Məhkəmə qərarları › İş №2(004)-883/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-883/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-883/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat və vurulmuş zərər qismində 250 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin dekabr ayında Cavabdeh İddiaçı kitabını çap etməklə bağlı razılaşmışdır. Cavabdeh iddiaçıya bildirmişdir ki, o, Azərbaycan Nəşriyyatında işləyir və kitab çapı ilə məşğul olur. Razılaşma üzrə cavabdeh müvafiq kitabın çap edilməsi ilə bağlı iddiaçıdan 750 manat pul almış, lakin, öhdəliklərinə əməl etməyərək kitabı çap etdirməmiş və aldığı 750 manat pulu iddiaçıya geri qaytarmamışdır. Cavabdeh iddiaçıya pul vəsaitini geri qaytarmamaqla ona 250 manat miqdarında zərər vurmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Yasamal RPİ 28-ci PŞ-nin xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsinin 3-cü abzasına əsasən müəyyən edilir ki, izahatı alınmış Əliyev X1 Qəşəm İsa oğlunu uzun müddətdir tanıdığını bildirmişdir. 2023-cü ilin dekabr ayında X2 Qəşəmdən 300 ədəd kitabın çapı ilə bağlı 750 manat pul almışdır. 2024-cü ilin avqust ayında həmin pul vəsaitini geri qaytaracaqdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtləri və MM-in Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə), MM-in 1096, 1097-ci maddələrinin dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Zərər dedikdə həm real zərər, həm də əldən çıxmış fayda nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 2023-cü ilin dekabr ayında Cavabdeh İddiaçı kitabını çap etməklə bağlı razılaşmış, şifahi tapşırıq müqaviləsi münasibətlərinə daxil olmuşlar. Müqavilə üzrə cavabdeh müvafiq kitabın çap edilməsi ilə bağlı iddiaçıdan 750 manat pul almış, lakin, müqavilə (şifahi) öhdəliklərinə əməl etməyərək kitabı çap etdirməmiş və aldığı 750 manat pulu iddiaçıya geri qaytarmamışdır. Odur ki, iddia tələbi həmin hissədə əsaslıdır. İddia tələbi üzrə vurulmuş zərər qismində 250 manat pul tələb edilməsi hissəsində MM-in 449-cu maddəsinə istinad edilmişdir. Bundan əlavə, iddia tələbi üzrə qeyd edilən MM-in 449-cu maddəsində nəzərdə tutulmuş dispozitiv əsaslar müəyyən edilmir, iddia tələbi həmin hissədə sübuta yetirilmir. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən tələbin qanuni əsası qismində MM-in 445.7-ci maddəsinə deyil, 449-cu maddəsinə istinad edilmişdir. “Məhkəmə hüququ bilir” prinsipi nəzərə alınmaqla, MM-in 445.7-ci maddəsinin dispozitiv şərtləri tətbiq edilməli, 750 manat pulun gecikdirilmiş 1 il üçün 5% hissəsi, yəni 37 (otuz yeddi) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəzərə alınmalıdır ki, öhdəliyin icrasının gecikdirilməsi müddəti 1 il təşkil edir. Məhkəmə mübahisə üzrə tətbiq edilmə ehtimalı olan digər qanuni əsaslara da münasibət bildirməyi əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə heç bir dispozitiv şərt yerinə yetirilmir. Odur ki, cavabdehin məsuliyyətinin maddi hüquqi əsası mövcud deyildir. Məhkəmə hesab edir ki, müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçıya mənəvi zərərin vurulması ağlabatan hesab edilmir. Əldən çıxmış faydanın yaranması əsasları və hesablanma meyarları iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Məhkəmə tələb iddia həddində baxır. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh tərəfindən məhkəmə iclaslarında iştirak edilməmiş, iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu istiqamətdə sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Məhkəmə nəzərə alır ki, iddia tələbi üzrə ödənilmiş 750 manat pulun geri qaytarılması hissəsində təkzibetmə yükü cavabdehin üzərindədir. Məhkəmə nəzərə alır ki, iddia tələbi üzrə yetərli qədər əsaslı sübutlar mövcud deyildir. Lakin, tələbin 750 manat pulun geri qaytarılması hissəsində təmin edilməsi daha məqsədə müvafiqdir. Belə ki, həmin hissədə tələbin təmin edilməsi istiqamətində ilkin sübutlar mövcuddur. Həmin sübutların mübahisələndirilməsi isə cavabdeh tərəfindən həyata keçirilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məhkəmə xərci kimi cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 750 (yeddi yüz əlli) manat, MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən 37 (otuz yeddi) manat olmaqla ümumilikdə 787 (yeddi yüz səksən yeddi) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat, MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən 37 (otuz yeddi) manat olmaqla ümumilikdə 787 (yeddi yüz səksən yeddi) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar