Məhkəmə qərarları › İş №2(004)-893/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-893/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-893/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə 05.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri üzündən 12.11.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2610 manat maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 31.01.2022-ci il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, iddia tələbini yalnız 480 manat məbləğində olan tibbi xərclər hissədə qəbul edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, Ağdam rayonundan məcburi köçkündür. Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatdadır, hazırda faktiki yaşadığı ünvan 1 ünvanda müvəqqəti qeydiyyatdadır. 12.11.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində piyada zolağında ünvan 3 ünvanda yaşayan xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh idarə etdiyi “KUBA X BOSS” markalı mopedlə onu vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ona "sol diz oynağının qançırı və diz oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya” aid xəsarət yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi Yasamal RPİ-nin “cinayətlər barədə məlumatlar qeydiyyatı kitabında” 14.11.2021-ci il tarixdə HK-1/924 nömrə ilə qeydiyyata alınaraq araşdırma aparılmışdır. Yasamal rayon Polis İdarəsinin apardığı araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27.11.2021-ci il tarixli qərar qəbul etmişdir. Bildirir ki. baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlə bağlı bir ay müddətində müalicə almışdıt və işləyə bilməmişdir. Belə ki, hadisənin baş verdiyi gün ona ilk yardım Travmatologiya İnsutunda göstərilmiş, ayağına gips qoyulmuş, müəyyən dərmanlar qəbul etmişdir. Həmin gips 3 həftə ayağında qalmış və hərəkətinin bərpası üçün bir aydan çox müalicə almışdır. Bundan əlavə Travmatologiya İnsutundan göndəriş əsasında 13.11.2021-ci il tarixdə “Avrasiya Hospital” da ödənişli müayinələrdən keçmişdir. Müayinə zamanı ödədiyi və dərmanlara xərclədiyi pulun ümumi miqdarı 600 manat təşkil edir. Daha sonra bildirir ki, yol-nəqliyyat hadisəsi zamanı hadisədən bir gün gün əvvəl 150 manata yeni aldığı gödəkçəsi cırılaraq tamamilə yararsız hala düşmüş və o, həmin gödəkçəni atmaq məcburiyyətində qalmışdır. Bundan əlavə 860 manata aldlğı “REDMİ” markal smartfon mobil telrefonu hadisə zamanı yerə düşüb sınmış, isyfadəyə yararsız hala düşmüşdür. Bundan əlavə bildirir ki, tələbədir və hər gün dərsdən sonra restoranda ofıssiant işləyirdi. Ailəsi doqquz nəfərdən ibarətdir və evə qazanc gətirən tək odur. Günlük maaşı 15-16 manat olub, əlavə “çay pulu” olaraq gündəlik qazancı orta hesabla maaşdan əlavə 30-35 manat civarında olurdu. Cavabdehin ona xəsarət yetirməsi nəticəsində o, işimi də itirmiş və bir aydan çox işləyə bilməmişdir. Bu da onu evə gətirdiyi orta hesabla bir aylıq min manat gəlirindən məhrum etmək deməkdir. Beləliklə, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ümumilkdə 2610 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh dəfələrlə onun ucbatından uğradığı maddi zərərin əvəzini ödəməsini tələb etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehin təqsiri üzündən uzun müddətdir ki, o və ailəsi maddi sıxıntı çəkir, belə ki, yuxarıda qeyd etdiyi kimi evə pul gətirən o özüdür, ailədə ondan başqa işləyən yoxdur. Bu müddət ərzində cavabdeh onunla heç bir şəkildə ünsiyyətə girməmiş, yaranmış mövcud problemin aradan qaldırılmasına səy göstərməmiş, hadisədən peşmanlıq hissi keçirdiyini söyləməmiş, onunla razılığa gəlməyə çalışmamışdır, yəni ona və ən əsası mövcud problemə laqeyid yanaşmışdır. Cavabdehin təqsiri özündən o və ailəsi borclanmışdır və borcu qaytara bilmir. Suala cavab olaraq bildirir ki, evə gələndə telefonun qırıq-qırıq olduğunu görmüşdür. Sol tərəfindən vurulmuş, sağ tərəfə yıxılmış, nəticədə gödəkçənin sağ tərəfi cırılmışdır. İşləməsi barədə sənədi yoxdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, hadisə bacısın arxasınca gedərkən gecə vaxtı olmuşdur. Enişdən düşərkən işıqforun işığı qırmızı idi. Yaşıl işıq yandıqdan sonra hərəkət etdikdə iddiaçı solunda yerləşən maşının qarşısından çıxmışdır. İddiaçının paltarı qara olduğu üçün görünmürdü. İddiaçının qulağında qulaqlıq olduğu üçün motorun səsini eşitməmişdir. Piyada keçidi isə 30-35 metr aralıda yerləşirdi. Hadisədən sonra iddiaçını xəstəxanaya taksi ilə aparmışdır. Xəstəxanada həkim bildirmişdir ki, heç bir sınıq yoxdur, lakin MRT mütləq olmalıdır. Həmin gün 100 manat xərci çıxmışdır. Həkim iki dərman yazmış, o, gecə həmin dərmanları tapa bilməmişdir. Səhər almaq istədikdə isə iddiaçının atası bildirmişdir ki, özü artıq həmin dərmanları almışdır. Səhər iddiaçının atası ona zəng edərək “Avrasiya” klinikasında olduqlarını və pulla gəlməyini birdirmiş, o isə 600 manat borc alaraq oraya getmişdir. O, “Avrasiya” klinikasına çatdıqda pulu artıq iddiaçının atasıgil ödəmişdirlər. İddiaçının atası ona bildirmişdir ki, iddiaçının gödəkçəsi cırılmış, telefonu qırılmışdır. O isə əsas canın salamat olduğunu bildirmişdir. Sonra “Avrasiya” klinikasında aparat işləmədiyi üçün onları “Medistyle” klinikasına yönləndirdilər. İddiaçının anası ona narazılığını bildirdi ki, onun anası ona heç zəng etməmişdir. İddiaçı analizlərini vermişdir. Əgər onunla məsləhətləşsəydilər o öz büdcəsinə uyğun tibb müəssisəsinə aparardı. Sonra iddiaçının anası ona 429 manatlıq qəbzi vermişdir. Pulu vermək istədikdə isə bildirmişdir ki, qalsın axırda haqq-hesab edərlər. Sonra atası və anası bazarlıq edib iddiaçıgilə getdi. Həmin vaxt iddiaçıgildə aralarında narazıçılıq olmuş və getmişdir. Ertəsi gün polisdən zəng gəlmiş, Polisə şikayət verdikdən sonra da o, atası ilə ikinci dəfə onlara getmişdir. Analizin cavablarını soruşmuş, ayağında çat olduğunu bildirmişlər. Ancaq nəticəni ona göstərməmişlər. İddiaçının anası iki min manat pul istəmişdir. Cırılan gödəkçəni isə soruşduqda bildirdilər ki, atmışlar. O, gödəkçəni tikdirmək, telefonu isə düzəltdirmək istəyirdi. Onlara telefon təklif etsələr də razı olmamışlar. Onu da qeyd edir ki, hadisə baş verən vaxt yoldaşı 8 aylıq hamilə idi. Hazırda isə heç o pulu da ödəmək iqtidarında deyil. Hazırda 2 aylıq körpə övladı var. O və ailəsi mənəvi sarsıntı keçirmişdir. Suala cavab olaraq bildirir ki, dövlət xəstəxanasında pulu 50 manat həkimə, 50 manat isə digər xərclərə xərcləmişdir. Yol hərəkəti qaydalarını pozduğuna görə cərimə olunmuşdur. Gödəkçənin həmin vaxt iddiaçının əynində olması və həmin vaxt çırılması sual altındadır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DYP əməkdaşları tərəfindən tərtib olunmuş 07.02.2022-ci tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokoluna əsasən 13.11.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan “Avrasiya Hospital” tərəfindən verilmiş 13.11.2021-ci il tarixli qəbzlərin surətinə əsasən İddiaçı müayinəsi üçün 248 manat və 181 manat olmaqla cəmi 429 manat ödənilmişdir. İş materiallarında olan “Terranova” mağazasına aid 11.11.2021-ci il tarixli, 790618 nömrəli qəbzin surətinə əsasən 149,99 mnat dəyərində gödəkçə həmin tarixdə mağazadan alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin 27.11.2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinə əsasən “Kuba X Boss” markalı mapedin sürücüsü Cavabdeh əməlində AR CM-in 263.1 və 263.1- 1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, cavabdeh 13.11.2021-ci il tarixdə “Kuba X Boss” markalı mapedi idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində İddiaçı vurmuşdur. Nəticədə cavabdeh xəsarət almış və cavabdeh onu xəstəxanaya aparmışdır. Hazırda iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində müayinə və müalicə xərcləri olaraq 600 manat, hadisə zamanı əynində olan və tamamilə yararsız hala düşmüş gökçəsi üçün 150 manat, hadisə zamanı yararsız hala düşmüş mobil telefona görə 860 manat və sağlamlığının qısa müddətdə itirilməsi nəticəsində işləmədiyinə görə itiridiyi 1000 manat olmaqla, cəmi 2610 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə etiraz ərizəsində digər məbləğlərlə razı olmasa da, xəstəxanada çəkilmiş xərclərin əvəzi olan 480 manat məbləğində pulu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 480 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xəstəxanın qəbzlərindən müəyyən olunur ki, iddiaçının müayinəni üçün 248 manat və 181 manat olmaqla cəmi 429 manat ödənilmişdir. Eyni zamanda cavabdeh ərizəsində 480 manat məbləğində pulu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə əsassızdır. Belə ki, iddiaçı müayinə və müalicə xərcləri olaraq 600 manat, hadisə zamanı əynində olan və tamamilə yararsız hala düşmüş gökçəsi üçün 150 manat, hadisə zamanı yararsız hala düşmüş mobil telefona görə 860 manat və sağlamlığının qısa müddətdə itirilməsi nəticəsində işləmədiyinə görə itiridiyi 1000 manat məbləğində maddi ziyan tələb etsə də, çəkilmiş müayinə və mülicə xərclərinin məbləğini yalnız 429 manat hissədə təsdiq edən sübutlar təqdim etmiş, qalan hissədə həmin məbləğdə maddi ziyan olaraq xərclərin olması barədə sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı hadisə nəticəsində əynində olan yeni aldığı gödəkçənin yararsız hala düşdüyünü bildirsə də hadisədən iki gün əvvəl (11.11.2021) həmin qiymətə gödəkçə alması iş mateiallarında olan qəbzlə müəyyən olunmuş, lakin hadisə zamanı məhz həmin gödəkçənin iddiaçının əynində olması və məhz həmin hadisə nəticəsində yararsız hala düşməsini, hadisə nəticəsində mobil telefonuna zərər dəyməsini sübut edə bilməmişdir. Həmçinin iddiaçı baş vermiş hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bir aylıq 1000 manat gəlirdən məhrum olduğunu bildirsə də, həmin yol hadisəsinədək işləməsi ilə bağlı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 480 (dörd yüz səksən) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olan olan 30 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə müraaciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 480 (dörd yüz səksən) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar