Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-83/2022 16.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müəraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 643115,17 manat əsas borc, 123820,44 manat faiz borcu, 72719,98 manat cərimə olmaqla, cəmi 839655,39 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 54207/DİPM saylı kredit müqaviləsinə əsasən borcalana illik 8 faiz dərəcəsi ilə 800.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun banka 643115,17 manat əsas borc, 123820,44 manat faiz borcu, 72719,98 manat cərimə olmaqla, cəmi 839655,39 manat məbləğində borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2019-cu il tarixdə cəmi 7500 manat məbləğində ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia ərizəsində göstərilən faiz borcu və hesablanmış dəbbə pulu ilə heç bir vəchlə razı olmadığını, bu rəqəmlərin bank tərəfindən süni surətdə şişirdildiyini göstərmiş və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1, 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 54207/DİPM saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 8 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 800.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə banka 643115,17 manat əsas borc, 75657,68 manat faiz borcu, 33600,43 manat cərimə olmaqla, cəmi 752373,28 manat məbləğində borcu yaranmışdır. Hazırda iş materiallarına əlavə edilmiş iddia tələbinin artırılmasına dair xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə banka 643115,17 manat əsas borc, 123820,44 manat faiz borcu, 72719,98 manat cərimə olmaqla, cəmi 839655,39 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 4/1019 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə görə, ekspertizaya təqdim edilmiş, mülki işin 15-18-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli 54207/DİPM nömrəli “Kredit Müqaviləsi”nin 1-4-cü vərəqlərində olan “Borcalan” qrafalarındakı imzalar (5 ədəd imza), xx.xx.2017-ci il tarixli, 01**-NC-***23 nömrəli “Məxaric orderi”nin aşağı sol hissəsində “Vəsaiti aldım” qrafasında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/7128 saylı və xx.xx.2022-ci il tarixli, 9/1621 saylı məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə görə, kredit müqaviləsi üzrə iş materiallarında mədaxil orderlərinin, cari hesablardan çıxarışlar tam olmadığından kredit məbləği üzrə ödənişləri, faizlərin, cərimələrin hesablanmasının düzgünlüyünü və Cavabdeh xx.xx.2017-ci il tarixli, 54207/DİPM saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunu müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Habelə, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 643115,17 manat əsas borc, 123820,44 manat faiz borcu, 10000 manat cərimə olmaqla, cəmi 776935,61 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 54207/DİPM saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 643 115,17 manat əsas borc, 123 820,44 manat faiz borcu, 10 000 manat cərimə olmaqla, cəmi 776.935,61 (yeddi yüz yetmiş altı min doqquz yüz otuz beş manat 61 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-83/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-83/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver