Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-85/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh və Yasamal Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15 000 manat pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2550/2019 saylı, 20.02.2019-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, 11 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə, həmin mənzildən çıxarılmalıdır. Həmin icra sənədi 1 ildən çox icraatda saxlanılmış və vaxtında icrası təmin edilməmişdir. Qeyd olunan müddətdən sonra icra tədbirlərinə başlanılmış, təyin olunmuş müddətlərdə iş icra olunmamış, borcluya uzun müddət şərait yaradılmışdır ki, əşyalarını mənzildən özü çıxartsın. Bundan istifadə edən borclu mənzili tam yararsız vəziyyətə salmışdır. Hətta mənzilin divarlarını belə söküb, yerə tökmüşdür. İddiaçı dəfələrlə İcra Şöbəsinə bildirmişdir ki, cavabdeh mənzili söküb-dağıdacaqdır. Lakin, Yasamal rayon İcra Şöbəsi tərəfindən buna əhəmiyyət verilməmiş və ona şərait yaradılmışdır ki, mənzili söküb-dağıtsın. Beləliklə, cavabdeh tərəfindən mənzilin sökülüb-dağıdıldığı yerləri bərpa etməkdən ötrü 15000 manatdan artıq vəsait xərcləmişdir. Ona görə də cavabdehdən xahiş etmişdir ki, ona dəymiş maddi ziyanı ona ödəsinlər, lakin hal-hazıra kimi ona dəymiş maddi ziyan ödənilməmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi onun ərizələrinə cavab olaraq bildirmişdir ki, “Məhkəmə qərarının icrası ilə bağlı daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2550/2019 saylı icra sənədinə əsasən Cavabdeh mülkiyyətinizdə olan Bakı şəhəri, Yasamal rayonu, Nərman Nərimanov küçəsi, 11 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Borclu Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Nərman Nərimanov küçəsi, 11 saylı evin, 1 saylı mənzilindən çıxarılmalıdır. Qeyd olunan icra sənədi 08.06.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İş üzrə borclu Cavabdeh şöbəyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2550/2019 saylı, 20.02.2019-cu il tarixli qətnaməsini 30.07.2019-cu il tarixdə rəsmi qaydada aldığını bildirmişdir. İcraat zamanı Cavabdeh tərəfindən qeyd olunan qətnamədən kassasiya şikayəti verildiyindən icra məmurunun 31.10.2019-cu il tarixli qərarı ilə iş üzrə icraat “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən dayandırılmışdır. AR Ali Məhkəməsinin 20.02.2019-cu il tarixli qərarı ilə yuxarıda qeyd olunan icra sənədinə əsas olmuş qətnamə qüvvədə saxlanıldığından icraat təzələnmişdir. Məlum olduğu kimi, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisinaə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının, habelə “Koronavirus (COVİD-19) infeksiyasına qarşı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi haqqında” Nazirlik üzrə 17.03.2020-ci il tarixli əmrin, o cümlədən Baş icra məmurunun 31.03.2020-ci il tarixli göstərişinin tələbləri nəzərə alınaraq icra sənədinin icrası xüsusi karantin rejimi müddətində təxirə salınmışdır. Həyata keçirilmiş icra tədbirləri nəticəsində tələb 17.07.2020-ci il tarixdə təmin edilmiş və icra məmurunun 21.07.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İcra məmurunun qanunsuz hesab etdiyiniz hərəkət və ya hərəkətsizliyindən aidiyyəti məhkəməyə şikayət etmək hüququnuz vardır.” Beləliklə, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi vaxtında icra sənədini icra etməmiş, cavabdehə şərait yaratmışdır ki, iddiaçının mülkiyətini yararsız vəziyyətə salsın və bununla da iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh hətta mənzilin unitazını belə söküb aparmışdır. Mənzilin əvvəlki və sonrakı vəziyyəti barədə fotoşəkillər vardır və həmin şəkilləri Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə də təqdim etmişdir. Yasamal Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 2(004)-2661/2021 saylı qərardadı ilə iddianın cavabdeh Yasamal Rayon İcra Şöbəsinə aid hissəsi üzrə mülki iş üzrə icraata həmin cavabdehə qarşı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 24 noyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, 11 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsədə həmin mənzil onun iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş və birgə nikah dövründə təmir edilmişdir. Mənzilin qapıları, kombi radiatorları, hamam otağında əl-üz yuyan, vanna onun vəsaiti hesabına alındığından hesab edir ki, həmin əşyalar ona məxsusdur. Odur ki, həmin əşyaları mənzildən çıxarkən sökərək özü ilə aparmışdır. Mənzilin divar kağızları onun tərəfindən cırılmamışdır. Yataq otağının tavanı, divarı, divar kağızları üst mərtəbədə yaşayan qonşunun mənzilindən su axıdılması nəticəsində yararsız hala salınmışdır. Həmin məhkəmə iclasında iddiaçı mənzilin cavabdehlə birgə nikah dövründə əldə edildiyini və birgə nikah dövründə təmir edildiyini təsdiq etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə məhkəmənin 24 noyabr 2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, 11 saylı evin, 1 saylı mənzilin əvvəlki və sonrakı vəziyyətini əks etdirən foto şəkillər və video görüntülər əsasında mənzilin əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan vəsait nə qədər təşkil edir? Mənzilin divarlarında və pəncərələrində yaranmış qüsurlar hansı səbəbdən yaranmışdır? Mənzilin ekspertə təqdim edilməsi mənzil iddiaçıya təhvil verildiyindən iddiaçıya həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 31.01.2022-ci il tarixli 10/6736 saylı ekspert məlumatından müəyyən olunur ki, mülki iş üzrə təyin edilmiş ekspertiza aşağıdakı səbəbə görə mümkün olmamışdır: Ekspertiza qərardadı ilə ekspert qarşısında qoyulmuş sualların həlli üçün ekspertlərin iştirakı ilə tədqiqat obyektinə 26.01.2022-ci il tarixdə baxış keçirilməsinin təşkil edilməsi barədə 13.12.2021-ci il tarixdə vəsatət verilmişdir. Göstərilən tarixdə məhkəməyə gedilmiş, lakin tərəflər iştirak etmədiyi üçün baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ekspertizanın keçirilməsi üçün mənzili ekspertə təqdim etmədiyindən, eyni zamanda iddiaçı məhz cavabdehin təqsiri nəticəsində onun mənzilinin tavanına, döşəməsinə, divarlarına zərər dəyməsini və həmin zərərin aradan qaldırılması üçün 15000 manat məbləğində xərc çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ekspertiza təyin edilən fakt, yəni iddiaçıya məxsus mənzilə cavabdeh tərəfindən zərər vurulması faktı təsdiq edilməmiş hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-85/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-85/2022
07.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver