Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-84/2022 05.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "maddi ziyanın ödənilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Hökməli dairəsi (keçmiş Binəqədi rayonu, Ş.Əfəndizadə küçəsi, 137, “Azpetrol” yanacaqdoldurma məntəqəsiilə həmsərhəd) ünvanında yerləşən fərdi yaşayış sahəsinə dəymiş ziyanın dəqiqləşdirilməsi üçün məhkəmə-tikinti ekspertizasının təyin edilməsi, Cavabdeh ASC tərəfindən ona vurulmuş maddi ziyanın və ekspertiza xərclərinin ödənilməsi, eləcə də uçotsuz və təyinatsız axıdılan suyun qarşısının alınması vəzifəsininCavabdeh ASC-nin üzərinə qoyulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh ASC-dən dəymiş maddi ziyanın əvəzi olan 13200 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Abşeron rayonu, Hökməli dairəsi ünvanında yerləşən fərdi yaşayış sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Həmin evin zirzəmisinə bir neçə ilə yaxındır ki, yeraltı içməli su axır. Abşeron Sukanal idarəsinin əməkdaşlarının dediyinə görə evdən 15 metr aralı olan, küçədən keçən “JB” xəttində çürümə və sızma vardır. Həmin su oradan gəlir. Onların imkanı və texnikası olmadığından, yalnız Cavabdeh:ASC-nin rəhbərliyi bu işə əncam çəkə bilər. Xalqa məxsus 1000 kublarla nemət axıb gedir. O, 2018-ci ildən başlayaraq dəfələrlə yazılı və qaynar xətt vasitəsi ilə Cəmiyyətin rəhbərliyinə müraciət etmişdir. Bu vaxta qədər heç bir tədbir görülməmişdir. Məcbur olub evin qarşısında su anbarı tikdirib, evi küçədən və həyətdən deşik açaraq içməli suyu 75 mm-lik boru ilə həyətdəki kanalizasiya sisteminə qoşmuşdur. Evinə külli miqdarda ziyan dəymişdir. Birinci mərtəbədə divar çatlamış, isti döşəmə sıradan çıxmışdır, metlaxlar yerindən qalxıb, eləcə də divarların boyası və suvağı tökülmüşdür. Dəymiş ziyanın on altı min manat olduğunu hesab edir. Hətta evin çökmə ehtimalı vardır. Bu barədə Cavabdeh ASC-yə 10.04 2018-ci il və xx.xx.2019-cu il tarixlərdə ərizə ilə və müxtəlif vaxtlarda qaynar xəttə müraciət etmişdir. Ərizəsi formal olaraq bağlanılmışdır, lakin heç bir tədbir görülməmişdir. Rəsmi cavab almamışdır. Təxminən 2019-cu ilin iyul ayının ortalarında əraziyə baxış keçirib getmişlər. Həmin gün axşam saatlarında ona Abşeron sukanal idarəsinin əməkdaşı sərxoş vəziyyətdə zəng vurub bildirmişdir ki, məsələnin həlli necə davranmağından asılıdır. Evinin çökməsini istəmirsə “hərəkət” etsin. Məsələni öz üzərinə götürə biləcək adam tapa bilməmişdir. Bu səbəbdən su əvvəlki kimi axmaqda davam edir. Bir sözlə, ölkədə içməli su qıtlığı günün əsas probleminin olmasına baxmayaraq Cavabdeh ASC bu məsələ ilə məşğul olmaq istəmir. Suala cavab olaraq bildirir ki, həmin sahə evdir, birinci mərtəbəsini isə göyərti satmaq üçün icarəyə vermişdir. Əlavə olaraq bildirir ki, ekspert rəyi ilə razıdır. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, həmin obyektə baxış keçirilmiş və hər hansı sızmanın baş verməsi aşkar edilməmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Əvvəl həmin ərazinin torpağı yoxuş olmuş, sonradan hamarlaşmışdır. Həmin ərazi ümumiyyətlə rütubətli ərazidir. Rütubətlilik boru ilə əlaqəli deyildir. Obyekt isə borunun üzərində qanunsuz inşa edilmişdir. Obyektin özü ümumiyyətlə düzgün tikilməmişdir. Suala cavab olaraq bildirir ki, iddiaçının onlara əvvəl yazdığı məktubdan xəbəri yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, №0143631 nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şossesi, Hökməli dairəsi ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1073 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin su basmış yarımzirzəmi sahəsinə su basması nəticəsində ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün lazım olan vəsaitin hazırki mövcud olan bazar qiymətlərinə uyğun olaraq 13200 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4806 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yarımzirzəmisinin su basmasının texniki səbəbi Cavabdeh ASC-yə məxsus su və kanalizasiya borularında baş vermiş qəzadır. Yaşayış sahəsini su basması Cavabdeh ASC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məsələsinin müəyyənləşdirilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdehə məxsus su və kanalizasiya borularında baş vermiş qəza nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evini su basmış və ona sonradan 13200 manat məbləğində dəyərləndirilmiş maddi ziyan dəymişdir. Hazırda iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş ziyanın əvəzi olan 13200 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə etiraz ərizəsi verərək iddia tələbinin əsassız olduğunu bildirirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia əsaslıdır. Belə ki, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə iddiaçıya subasma nəticəsində 13200 manat məbləğində maddi ziyan dəydiyi sübut olunduğundan iddiaçı dəymiş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, iddiaçının mənzilində baş vermiş su sızmasına texniki olaraq cavabdehə məxsus su və kanalizasiya borularında baş vermiş qəzalar səbəb olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehə məxsus boruların saz vəziyyətdə saxlanılmasına və təmirinə görə cavabdeh məsuliyyət daşıyır. Bu halda borularda baş vermiş qəzalar nəticəsində dəymiş ziyanın əvəzi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 5.1.8-ci maddəsinə əsasən STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüquqlarından biridir. Həmin qaydaların 9.9-cu bəndinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh ASC-dən dəymiş maddi ziyana görə 13200 (on üç min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-dən dəymiş maddi ziyana görə 13200 (on üç min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh ASC-dən 129,6 (yüz iyirmi doqquz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-84/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-84/2022
05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver