Məhkəmə qərarları › İş №2(004)-890/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-890/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-890/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8563 ABŞ dollan məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 8563 ABŞ dollan borcun və 133,67 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 26 %-lə 36 ay müddətinə 63 700 ABŞ dolları məbləğində kredit verilmişdir. Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(004)-9798/2017 saylı məhkəmə qətnaməsinə əsasən Cavabdeh 51697,97 ABŞ dolları əsas borc, 25207,13 ABŞ dolları faiz borcu və 1840,91 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 78746,01 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC-nin) hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə borc hissəsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixli Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda 15 yanvar 2015ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 8563 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8563 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə borclunun deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənasübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icram gecikdirməsi sayılır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki- hüquqi məsuliyyət tədbiridir.Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması,yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş matariallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh "xxxx" İKB-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 51697 (əlli bir min altı yüz doxsan yeddi) ABŞ dolları, 97 (doxsan yeddi) sent əsas, 25207 (iyirmi beş min iki yüz yeddi) ABŞ dolları, 13 (on üç) sent faiz, 1840 (bir min səkkiz yüz qırx) ABŞ dolları, 91 (doxsan bir) sent cərimə olmaqla, cəmi 78746 (yetmiş səkkiz min yeddi yüz qırx altı) ABŞ dolları, 01 (bir) sent (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), borc və 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 78746 (yetmiş səkkiz min yeddi yüz qırx altı) ABŞ dolları, 01 (bir) sent məbləğində pulun "xxxx" İKB-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh ilə "xxxx" İKB arasında bağlanmış 15 yanvar 2015ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 6 açıq hərracda ilkin satış qiyməti 135000 manat müəyyən edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə (hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 63 700 ABŞ dollan məbləğində kredit verilmişdir. 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən onun banka əldən çıxmış fayda (borca hesablanmış 5 %) olaraq 8563 ABŞ dolları borcu vardır. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinin təmin etməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış fazilərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdeh borcu xəbərdarlıq məktubunu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfindən borc məbləğinin borcludan tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaq və Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunacağı bildirilmişdir. Göründüyü kimi, "xxxx" ASC (Nikoyl İKB) Cavabdeh qarşı kredit borcu, ona hesablanmış faiz və cərimə borcunun tutulması, tutmanın ipotekaya yönəltməsi ilə bağlı məhkəməyə müraciət etmiş, həmin zaman əldən çıxmış fayda ilə bağlı hər hansı bir iddia tələbi olmamış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borc məbləğinin tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Həmin iddia tələbi irəli sürülərkən əsas, faiz və cərimə borcu hesablanmış və cəmi borc məbləğinin tutulması qət edilmişdir. Hazırda iddiaçı borclunun (cavabdehin) 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən onun banka əldən çıxmış fayda (borca hesablanmış 5 %) olaraq 8563 ABŞ dolları borcu olduğuna görə illik 5 faizlə hesablanmış borc faizinin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla yuxarıda adı çəkilən qərarda kreditorun borclunun müqavilə üzrə icranı, yəni kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra edilmədiyi halda və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən də göründüyü kimi, Nikoyl İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehdən pul məbləğinin tutulması artıq qət edilmişdir. Belə olan halda müqavilə üzrə hər hansı gecikdirilmiş illik 5 faiz ödənilməsinin tələb edilməsi yolverilməzdir. İkincisi iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edərək məhkəmə qətnaməsi ilə artıq tutulmuş pul məbləğinin borclu tərəfindən icra edilməməsinə əsaslanaraq, həmin müddət üçün də illik 5 faiz tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı, borclu tərəfindən qəbul edilmiş qətnamənin icrası gecikdirildiyi üçün, ödənilməmiş qalıq pul məbləğinin indeksasiyası barədə məhkəmə nəzarəti qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilərdi ki, bu daha məqsədə müvafiq hesab olunardı. Həmçinin məhkəmə iddianı təmin etməyərkən onu da nəzərə alır ki, müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının əsas və faiz borcu hissəsində iddiası təmin edilməklə həmin dövr üçün cavabdehdən cərimə borcunun da tutulması qət edilmiş, tutmanın məbləğinin ilkin satış qiyməti 135000 manat müəyyən edilməklə, ipoteka predmetinə yönəldilmişdir. Göründüyü kimi, müvafiq məhkəmə qətnaməsi çıxarılarkən cavabdehdən əsas və faiz borcla yanaşı, icranı gecikdirdiyi üçün cərimə borcu da artıq tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 133,67 (yüz otuz üç manat 67 qəpik) manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 133,67 (yüz otuz üç manat 67 qəpik) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar