Məhkəmə qərarları › İş №2(004)-82/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-82/2022

03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-82/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 2460 manat pulun cavabdeh "xxxx" ASC-dən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi 6, 29 saylı mənzildə yaşayır. 09.02.2021-ci il tarixdə, səhər saatlarında enerji gərginliyinin həddindən artıq artırılması səbəbindən mənzilindəki avadanlıqlar sıradan çıxmışdır. Cavabdehin təqsirli hərəkəti nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, kondisioner, aspirator, kombinin transformatoru, telefon aparatı tam işləksiz vəziyyətdədir. Korlanmış əşyalar onun tərəfindən saxlanmışdır və sübut kimi təqdim oluna bilər. Yararsız vəziyyətə düşmüş əmlakın ümümi dəyəri 2460 manat təşkil edir. Belə ki, cavabdeh onun əmlakına vurduğu ziyanın əvəzini tam həcmdə ödəməyə borcludur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil da iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, cavabdeh "xxxx" ASC İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz edərək məhkəməyə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçı iddia ərizəsinə sübut qismində əlavə etdiyi 02 sentyabr 2021-ci il tarixli baxış aktı məhkəmə tərəfindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, sözügedən baxış aktı qanunvericiliyin norma və tələblərinə riayət olunmadan tərtib olunmuş, bundan əlavə baxış aktı tərtib olunarkən "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamışdır. Habelə iddiaçının şəxsi istifadəsində olan məişət avadanlıqlarının "xxxx" ASC-nin təqsirindən sıradan çıxmasını sübut edən heç bir əsas yoxdur. İddiaçının mənzilində olan əşyaların hər hansı qısaqapanma və ya cərəyanda gərginliyin artması və ya azalması nəticəsində sıradan çıxmasına görə "xxxx" ASC cavabdehlik daşımır. İş materiallarında olan RX seriyalı, ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan 09.11.2021-ci il tarixli Yasamal Rayonu Enerji Təchizatı və Satış idarəsinin rəisi X8 rayonu, Həsən Məcidov küçəsində yerləşən 6-cı binanın sakinləri tərəfindən ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, 09.02.2021-ci il tarxində, səhər saatlarında enerji gərginliyinin həddindən artıq artması səbəbindən evlərdəki avadanlıqların sıradan çıxmasına görə dəymiş ziyanın kompensasiya olunması təmin edilsin (maddi ziyan dəymiş avadanlıqların siyahısı əlavə olunmaqla). İş materiallarına əlavə edilmiş 09yx-1561 saylı, 15.02.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Yasamal rayonu, Həsən Məcidov küçəsi 6 saylı binanın sakinləri tərəfindən Yasamal Rayonu Enerji Təchizatı və Satış idarəsinə ünvanlanmış şikayət ərizəsi yerində araşdırılmış, araşdırma zamanı 342 saylı TM-dən binanı elektrik enerjisi ilə təmin edən 0,4 kV-luq kabel xətti və elektrik avadanlıqlarının normal vəziyyətdə olması məlum olmuşdur. Şikayətçilərin iddia etdikləri gərginliyin artması halı müşahidə edilməmişdir. İş materiallarına əlavə edilmiş 07.05.2021-ci il tarixli Aktda qeyd edilmişdir ki, Yasamal RETSİ-nin mühəndisi X1, elektrik montyoru X3 və Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 6 ünvanında yerləşən 29 saylı mənzildə yaşayan X4 bu aktı ona görə tərtib edirlər ki, mənzilə baxış keçirmiş və 09.02.2021-ci il tarixdə binanın girirş hissəsində baş vermiş qısaqapanma nəticəsində aktda adları sadalanan məişət avadanlıqları zədələnmişdir. Aktı tərtib edənlər aktı imzalamaqla təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin İddiaçı ünvanladığı 18.05.2021-ci il tarixli, 6-02/06-10/S-181/3887 nömrəli məktubda qeyd edilmişdir ki, qeyd edilən ərazinin enerji təchizatı 6/0,4 kV-luq 342 nömrəli TM-nin 0,4 kV-luq paylayıcı qurğusundan yeraltı kabel elektrik verilişi xətti vasitəsilə yerinə yetirilir. Abonentləri fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin etmək məqsədilə elektron sayğacları və sayğacdan sonra hər bir mənzili qısaqapanmadan və artıq yüklənmədən mühafizə etmək üçün avtomat quraşdırılmışdır. Belə ki, AR NK-nin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 5.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 Volta qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhəd kabelə daxil olduqda-binanın xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edildiyindən və Həmin Qaydaların 3.4cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşdüyündən dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşımır. Mənzildə işlədicilərin gücünə uyğun fərdi mühafizə qurğularının quraşdırılması mülkiyyətçiyə aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11.11.2021-ci il tarixli, 10/3607-9/5049 nömrəli ekspert rəyinə əsasən hadisənin baş vermə şəraitini, texniki ədəbiyyatda göstərilən halları və mütəxəssis rəyində olan məlumatları nəzərə aldıqda, ünvan 4 ünvanında binanın ümumi elektrik lövhəsində mənzillərin sayğaclarına gedən “0” xəttinin qırılması nəticəsində həmin binanın 29 saylı mənzilində şəbəkəyə qoşulu vəziyyətdə olan məişət cihazlarının gərginliyin artması zamanı sıradan çıxması mümkündür. Ekspertiza tədqiqatına təqdim edilən “Red Alarm” mütəxəssis AKT-da göstərilən əşyaların hal-hazırda orta bazar qiyməti ilə ümümi dəyəri təxminən 3374 manat müəyyən olunur (həmin əşyaların adları rəyin tədqiqi hissəsində göstərilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2) Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla cavabdeh "xxxx" ASC-nin İddiaçı 2460 manat məbləğində maddi ziyan vurması faktı təsdiqini tapmışdır. Həmin fakt iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11.11.2021-ci il tarixli, 10/3607-9/5049 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanında binanın ümumi elektrik lövhəsində mənzillərin sayğaclarına gedən “0” xəttinin qırılması nəticəsində həmin binanın 29 saylı mənzilində şəbəkəyə qoşulu vəziyyətdə olan məişət cihazlarının gərginliyin artması zamanı sıradan çıxması mümkündür. Ekspertiza tədqiqatına təqdim edilən “Red Alarm” mütəxəssis AKT-ında göstərilən əşyaların hal-hazırda orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3374 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan cavabdeh "xxxx" ASC-dən 2460 (iki min dörd yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2460 (iki min dörd yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar