Məhkəmə qərarları › İş №2(004)-839/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-839/2025

04.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-839/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bir otaqlı 12 kv.m. mənzildən qeydiyyatdan çıxarılmasına və evdən istifadəsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Cavabdeh ilə 2012-ci ildə rəsmi nikaha daxil olmuşdular. 2018-ci il tarixində cavabdehlə olan nikahları rəsmi olaraq pozulmuşdur. Cavabdehin hazırda istifadəsində olan və onun tərəfindən 3-cü şəxsə kirayəyə verilmiş ünvan 2 ünvanında yerləşən 1 otaqlı 12 kv. mənzil hansı ki, ailə qurmamışdan əvvəl iddiaçının anası pay verdiyi ev xüsusi mülkiyyətindədir. Nikahları pozulduqdan sonra cavabdeh tərəfindən kirayə verilmiş və cavabdeh mübahisəli mənzildən istifadə etmir, lakin özü başqa mənzildə yaşayır. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, israfil Əbilov küç., ev 51 dəfələrlə cavabdehdən mənzili mülkiyyətçi olaraq ona (iddiaçıya) təhvil verilməsini tələb etsə də, cavabdeh tələbinə rədd cavabı vermişdir. Bu səbəbdən pozulmuş hüququn müdafiəsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı və X2 ona qarşı iddia tələbilə məhkəməyə müraciət etmiş və ünvan 3 ünvanda yerləşən 1 otaqlı 12 kv.m. yaşayış sahəsindən qeydiyyatdan çıxarılma və istifadə hüququma xitam verilməsini xahiş etmişdir. Məlum tələblə bağlı aşağıdakıları məlum edir: Eyni tələblə iddiaçılar iddia ərizəsilə məhkəməyə müraciət etmiş və kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsin xahiş etmişdirlər. Sonda məhkəmə çəkişməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5028/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə tələb rədd edilmişdir. Məlum halda İddiaçı qismində çıxış etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, mənzil üzrə mülkiyyət hüququ yalnız keçmiş həyat yoldaşı İ.Gülmmədova məxsusdur. İddia ərizəsində qeyd olunur ki, mübahisəli mənzildə o yaşamır, bu həqiqəti əks etdirmir. Belə ki, adı çəkilən mənzil onun yeganə yaşayış sahəsidir. Övladlarının təhsildən azad vaxtları, mənzilin açarını tanışına verir. Məlum ünvana o ailə həyatı qurmaqla köçmüş və mülkiyyətçinin razılığı əsasında pasport qeydiyyatına düşmüşdür. Hər iki iddiaçı Türkiyə Respublikasında yaşayır, İddiaçı məxsus geniş 2 mənzil kirayəyə verilir, lakin nənə nəvələrini işıqlanmayan 12 kv.m. 1 otaqlı mənzildə saxlayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 301888 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 ilə Cavabdeh arasındaki nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 434 nömrə ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrin çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 106.6 kv/m olan mənzil xx.xx.2009-cu il tarixində ********** nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında 3 otaq y/s- 36.8 kv.m, k/s-29.4 kv.m mülkiyyət hüququ əsasında İddiaçı, xx.xx.2011-ci il tarixində ********** nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında 1 otaq mülkiyyət hüququ əsasında X1, xx.xx.2021-ci il tarixində ********** nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında 1 otaq mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01697 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə 13 saylı Mediasiya arayışdan görünür ki, mediasiya sessiyasının tərəfləri: İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən “Mediasiya haqqında” AR Qanununun 21.8-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5028/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12070/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, “...Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə hakim H.A.Səfərov, iş № 2(004)-5831/2017) X1 Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair ilkin və Cavabdeh Gülməmmədov brahim Meybulla oğluna qarşı evin 50%-nə mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və M.N.Tağızadə, iş № 2(103)-12070/2017) ilk iddia üzrə iddiaçı X2 və ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə ilk əvvəl qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmaması məsələsi yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyətdədir. Hazırda iddiaçı keçmiş gəlini, Cavabdeh istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iş materiallarından görünür ki, Cavabdeh iddiaçının deyil, X1 paylı mülkiyyətində olan 1 otaqlı mənzildə yaşayış hüququ əldə etməklə, həmin mənzildə uşaqları ilə birlikdə yaşayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5831/2017, 23 avqust 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən X1 Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair ilkin və Cavabdeh Gülməmmədov brahim Meybulla oğluna qarşı evin 50%-nə mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Beləliklə məhkəmə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar