Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-908/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 19464.65 manat əsas, 799.73 manat faiz, 54.18 manat cərimə borcu, 0 manat komisyon haqqı olmaqla, cəmi 20318.56 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 150.96 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 19.05.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 7% ödəmək şərtilə 19479 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 22.12.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 19464.65 manat əsas, 799.73 manat faiz, 54.18 manat cərimə borcu, 0 manat komisyon haqqı olmaqla, cəmi 20318.56 manat borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, o, bank ilə bağladığı 19.05.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 7% ödəmək şərtilə 19479 manat məbləğində kredit götürmüşdür. Hal-hazırda işsiz olduğu üçün tələb edilən məbləği bir dəfəyə ödəmək iqtidarında deyildir. O, yalnız həmin məbləği hissə-hissə 50-70 manat arası ödəyə bilər. İmkanı olduqda 100 manat, işlədiyi təqdirdə isə daha çox ödəyəcəkdir. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış 19.05.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 7% ödəmək şərtilə 19479 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cavabdehdən 19464.65 manat məbləğində əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iş materiallarında olan 31.03.2022-ci il tarixli ekspert rəyinə əsasən cavabdehin 19.05.2021-ci il tarixli Kredit müqaviləsi üzrə əsas borcu 19479 manat məbləğində müəyyən edilsə də, iddia tələbi əsas borcu hissəsində irəli sürülmüş tələb həcmində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 799.73 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.03.2022-ci il tarixli ekspert rəyinə əsasən cavabdehin 05.01.2022-ci il tarixə yəni, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə 755.26 manat məbləğində faiz borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 54.18 manat məbləğində dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə ədalətli hesablanmışdır. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 19464 (on doqquz min dörd yüz altmış dörd) manat 65 (altmış beş) qəpik, faiz borcu üzrə 755 (yeddi yüz əlli beş) manat 26 (iyirmi altı) qəpik, cərimə borcu üzrə 54 (əlli dörd) manat 18 (on səkkiz) qəpik olmaqla, cəmi 20274 (iyirmi min iki yüz yetmiş dörd) manat 09 (doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş üzrə ödənilmiş 150 (bir yüz əlli) manat 96 (doxsan altı) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 19464 (on doqquz min dörd yüz altmış dörd) manat 65 (altmış beş) qəpik, faiz borcu üzrə 755 (yeddi yüz əlli beş) manat 26 (iyirmi altı) qəpik, cərimə borcu üzrə 54 (əlli dörd) manat 18 (on səkkiz) qəpik olmaqla, cəmi 20274 (iyirmi min iki yüz yetmiş dörd) manat 09 (doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 150 (bir yüz əlli) manat 96 (doxsan altı) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-908/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-908/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver