Məhkəmə qərarları › İş №2(004)-862/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-862/2023

09.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-862/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər “Cavabdeh1” restoranına və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1” restoranına və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərlə əlaqədar cavabdehlər “Cavabdeh1” restoranından və Cavabdeh2 10300 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "X5" restoranının havalandırma qurğusunu izolasiya edən zaman nərdivandan yerə yıxılaraq sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən təyin olunmuş məhkəmə tibbi ekspertizasının 11 dekabr 2021-ci il tarixli rəyi vardır. Bakı şəhəri Nizami rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 54 ünvanında yerləşən "X5" restoranın sahibi Cavabdeh2 tərəfindən X2 zəng olunaraq restoranda mətbəxə havalandırma qurğusu quraşdırılması xahiş olunmuşdur. Mirəli Məmmədovun göstərişi ilə həmin işin icrasını həyata keçirərkən xəsarətlər almışdır. Evlidir və himayəsində 4 nəfər ailə üzvləri vardır. Ailədə ondan başqa qazanc gətirən yoxdur. Təəssüf ki, cavabdeh tərəf bu müddət ərzində onun heç bir ehtiyaclarını ödəməmişdir. Halbuki, o, Bakı şəhərində kirayədə qalır. Günəmuzd işləyir, ailəsini dolandırır. Son bir il ərzində sağlamlığına vurulmuş zərər nəticəsində ona təqribən 10300 manat zərər yetirilmişdir. Həmin zərər aşağıdakı qaydada hesablanmışdır. Belə ki, usta X1 briqadasında çalışaraq hər gün günəmuzda işləməklə 20 manat qazanmışdır. Bu hesabla 1 il ərzində (365 x20) 7300 manat təşkil edir. Bundan başqa 2 min manat əməliyyatı və 1 ay 4 gün yataq şəraitində qalmaqla iynələrə, sistemə, digər müalicələrə və 3 dəfə qan alınıb vurulmasına (hər dəfə 110 manat) görə 1000 manat xərclənmişdir. Beləliklə, işsiz qaldığı dövrə görə əldən çıxmış qazancı 7300 manat, sağlamlığının bərpası üçün müalicə xərcləri 3000 manat olmaqla cəmi 10300 manat təşkil etmişdir. Təəssüf ki, cavabdeh tərəf bu xərclərin ona ödənilməsini təmin etmədikləri üçün məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin cavabdehin sualına cavab olaraq bildirmişdir ki, Cavabdeh2 onu iş görmək üçün çağırmamış, ona pul verməmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, Zahidi əvvəllər Mirəlinin yanında görmüşdür. Zahidi nə iş görmək üçün çağırmış, nə də ona pul vermişdir. O, havalandırma qurğusunu izolyasiya etmək üçün tanıdığı Mirəli adlı ustanı çağırmışdı. O, Zahidin gəlişi barədə məlumatı ona ustanın yıxılması və təcili tibbi yardım çağırılması barədə bildirdikləri zaman olmuşdur. O, həmin yerə gəldikdə İddiaçı skameykada oturduğunu görmüşdür. O, əvvəldən Zahidlə danışmamış onu çağırmamışdır. Hesab edir ki, iddia əsasızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, izahatı alınmış X3 bildirmişdir ki, rəsmi heç yerdə işləmir, lakin tanışlarının xahişi ilə havalandırma sistemlərinin təmizlənməsi və quraşdırılması işləri ilə məşğul olur. Təxminən 6-7 ay bundan əvvəl ünvan 3 ünvanında yerləşən «X5» restoranının sahibi Cavabdeh2 ona zəng etmiş və onun nömrəsini ortaq tanışlarından almasını, işlətdiyi restoranda mətbəxə havalandırma qurğusu quraşdırmaq istəməsini bildirmiş və ondan həmin yerə gələrək havalandırma qurğusu quraşdırmağı xahiş etmişdir. Həmin vaxt, o, yaşadığı Mehdiabad qəsəbəsindən tanıdığı, fəhləliklə məşğul olan İddiaçı ona köməklik etməyi təklif etmiş, sonuncu razılaşmış və onlar birlikdə həmin yerə gələrək restoranın arxasında havalandırma qurğusunu quraşdırmışlar. 29 oktyabr 2021 -ci il tarixdə Cavabdeh2 ona zəng etmiş, havalandırma qurğusunun səs etməsini, qonşuların bundan narazıçılıq etməsini bildirmişdir. O, həmin yerə gedib baxmış və qurğunun üzərindən termofleks izolyasiya materialı vurulsa səsin kəsəcəyini bildirmişdir. Pərviz ona həmin yerə izolyasiya vurmasını təklif etmiş, lakin o, gözü zəif olduğuna görə başqa bir adam göndərəcəyini bildirmişdir. Pərviz ona 50 manat vermiş və o, Dərnəgül şossesindən izolyasiya materialı almış və yaşadığı Mehdiabad qəsəbəsinə getmişdir. Orada yaşadığı evin yaxınlığında kafedə olarkən İddiaçı görmüş, söhbət edərkən Zahidə 15 manat müqabilində «X5» restoranında izolyasiya etməyi təklif etmiş, Zahid razılaşmış və o, izolyasiya materialını Zahidə vermişdir. Üzərində pul olmadığı üçün o, Zahidə sabah gedib işi görməsini və axşam yenidən kafedə görüşdükdə pulu özü verəcəyini bildirmişdir. O, Zahid onunla birlikdə əvvəl həmin restoranda olduğu üçün Zahidə başqa hər hansı şey izah etməyə ehtiyac görməmişdir. 30 oktyabr 2021-ci il tarixdə günorta saatlarında restoranın sahibi Cavabdeh2 ona zəng etmiş, Zahidin işi görən vaxt nərdivanlardan yerə yıxılmasını və Təcili tibbi yardımmaşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılmasını bildirmişdir. O, dərhal 3 saylı ŞKX-yə getmiş və orada olarkən ona İddiaçı qol və bud nahiyələrində xəsarətlərin olduğunu demişlər. O, Zahiddən necə yıxıldığını soruşduqda Zahid hadisə zamanı işə başlamaq üçün nərdivana çıxmasını, lakin işə başlayarkən nərdivandan sürüşdüyünü bildirmişdir. Həmin gün İddiaçı evə buraxılmış, və o, Zahidin dərmanlarını almış və bir neçə dəfə Zahidin istədiklərini alaraq ona aparmışdır. O, sonradan öyrənmişdir ki, Zahid ağrıları olduğuna görə yenidən 3 saylı ŞKX-ya yerləşdirilmişdir. Həmçinin qeyd edilən qərardan görünür ki, materiala əlavə edilmiş 19 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, həmin tarixdə ünvan 3 ünvanında yerləşən 144,1 kv.m-lik sahə Cavabdeh2 tərəfindən icarəyə götürülmüşdür. Materiala əlavə edilmiş **********7 nömrəli arayışa əsasən, ünvan 3 ünvanında yerləşən təsərrüfat subyekti ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Cavabdeh2 tərəfindən “X5” adı altında uçota alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən müəyyən edilmişdir ki, İddiaçı 30 oktyabr 2021-ci il tarixdə saat 15:00 radələrində ünvan 4 ünvanında «X5» restoranının arxasındakı havalandırma qurğusuna izolyasiya işlərini yernə yetirərkən 3.52 metr hündürlükdə, dayandığı pilləkənin üzərində müvazinətini itirib yerə yıxılıb sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almışdır. Toplanmış materiala əsasən müəyyən eidlmişdir ki, “X5» restoranının 3,52 metr hündürlükdə yerləşən havalandırma sisteminə izolyasiya peşə-ixtisas təhsili olmayan, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçməmiş İddiaçı cəlb etdiyinə, ona fərdi mühafizə vasitələri və hündürlükdə işlərin təhlükəsiz görülməsi üçün müvafiq ayaqaltmın verilməsini təşkil etmədiyinə görə, «Hündürİükdə iş zamanı texniki təhlükəsizlik qaydalarının» 2.3, 2.6, 3.1, 3.2, 3.5 bəndlərinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-80 saylı «Tikinti noma və qaydaları»nın 1.9, 1.20, 2.1, 2.26, 4.17-ci bəndlərinin tələbləri X3 tərəfindən pozulduğundan, sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında iş başlanaraq baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı iş prosesində baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş zərəri və işsiz qaldığı dövr üçün əldən çıxmış qazancı tələb etsə də, iddiaçıya maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətləri (əməlləri) və bu hərəkətin (əməlin) nəticəsi arasında səbəbli əlaqə öz təsdiqini tapmamış, bununla bağlı sübutlar mövcud deyildir. Çünki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Əvvəla ünvan 3 ünvanında yerləşən təsərrüfat subyekti ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Cavabdeh2 tərəfindən “X5” adı altında uçota alınmışdır. Beləliklə də, “X5” restoranı hüquqi şəxs olmamaqla məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik deyildir. Ona görə də, hazırki halda “X5” restoranı iddiaya cavab verməli olan şəxs qismində iştirak edə bilməz. İddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı «X5» restoranının arxasındakı havalandırma qurğusuna izolyasiya işlərini yerinə yetirərkən 3.52 metr hündürlükdə, dayandığı pilləkənin üzərində müvazinətini itirib yerə yıxılıb sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət alsa da, o, Cavabdeh2 ilə əmək münasibətlərində olmamış, Cavabdeh2 havalandırma qurğusuna izolyasiya işlərini yerinə yetirməyi ona həvalə etməmiş, bununla da onun üçün təhlükəsiz əmək şəraitinin təmin edilməsi kimi vəzifəsi olmamışdır. Cavabdeh2 bu işi görməyi X2, o isə İddiaçı tapşırmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı sağlamlığına vurulmuş zərərlə bağlı müalicəsinə 3000 manat xərc çəkməsinə və hər gün 20 manat qazanc olmaqla, ildə 7300 manat qazanc əldə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının sağlamlığına zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı cavabdehlər “Cavabdeh1” restoranına və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1” restoranına və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar