Məhkəmə qərarları › İş №2(004)-990/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-990/2022

22.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-990/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə 07.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 06.01.2022-ci il tarixdən yetkinlik yaşına çatmayan 03.10.2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən tutulan aliment məbləğinin artılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin və 06.01.2022-ci il tarixdən 03.10.2019-cu il təvəllüdlü X3 üç yaşı tamam olana qədər uşağa baxdığına görə cavabdehdən 100 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 25.01.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə 11.04.2019-cu ildə nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 03.10.2019-cu il təvəllüdlü X4 vardır. Şabran Rayon Məhkəməsinin 11.06.2021ci il tarixli, 2(031)-192/2021 saylı saylı qətnaməsi ilə cavbadehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 03.10.2019-cu il təvəllüdlü X3 ananın yanında qalması, 03.10.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Cavabdeh övladına heç bir maddi yardım göstərmir və onunla maraqlanmır. Məhkəmə qətnaməsilə müəyyən olunmuş aliment uşağın heç bir tələbatını ödəmir. Cavabdeh rayonda taksi fəaliyyəti ilə məşğuldur və əlavə gəlirləri də vardır. O isə körpə uşağı olduğu üçün heç bir yerdə işləyə bilmir. Buna görə də hesab edir ki, cavabdeh ona uşağa baxmağa görə aliment ödəməlidir. Eyni zamanda bir ata kimi övladının tələbatlarını ödəmək onun vəzifəsidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, məhkəmə alimenti artırarkən tərəflərin maddi vəziyyətini nəzərə alır. Cavabdeh evli olduğu halda boşanaraq hazırki iddiaçı ilə ailə qurmuşdur. Cavabdehin valideynləri iddiaçını qəbul etmədiyindən onlar kirayədə qalmışlar. Cavabdehin əvvəlki qazancı ilə hazırki qazancı arasında artım olmamışdır. Cavabdeh icarəyə götürdüyü maşınla taksi sürücüsü kimi fəaliyyət göstərir. Tərəflərin nikahı cəmi iki il belə çəkməmişdir. Şantaj və hədə-qorxu ilə qurulan ailənin nəticəsi də bu olmalı idi. İddiaçının dediklərinin sübutu yoxdur. Suala cavab olaraq bildirir ki, cavabdehin əvvəlki nikahdan bir uşağı vardır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli, AZ-İ № 365966 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 12.07.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(031)- 192/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan 03.10.2019-cu il təvəllüdlü X3 ananın yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət etmişdir. Məhkəmə uşağın mənafeyini və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan 03.10.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə cavabdehin gəlirləri barədə hər hansı sübut təqdim edilmədiyindən cavabdehdən iddiaçının xeyrinə əlavə olaraq 100 manat alimentin tutulması hissədə iddianı rədd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci, 84.2.2-ci və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(031)-192/2021 saylı qətnaməsi ilə 03.10.2019-cu il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh 03.10.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28.03.2016-cı il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, miqdarı artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(031)-192/2021 saylı qətnaməsi ilə 03.10.2019-cu il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 03.10.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar