Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-9/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3” MMC-nin cəlb edildiyi Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3” MMC-nin cəlb edildiyi Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 980 (doqquz yüz səksən) manat borc məbləği və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, cəmi 1000 (bir min) manat tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5506/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh 980 (doqquz yüz səksən) manat əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1000 (bir min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi əmr edilmişdir. Bundan sonra borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5506/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli məhkəmə əmrinə etiraz ərizəsi verərək, əmrin ləğv edilməsini və mülki işin ümumi iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4045/2023 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-5506/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işin iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tələbkar İddiaçı MMC-nin direktoru X2 ilə borclu Cavabdeh arasında 19 sentyabr 2019-cu il tarixdə hissə-hissə şərti ilə WTCN-003568 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 1900 (bir min doqquz yüz) manat olan İphone Xs 64 (İMEİ **********43856) markalı mobil telefonu almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 19-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 97 (doxsan yeddi) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri - 980 (doqquz yüz səksən) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, İddiaçı MMC ilə müqavilə bağlamamış və heç bir mobil telefon götürməmişdir. O, 2019-cu il tarixdə "xxxx" QSC-dən daxili kreditlə telefon götürmüş və artıq bütün borcunu ödəmişdir. WTCN-003568 saylı, xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsindəki imza ona məxsus deyil, bununla bağlı məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasən “Alıcı” hissəsində “İmza” qrafasındakı imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı MMC-də “Cəbrayıl” adında şəxs çalışır. Həmin şəxsin sözlərinə görə, həqiqətən də Cavabdeh İddiaçı MMC-dən mobil telefon almış və müqaviləyə özü imza atmışdır, lakin öz imzasını yox, başqa şəxsin imzasını çəkmişdir. O, “Cəbrayıl” adlı şəxsdən buna dair sübut təqdim etməsini (videogörüntü) bildirmiş, lakin o, heç bir sübut təqdim edə bilməmişdir. Onuda qeyd edir ki, icra mərhələsində İddiaçı MMC tərəfindən hazırki tələb “X3” MMC-yə güzəşt edilmişdir. Hazırda isə məlum olur ki, güzəşt edilmiş tələb üzrə icra sənədi, məhkəmə tərəfindən artıq ləğv edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin WTCN-003568 saylı, xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, Vorld Telekom” MMC Cavabdeh 10 ay müddətinə ümumi nisyə dəyəri 1900 (bir min doqquz yüz) manat olan İphone Xs 64 (İMEİ **********43856) markalı mobil telefonu satmışdır. İş materiallarında olan WTCN-003568 saylı, xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən mal alqı-satqısı haqqında müqaviləyə əsasən İphone Xs 64 (İMEİ **********43856) markalı, 1900 manat məbləğində avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədilə girov qoyan ona təhvil verilmiş həmin əmlakı, özündə saxlamaq şərtilə girov qoyur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən borclu Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə kimi hər ay 170 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/1592 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X4 ilə Cavabdeh arasında olan 19 sentyabr 2019-cu il tarixli, WTCN-003568 saylı əşyanın nisyə alqı-satqı müqaviləsində “2. Alıcı” hissəsində “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış WTCN-003568 saylı, xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən Vorld Telekom” MMC Cavabdeh 10 ay müddətinə ümumi dəyəri 1900 (bir min doqquz yüz) manat olan İphone Xs 64 (İMEİ **********43856) markalı mobil telefonu nisyə satmışdır. Məhkəmə tərəfindən Cavabdeh tərəfindən müqaviləninin imza edilməməsi və həmin müqavilə üzrə hər hansı əşyanın almaması ilə bağlı dəlillərini yoxlamaq üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/1592 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən “2. Alıcı” hissəsində “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən müqavilənin cavabdeh tərəfindən imza edilməsinə dair sübutlar təqdim edilməmişdır. Qeyd etmək lazımdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli, WTCN-003568 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. 339.6-cı maddəsinə görə isə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3” MMC-nin cəlb edildiyi Cavabdeh qarşı “borc tələbi”nə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 3-16-16/2-4/1592 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 125 manat təşkil etməklə dövlət büdcəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu özünə aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 125 manat ekspertiza xərci İddiaçı MMC-dən dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3” MMC-nin cəlb edildiyi Cavabdeh qarşı “borc tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 125 (yüz iyirmi beş) manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-9/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-9/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver