Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-945/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azərovçu” İctimai Birliyinə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azərovçu” İctimai Birliyinə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviəyə əsasən ödədiyi 500 manat məbləğində pul vəsaitininin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərovçu” İctimai Birliyinin sədri Fizuli Əşrəfov 2015-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin Daşgil adlanan ərazisində torpaq sahəsinin Birliyin mülkiyyətində olduğunu bildirməklə onu aldadaraq, orada yerləşdirilmiş ovçuluq-balıqçılıq bazasında 1 ədəd balıqçı budkasının qoyulmasına ona icazə vermiş, bunun müqabilində ondan xx.xx.2015-ci il tarixdə 100 manat məbləğində pul almış (qəbz № 377340), xx.xx.2016-cı il tarixdən isə onunla torpaq sahəsindən istifadəyə görə 3 il müddətinə illik 200 manat olmaqla icarə müqaviləsi bağlamışdır. 2016-2017-ci illər üçün 400 manat məbləğində icarə haqqı ödəmişdir. xx.xx.2017-ci il tarixdə təsisçisi olduğu “X3” MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin xx.xx.2017-ci il tarixli müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “X3” MMC üçün Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin Daşgil adlanan ərazisində 0,8 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş və müvafiq dövlət qurumlarına rəylərini bildirmələri üçün müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cəmiyyətə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhər X1 xx.xx.1975-ci il tarixli 91/1649 nömrəli qərarı ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə ovçuluq bazasının tikintisi üçün Qaradağ rayonunun Şıxlar kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeyd aşkar edilməmişdir. Yəni, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən “Azərovçu” İctimai Birliyinin həmin torpaq sahəsi üzərində heç bir mülkiyyət hüququ olmamışdır və nəticədə dələduzluq yolu ilə ondan 500 manat pul alınmışdır. “Azərovçu” İctimai Birliyi ilə aralarında bağlanmış icarə müqaviləsinin 7.1-ci bəndinə əsasən müqavilə ancaq Azərbaycan Respublikasının mövcud qanunvericiliyi əsasında dəyişdirilə, pozula və etibarsız hesab edilə bilər. Müqavilənin 5.2-ci bəndinə görə isə qarşılıqlı razılıqla həll olunmayan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri X2 ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Bakı-Ələt yolunun 65-ci km-d\ə yerləşən Ələt-Daşgil ovçuluq-balıqçılıq təsərrüfatının ərazisindəki torpaq sahəsini yüngül konstruksiyalı ovçu-balıqçı evciyi yerləşdirmək üçün icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müəyyən edilmiş məbləğdə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 3 il, illik ödəniş 200 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “X3” MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, MMC-nin istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsində yaranmış problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər X1 xx.xx.1975-ci il tarixli 91/1649 nömrəli qərarı ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinə ovçuluq bazasının tikintisi üçün Qaradağ rayonunun Şıxlar kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeyd aşkar edilməmişdir. Hazırda İddiaçı “Azərovçu” İctimai Birliyi ilə aralarında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviəyə əsasən ödədiyi 500 manat məbləğində pul vəsaitininin cavabdehdən alınıb ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi, icarəyə verilmiş torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaması barədə iddiaçının 2018-ci ildən məlumatı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir... iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Göründüyü kimi, iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliyin tələbi imperativ xarakter daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh “Azərovçu” İctimai Birliyinə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-945/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-945/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver