Məhkəmə qərarları › İş №2(004)-85/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-85/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-85/2021 29.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Cavabdeh Zülfüqar oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Zülfüqar oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Zülfüqar oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Zülfüqar oğlundan xx.xx.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış 132.466,51 manat əsas borc, 18.723,34 manat faiz (xx.xx.2013-cü il tarixə), 39.923,87 manat dəbbə, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla 40.899,03 manat (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği olmaqla, cəmi 232.012,75 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh Zülfüqar oğluna 12 ay müddətinə illik 14 % ödənilməsi şərtilə 300.000 manat kredit vermişdir. Sonradan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə xx.xx.2015-ci ilə kimi, xx.xx.2015-ci il tarixdə isə xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, borcu vaxtında ödəməmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 132.466,51 manat əsas borcu, 18.723,34 manat faiz borcu (xx.xx.2013-cü il tarixə), 39.923,87 manat dəbbə pulu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla hesablanmış 40.899,03 manat faiz məbləği olmaqla, cəmi 232.012,75 manat borcu yaranmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1262 nömrəli eksperti rəyində göstərildiyi kimi Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 69.434,50 manat əsas borc və 14.311,22 manat faiz borcu qalması ilə iddiaçı razılaşmır. Çünki, ekspertiza rəyində faiz borcu xx.xx.2013-cü il tarixə kimi 14 faizlə, bu tarixdən sonra isə 5 faizlə hesablanmışdır. əslində müqavilənin müddəti xx.xx.2017-ci ildə başa çatdığı üçün həmin tarixə kimi faiz məbləği 14 faizə hesablanmalı idi. İddia tələbində xx.xx.2013-cü il tarixə kimi yaranmış 18.723,34 manat faiz borcunun tutulması qoyulsa da, hesab edir ki, faizlər düzgün hesablanmayıb. Odur ki, iddia tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdeh Zülfüqar oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddanı qismən qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh Zülfüqar oğluna 12 ay müddətinə illik 14 % ödənilməsi şərtilə 300.000 manat kredit vermişdir. Sonradan xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə xx.xx.2015-ci ilə kimi, xx.xx.2015-ci il tarixdə isə xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. Cavabdeh üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirmiş, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə kimi ümumilikdə 292.963,83 manat ödəniş etmişdir. Lakin iddiaçı cavabdehin ödənişlərini təyinatı üzrə düzgün silməmiş, əsas və faiz borcunun məbləğini, dəbbə pulunu və müqavilənin müddətinin bitməsindən sonrakı dövr üçün hesablanan faiz məbləğlərini həddindən artıq şişirtmiş, cavabdehi əlverişsiz vəziyyətə salmışdır. Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 132.466,51 manat əsas borcu, 18.723,34 manat faiz borcu (xx.xx.2013-cü il tarixə), 39.923,87 manat dəbbə pulu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla hesablanmış 40.899,03 manat faiz məbləği olmaqla, cəmi 232.012,75 manat borcu yaranması ilə razı olmadığına görə, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edələrək keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli 1262 nömrəli ekspert rəyinə əsasən Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə kimi 230.565,50 manat əsas borc və 62.398,33 manat faiz borcu olmaqla, cəmi 292.963,83 manat vəsait ödəmişdir. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin, xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli əlavə sazişlərin şərtləri əsas götürülməklə, Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə kimi 69.434,50 manat əsas borc və 14.311,22 manat faiz borcu ödənilməmiş qalmışdır. Cavabdeh Zülfüqar oğlu xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 69.434,50 manat əsas borc və 14.311,22 manat faiz borcu ödəməyə etiraz etmir. Qalan hissələrdə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh Zülfüqar oğluna 12 ay müddətinə illik 14 % ödənilməsi şərtilə 300.000 manat kredit vermişdir. Sonradan tərəflər arasında kredit müqaviləsinə əlavə saziş imzalanmaqla xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə xx.xx.2015-ci il tarixə kimi, xx.xx.2015-ci il tarixdə isə xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında tam şəkildə ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etmək üçün verdiyi xx.xx.2019-cu il tarixli **********147 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 132.466,51 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 18.723,34 manat faiz borcu (xx.xx.2012-xx.xx.2013-cü il tarixə), müqavilə üzrə borcun ödənilməsini gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 39.923,87 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci madəsinə görə hesablanan illik 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla hesablanmış 40.899,03 manat faiz məbləği olmaqla, cəmi 232.012,75 manat borcu yaranmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-6896/2019 nömrəli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizası rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1262 nömrəli ekspert rəyi mülki iş ilə birlikdə xx.xx.2020-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-392/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Covid-19 pandemiyası ilə bağlı işə baxılması mümkün olmamış, işə baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təxirə salınmış və işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1262 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə kimi İddiaçı ASC-yə 230.565,50 manat əsas borc və 62.398,33 manat faiz borcu olmaqla, cəmi 292.963,83 manat vəsait ödəmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsinin, xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli əlavə sazişlərin şərtləri əsas götürülməklə, Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə 300.000 manat əsas borc və 21.126,67 manat faiz borcu qalmışdır (sualda qeyd olunan tarixə). Cavabdeh Zülfüqar oğlunun xx.xx.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə kimi 69.434,50 manat əsas borc və 14.311,22 manat faiz borcu qalmışdır (maliyyə arayışında göstərilən tarixə). Faiz borcunun hesablanması xx.xx.2013-cü il tarixə kimi 14%-lə, xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixə kimi isə 5%-lə həyata keçirilmişdir. Qeyd edilir ki, bank tərəfindən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. Məhkəmə iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşır və onu mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli maliyyə arayışında və iddia tələbində Cavabdeh Zülfüqar oğlundan xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 18.723,34 manat faiz borcunun ödənilməsini tələb etmişdir (xx.xx.2012-xx.xx.2013-cü il tarixə), xx.xx.2013-cü il tarixdən sonrakı dövr üçün isə - kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla 40.899,03 manat (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğinin ödənilməsini tələb etmişdir. İddiaçı xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi cavabdehdən 14%-lə hesablanmış borcun tələb edilməsinə dair məhkəməyə iddia verməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi hesablanan borcun 5%-lə deyil, 14%-lə hesablanması üçün təkrar ekspertiza təyin edilməsinə dair vəsatətini rədd etmiş və tələb olmadığı təqdirdə, həmin hissədə yenidən ekspertiza keçirilməsinə lüzüm görməmişdir. Çünki, iddiaçı iddia tələbində 14%-lə hesablanmış faiz borcunu yalnız xx.xx.2013-cü il tarixə kimi tələb etmişdir, sonradan iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə uyğun olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 39.923,87 manat cərimə (dəbbə) azaldılaraq 500 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli 1262 nömrəli ekspert rəyinə uyğun olaraq Cavabdeh Zülfüqar oğlundan xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 69.434,50 manat əsas borc, 14.311,22 manat faiz, 500 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 84.275,72 manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Kredit müqaviləsinin müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci madəsinə görə hesablanan illik 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla hesablanmış 40.899,03 manat faiz məbləğinin yaranması ilə məhkəmə razılaşmır və ümumilikdə müqavilə üzrə (müqavilə müddətində və müddət bitdikdən sonra xx.xx.2019-cu il tarixə kimi) cavabdehin faiz borcunun 14.311,22 manat təşkil etməsi ilə razılaşır, faiz tutulmasının qalan hissələrində iddianı əsassız hesab edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 150 manat pul Cavabdeh Zülfüqar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Zülfüqar oğlundan xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 69.434,50 manat əsas borc, 14.311,22 manat faiz, 500 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 84.275,72 (səksən dörd min iki yüz yetmiş beş manat yetmiş iki qəpik) manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 150 (yüz əlli) manat pul Cavabdeh Zülfüqar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar