Məhkəmə qərarları › İş №2(004)-978/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-978/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-978/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi ziyanın ödənilməsi və ya əşyanın əvəz edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş 1500 manat maddi ziyanın, 60 manat hüquqi xidmətə görə ödənilmiş məbləğin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi və yaxud “Samsung LED” TV-nin dəyişdirilərək yenisi ilə əvəz edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh MMC-dən aldığı televizorun əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, ABC Telekom MMC-nin mağazası olan X3 16.03.19-cu il tarixində 00565342 saylı alğı-satqı müqaviləsinə əsasən 1500 manata olan 12 aylıq hər ay üçün 130 manat ödəməklə “Samsung Led” markalı televizoru əldə elmişdir. Televizoru ona 16.03.2020-ci il tarixdə quraşdırmış, quraşdırandan sonra ekranın qaralmış olduğu müəyyən edilmişdir. Bununla bağlı qarşı tərəfə məlumal vermiş, lakin ona bildirilmişdir ki, servisə göstərə bilərlər. Servisin işçisi gəlib televizoru aparmış, sonra zəng edərək təmir üçün 500 manat xərci olduğunu bildirmişdir.O, razılaşmışdır. Lakin televizorun servisə təhvil alınmasına baxmayaraq servis xidməti göstərilmədən 2 aydan sonra ona sınıq vəziyyətdə geri qaylarılmışdır. Mal geri qayıdanda taksi ilə göndərilmişdir. Hesab edir, ki malın nasaz olması ilə bağlı vaxtında müraciət etmişdir. Malın zəmanət müddətinin 1 il müddətində olmasına baxmayaraq bütün məişət texnikasının istifadəsi minimum 10 il müddət müəyyən edilmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Natiq MMC-nin köhnə ustası olmuşdur. Şirkətdə müştəriyə malın taksi ilə yollanması mümkün deyil. Çünki şirkətin 200-ə yaxın maşını var. Şirkətə servis maşını ilə gələn mal servisin maşını ilə də geri qaytarılır. Həmçinin təmir xərcini usta demir, servis deyir. Həmin adamın şirkətə aidiyyatı yoxdur. Əgər iddiaçı razı olsa yenə də şirkət tərəfindən mal qəbul edilərək ödəniş əsasında təmir edilə bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirmişdir ki, təhvil-təslim aktında olan imza onun deyil. Onların yaşadığı ünvana televizoru taksi gətirmişdir. Taksi avtomobilinin markası vaz 2107 idi. Sürücüdən şirkətin nümayəndəsini soruşmuş, nümayəndənin olmadığını bildirmişdir. Televizoru açıb baxmış, ekranın sınıq vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 20.10.2020-ci il tarixli, AİBNDX-08/01-7/1687 nömrəli məktubuna əsasən mübahisəli əşyada olan qüsur istehsal xarakterli olmadığından İddiaçı ödənişli təmir təklif edilmiş, lakin o bundan imtina etmişdir. İş materiallarında olan 69327 saylı təhvil təslim aktına əsasən “Samsung LED” markalı televizor 27.04.2021-ci il tarixdə ekranın bir hissəsinn qaralması səbəbilə diaqnostika üçün servisə verilməsi üçün İ.Pərviz adlı şəxsə təhvil verilmişdir. İş materiallarında olan 69327 saylı təhvil təslim aktına əsasən “Samsung LED” markalı televizor 07.05.2021-ci il tarixdə təmirsiz vəziyyətdə İddiaçı təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 23.08.2021-ci il tarixli, LP-140/21 saylı mütəxəssis rəyinə əsasən “Samsung LED” UE49NU7300UXRU markalı, OCOG3LAM201822 seriyalı televizorun istifadəyə yararsız vəziyyətdə olması, ekranın sol yarım hissəsinin tamamilə qaralmış vəziyyətdə olması müəyyən edilmişdir. Qüsurun yaranma səbəbi isə hər hansı zərbə və ya bərk dəymə olmasıdır. Televizorun ekranının yeni ekran ilə əvəz olunması ilə qüsurun aradan qaldırmaq mümkündür və bunun üçün 600-650 manat arasında məbləğin tələb olunur. “Samsung LED” UE49NU7300UXRU markalı yeni televizorun qiyməti 1400-1500 manat arası təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 15.09.2021-ci il tarixli məktubuna əsasən 23.08.2021-ci il tarixli, LP-140/21 saylı mütəxəssis rəyinə əlavə olaraq bildirilir ki, təqdim olunan televizorun ekranında qüsur olaraq qaralma ilə yanaşı qırıq da müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə bir yerdə işləyir. Televizor iddiaçının adına götürülmüşdür. Mart ayında zəmanət bitmiş, apreldə isə televizor qaraldı. Onlar satıcıya məlumat vermiş, 2 ay televizor orada qalandan sonra ekranı çatlaq halda taksi ilə göndərmişlər. Bu barədə satıcıya məlumat verdikdə isə satıcı tərəfindən işçinin günahı olduğunu bildirilsə də, sonradan həmin işçinin artıq orada işləmədiyi bildirilmişdir. İşin halları odur ki, iddiaçı cavabdeh şirkətdən televizor almış və iş üzrə üçüncü şəxsin istifadəsinə verilmişdir. Bir il istifadə etdikdən sonra ekranda qaralma olmuşdur. Televizor cavabdehə təmir üçün 25.04.2020-ci il tarixdə təhvil verilmişdir. Lakin televizor 07.05.2020-ci il tarixdə təmirsiz və sınıq vəziyyətdə geri qaytarılmışdır. İddiaçı zərərin ödənilməsini tələb edir. Cavabdehin nümaəyəndəsi isə iddia tələbinə etiraz edərək televizorun ekranının keçmiş işçi olan Natiq tərəfindən sındırıldığını bildirmiş, bir neçə dəfə iddiaçıya təklif etmişdir ki, cavabdeh qismində Natiq cəlb olunsun. Daha sonra isə əvvəlki qüsur nəticəsində ekranın dəyişdirilməli olduğunu, hazırki halda da ekspert rəyinə əsasən ekran dəyişdirilməli olmasını əsas gətirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə o cümlədən qeyd edir ki, iş materiallarında olan 69327 saylı təhvil təslim aktına əsasən “Samsung LED” markalı televizor 07.05.2021-ci il tarixdə təmirsiz vəziyyətdə İddiaçı təhvil verilişdir” qeyd edilsə də işin halları ilə təsdiq olunur ki, televizor İddiaçı şəxsən təhvil verilməmişdir. Belə ki, iddiaçı həmin sənədi imzalamadığını bildirir, çünki müqavilə üzrə televizorun alıcısı olsa da televizor iş üzrə üçüncü şəxsin istifadəsində olmuşdur. Cavabdehin nümayəndəsi isə bu halı mübahisələndirməmiş, imzanın iddiaçıya məxsus olub olmamasının dəqiqləşdirilməsini tələb etməmişdir. İş üzrə keçirilmiş ekspert rəyi ilə də müəyyən olunur ki, mübahisə predmeti olan televizorun ekranında qaralma və qırıq qüsurları vardır. Bu qüsurun aradan qaldırılması üçün ekran dəyişdirilməlidir. İşin halları ilə də təsdiq olunur ki, televizor servisə ekranda qaralma əsası ilə verilmiş, lakin sonradan televizor təmirsiz və ekranı qırıq vəziyyətdə qaytarılmışdır. Məhkəmə hesab edir ki, televizor servisə təqdim edildikdə ekranda qırıq qüsuru olmadığından və televizor iddiaçıya rəsmi şəkildə qaytarılmadığından ekranın dəyişdiriməsi üçün 600 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən maddi ziyanın əvəzi olan 600 (altı yüz) manat məbləğində pul İddiaçı xeyinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul isə isə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən maddi ziyanın əvəzi olan 600 (altı yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdeh ABC Telecom” MMC-dən İddiaçı xeyrinə tutulsun. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 200 (iki yüz) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, H/h AZ30AZRT********************, "xxxx" ASC, Kod 512565, VÖEN **********, Müxbir hesab AZ02NABZ**********00000022944, S.W.İ.F.T. AZRT AZ 22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar