı tərəfindən təqdim edilmişdir), aparatalara dair təhvil-təslim aktlarının olmaması, icarə münasibətlərinin müddətinin və digər zəruri şərtləri barədə sübutların olmaması nəticəsində iddia ərizəsində göstərilən xüsusatlar sübuta yetirilmir. Bu səbəbdən, iddia tələbi sübuta yetirildiyi halda belə cavabdehin həmin əşyalardan hansı müddətə yararlanması, dolayısı ilə əsassız varlanma müddətinin və məbləğinin müəyyən edilməsi mümkün deyildir. Mübahisəyə dair isə mülahizə üzrə təxminin qərarın qəbul edilməsi məhkəmə qərarının qanuniliyi və əsaslılığı tələbinə cavab vermir. Şahid qismində izahatı alınmış X1 işəgötürənlə (cavabdeh firma) aralarında yaranmış problemlər səbəbindən işdən çıxması (ehtimal olunan qərəzin mümkünlüyü) nəzərə alınaraq, vaxtilə cavabdeh firmanın səlahiyyətli işçisi olsa da, iddiaçını tanısa da, iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin olduğunu bildirsə də, cavabdehin istifadəsində yüzlərlə lazer aparatlarının olması, iddiaçının özünün də bir neçə lazer aparatının olması səbəbindən məhz mübahisə predmeti olan əşyaların nömrələrini əzbər bilməsi ağlabatan deyildir, həmin əşyaların cavabdeh tərəfindən sərəncamında saxlanılması, iddiaçıya geri qaytarılmaması üçün onun izahatı yetərli sübut deyildir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında (audio-video qeydlərə əsasən 15:40 dəqiqədən etibarən) bildirmişdir ki, mübahisənin əsasını təşkil edən məsələ odur ki, iddiaçını cavabdeh Araş firması ilə firmanın işçisi (şahid) Şamilov Elsevər tanış etmişdir, yəni müştəri kimi cəlb etmişdir. Bir müddətdən sonra Elsevərin özü ilə Araş firması arasında mübahisələr yaranmış və cavabdeh firma iddiaçının Elsevər Şamilov tərəfindən müştəri kimi cəlb edilməsi səbəbindən iddiaçının aparatlarını geri qaytarmamış, sanki Elsevərin firma qarşısında öhdəlikləri ilə iddiaçının aparatlarını əvəzləşdirmişdir. Məhkəmə qeyd edir ki, bu halın özü belə (şirkətlə aralarında mübahisənin olması, işdən çıxarılması) X1 şahid qismində izahatının mötəbərliyini sual altına alır. Odur ki, sonuncunun mübahisə üzrə maraqlı tərəf olması əsası ilə onun izahatları mötəbər sübut kimi qiymətləndirilmir. Digər mötəbər sübutlarla şahidlərin ifadəsi birlikdə qiymətləndirilməklə iddia tələbində göstərilən hallar təsdiqini tapdıqda iş materiallarına kompleks qiymət verilməklə iddia tələbi sübuta yetirilə bilər. Yalnız şahid ifadəsi hazırki iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Belə ki, həmin ifadələr mahiyyəti üzrə də iddia tələbinin təmin edilməsinə yetərli deyildir. Vatsapp yazışmalarının tarixi 2023-cü ilin oktyabr-dekabr aylarına aid olduğundan həmin yazışmalar mübahisə predmeti olan əşyaların hazırda (mübahisə predmeti olan dövr üzrə) cavabdehin sərəncamında olmasını sübut etmir. İddia tələbinin həcmi (yüksək maliyyə məbləği), mahiyyəti və sübutetmə yükünün iddiaçının üzərində olması xüsusatı diqqətə alınmalıdır. Mübahisə üzrə kifayət qədər mötəbər sübutlar olmadan iddia tələbinin təmin edilməsi əsaslı hesab edilmir. Əgər tərəflər arasında icarə münasibətləri olubsa münasibətlərin yazılı qaydada rəsmiləşdirilməməsi müqavilənin etibarsızlığına səbəb olmasa da, bu kimi mübahisələr zamanı sübutetmə funskiyasının təmin edilməsində çətinliklərə səbəb olur ki, bunun riski də subyektin öz üzərindədir. Məhkəmə isə hazırki halda hər hansı faktı (icarə və s.) müəyyən etmir, iddia tələbinə mahiyyəti üzrə baxaraq sübutetmə həddi nöqteyi-nəzərdən tələbə dair yekun qərar qəbul edir. Mübahisə predmeti olan 2 ədəd GentleLase Pro 9914-9015-1553 və GentleLase Pro 9914-9015-3042 nömrəli lazer aparatlarının hazırda cavabdehin sərəncamında qanunsuz saxlanılması, cavabdeh tərəfindən həmin aparatlardan əsassız faydalanması mötəbər sübutlarla sübuta yetirilmir. Məhkəmə mülki işə tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü iddiaçının üzərindədir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh firmasına qarşı “2 ədəd lazer aparatının, bu mümkün olmadıqda onların dəyərinin, cavabdeh tərəfindən aparatlardan əldə etdiyi icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar