Məhkəmə qərarları › İş №2(005)-1006/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1006/2022

22.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1006/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İddiaçı X7 və iddiaçıların vəkili X6, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil Zahirəli oğlunun iştirakları ilə, İddiaçılar X4 və X7 Cavabdeh1 qarşı “evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X9 və X13 Cavabdeh1 qarşı “evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən bağlanmış onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 nömrəli evin pəncərəsinin açılması və tikinti qaydalarına əməl edərək ara məsafəsi saxlamaqla mövcud divarla paralel divarın çəkilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 və 72 nömrəli evlərin altındakı torpaq sahəsi 0,10 hadan ibarətdir. Həmin torpaq sahəsini 1960-cı ildə mərhum atası Bağıyev Aydın tərəfindən alınıb və torpaq sahəsi üzərində 79 kv.m-dən ibarət 4 otaqlı mənzil inşa olunmuşdur. 5 il sonra, yəni 1965-ci ildə indiki cavabdehlərin atası, onların əmisi olan Bağıyev Zahirəlinin yaşayış yeri olmadığı üçün atası onu yanına gətirərək qeyd edilən torpaq sahəsinin yarısını ona bağışlamışdır. Mərhum əmisi Bağıyev Zahirəli də həmin torpaq sahəsi üzərində ev inşa etmişdir. Atası əmisinə gələcəkdə uşaqlar arasında hər hansı bir problemin olmaması üçün torpaqlar arasında qanunvericiliyə uyğun ara məsafəsi saxlanılmaqla ayrı-ayrı iki daş hasar çəkməyi məsləhət görmüşdür. Lakin əmisi qocaldığına görə uşaqları onun məsləhətlərini yerinə yetiməmişdir. Bir neçə il əvvəl cavabdehlər Telman və Mehman qardaşları evi artıraraq mövcud tikinti qaydalarına əməl etmədən tikinti aparmışlar. Ona görə də aralarında mübahisələr başlamışdır. Cavabdehlərə onlara məxsus evin havalandırılması və tikinti qaydalarına əməl etməyi, yəni divar sədlər arasında qanuna müvafiq ara məsafəsi saxlamağı tələb etmişlər. Lakin cavabdehlər buna məhəl qoymamışlar. Buna görə onlar polis orqanlarına və İcra hakimiyyətinə müraciət etmişlər.Onlar da cavabdehlərə qanunsuz hərəkətlərə son qoymağı tapşırdılar. Lakin bu tədbirlərin heç bir faydası olmamışdır, əksinə münaqişəni daha da alovlandırmaq üçün pəncərənin altında zibil qutusu qoyulmuşdur. Cavabdehlər günlərlə zibili atmır, bu isə infeksiya mənbəyi olmuşdur. Dəfələrlə şikayət etdikdən sonra həmin zibil qutusunu götürməyə nail olmuşlar. Lakin cavabdehlər yenə də çirkin niyyətlərindən əl çəkməmiş, onların pəncərəsinin lap yaxınlığında kustar üsulla hazırlanmış istilik sistemi (kombi) qoymuşlar. Kustar üsulla hazırlandığına görə külək olan zaman qaz onların evinə dolmuşdur. Cavabdehlərə bunun nə qədər təhlükəli olduğunu irad tutanda bu dəfə onlar ümumiyyətlə evə aid pəncərəni böyük dəmir listi ilə tam bağlamışlar. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Nərimanov Rayon məhkəməsində (hakim Kəmalə Əmirxanova) araşdırma aparılmış, ekspertizanın rəyi alınmış və nəticədə mülkiyyətçinin cavabdeh qoyulmaması səbəbi ilə iddia təmin edilməmişdir. Hakim cavabdehin əsl cavabdehlə əvəz olunmasın təklif etsə də o, bunun nə olduğunu başa düşmədiyi üçün etiraz etmişdir. Ona görə də yenidən məhkəməyə müraciət etmişdir.Bildirir ki, məhkəmənin gedişində mülkiyyətçi dəyişmişdir. Bundan sona o, yeni mülkiyyətçini cavabdeh qoyaraq təzədən məhkəməyə müraciət etmişdir. Lakin Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) xx.xx.2021-ci il tarixli 2(005)-5921/2021 saylı qəradadı ilə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Halbuki məhkəmə qətnaməsində də ona izah olunduğu kimi yeni mülkiyyətçini cavabdeh qoymuşlar. Bildirir ki, yaşadığı ev iki iç-içə olmaqla 4 otaqdan ibarətdir. Burada iki ailə və subay bacı-qardaş olmaqla 8 nəfər yaşayır. Cavabdehlər pəncərəni tam bağladığına görə ev tam rütubət içindədir. Bu da vərəm xəstəliyinin yaranmasına əsasdır. Məhkəmə evə baxış keçirərsə bunun əyani şahidi ola bilər. Məhkəməyə təqdim etdiyi Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan da görünür ki, həmin torpaq sahəsi onun atası Bağıyev Aydına 1960-cı ildə Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi X2 Bürosu tərəfindən verilib. Məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 nömrəli evə 8 nəfərin istifadə hüququ var. Məhkəmə baxışı iclasında iddiaçıların vəkili X10 çıxışında bildirmişdir ki, iddia ərizəsi əsaslıdır, mübahisəli tikili cavabdehin öz həyətində olsa da, qeyri-qanuni olduğundan sökülməlidir. Məhkəmə baxışı iclasında iddiaçı X7 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Zahirəli oğlu iddianı qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbində həqiqətə uyğun olmayan faktlar irəli sürməklə göstərmişdir ki, hazırda cavabdehə məxsus torpaq sahəsinin vaxtı ilə ataları tərəfindən 1960-cı ildə alınaraq sonradan bir hissəsinin əmilərinə, yəni cavabdehin atasına bağışlanması barədə fikirlər qeyd etmişlər. Lakin cavabdehin izahına əsasən həmin faktlar tamamilə yanlışdır və hadisələr fəqli olaraq əksinə olmuşdur. Cavabdehin atası dənizçi olmuş öz imkanları ilə həmin torpaq sahəsini alaraq sonradan bir hissəsini də qardaşına, yəni iddiaçıların atalarına faktiki olaraq bağışlamışdır. Torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Ara divarının inşa edilməsinə səbəb bu olmuşdur ki, iddiaçıların pəncərələri cavabdehin həyətinə baxmaqla tikinti inşaat norma və qaydalarına zidd olmaqla yanaşı milli dəyərlərə və fərdi yaşayış evlərinin tikintisində gözlənilməli olan ara məsafəsi və lahiyyə tikiliş planının qaydalarına uyğunsuz olmuşdur. Uzun müddət və dəfələrlə cavabdeh iddiaçıların açıq pəncərələri hissədən qonşuluq təsirinə məruz qalmışdır. 2010-cu ildə də cavabdehin həyətinə oğrular daxil olmuşdurlar və hüquqmühafizə orqanlarına etmiş olduqları şikayətlər əsasında cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunmuşdurlar. Eyni zamanda iddiaçılar cavabdehin bildirdiyinə görə konflktli ailədirlər və münasibətləri pozulmuşdur. Göstərdiklərinə əsasən iddiaçılar onun həyət quşlarını həmin pəncərədən həyətinə zəhər atmaqla zəhərləyərək öldürmürlər. Beləliklədə, iddiaçıların bu hərəkətləri nəticəsində cavabdeh evində və evinin həyətində sərbəst gəzmək, evindən təyinatı üzrə istifadə etmək mümkün olmamışdır. Bu hərəkətləri ilə iddiaçılar cavabdhin mülkiyyət hüququnu da pozmuşlar. Pəncərənin həyətə baxması zamanı da heç bir icazə onlara verilməmişdir. İddiaçılardan fərqli olaraq cavabdehin torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları ilə cavabdehin adına dövlət qeydiyyatından keçmişdir. İddiaçıların evə və topaq sahəsinə heç bir mülkiyyət hüquqları mövcud deyil. Yaşayış evinin tikintisi inşaat norma və qaydalarına uyğun aparılmamışdır. Evin onlara məxsus olmasına dair də heç bir hüquq müəyyənedici sənədlər yoxdur. Hesab edirk ki, iddiaçı bu cür iddia tələbi qaldırmaq da səlahiyyətli şəxs deyildir və buna dair də subyektiv hüququ yoxdur. İddiaçılar ilk növbədə subut etməlidirlər ki, iddia etdikləri tikili onlara məxsusdur. Tikilinin texniki göstəricilərinin və sahəsinin uyğunlaşdırılmış hüquq müəyyənedici sənədlərini məhkəməyə təqdim etməlidirlər. Məhz ondan sonra mübahisəli tikilinin pəncərəsinin bağlanması nəticəsində qonşuluq hüququnun təsirinə məruz qalmasına dair mübahisə qaldırmaqlarında haqlı olduqlarını irəli sürməlidirlər. Əks halda yenə də qeyd edir ki, iddiaçılar subyektiv hüquqa malik deyil. Cavabdehin ara divarı inşa etməsi iddiaçıların hər hansı bir hüququnu pozmur. Belə bir iddia tələbi irəli sürməklə iddiaçılar subyektiv hüququn müddəalarını və bununla bağlı qanunvericiliyin tələbinə də diqqət yetirməmişdirlər. Beləliklədə iddiaçılardan fərqli olaraq torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olmasına dair səlahiyyət hüququ dövlət qeydiyyatından keçdiyi halda iddiaçının subyektiv hüququ olmadığı halda hazırki tələblə məhkəmədə iddia qaldırması da qanunamüvafiq deyildir və iddianın buna hüququ olmayan şəxs (səlahiyyəti olmayan şəxs) tərəfindən qaldırılması kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X5 və X3 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dölət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyetrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 72 saylı ev xüsusi mülkiyyət hüququ əsasında tam payda X1 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 72 saylı fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə tərtib olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 10/1939 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, 1-ci sual üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 68 nömrəli yaşayış evinin arxa tərəfə (cavabdehlər tərəfə) açılan pəncərəsi texniki pasportda nəzərdə tutulduğu müəyyən edilir. 2-ci sual üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 72 saylı fərdi yaşayış evinə aid (texniki pasportda öz əksini tapan) hasarın yerləşməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 68 saylı yaşayış evindən (giriş çıxış və tikililərin) istifadəsinə maneə yaratmadığı müəyyən edilir. 3-cü sual üzrə Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 68 nömrəli fərdi yaşayış evinin pəncərəsi bağlanılan otağın digər stiqamətdə pəncərənin mövcud olduğu və həmin pəncərənin yaşayış evinin sakinləri tərəfindən bağlandığını nəzərə alaraq, həmin otağın pəncərəsinin digər (əvvəllər mövcud olmuş) istiqamətdə açılması mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2022ci il tarixli 10/6073 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Qərardadın 1-ci sualı üzrə: Mübahisə predmeti olan pəncərənin qarşısının dəmir lövhə və mişar daşından inşa edilmiş hasar ilə bağlanmasının həmin evə daxil olan hava axınının və günəş şüasın qarşısını kəsidiyi müəyyən olunur. Qərardadın 2-ci sualı üzrə: İş üzrə iddiaçıya məxsus yaşayış evinin pəncərəsinin qarşısında inşa edilmiş hasar tikilsinin mülki iş materiallarında olan (səh.52) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli texniki pasport öz əksini tapdığı müəyyən olunur. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsində yerləşən 72 saylı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir və həmin evin hasarı iddiaçılara məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 nömrəli evin pəncərəsinin önündə yerləşir. Hazırda iddiaçılar X9 və X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus tikilinin onlara məxsus evin havalandırılması, işıqlandırılması və digər məsələlərdə maneələr yaratdığını bildirərək pəncərənin açılması və hasarın tikinti qaydalarına riayət edilməklə çəkilməsini tələb etmişlər. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli texniki pasport sənədinin “Torpaq sahəsinin planı” hissəsi müqayisələndirilən zaman iş üzrə iddiaçılara məxsus yaşayış evinin pəncərəs qarşısında inşa edilmiş hasar tikilsinin qonşu sahə ilə sərhəd hasarı olduğu və həmin texniki pasport sənədində öz əksini tapdığı müəyyən olunmuşdur. Cavabdeh1 ona məxsus tikilini texniki pasportda göstərilən sahə hüdudlarında inşa etmiş, cavabdeh tərəfindən tikinti normalarına riayət edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 10/6073 nömrəli ekspert rəyi ilə də sübuta yetirilmişdir. Belə ki, həmin ekspert rəyində qərardadın 2-ci sualı üzrə verilmiş cavabda göstərilmişdir ki, “iş üzrə iddiaçıya məxsus yaşayış evinin pəncərəsinin qarşısında inşa edilmiş hasar tikilsinin mülki iş materiallarında olan (səh.52) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli texniki pasport öz əksini tapdığı müəyyən olunur”. Bunun əksi olaraq iddiaçılara məxsus evə dair rəsmi sənədçıxarış təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinin tələbinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinin tələbinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar X4 və X7 Cavabdeh1 qarşı “evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X4 və X7 Cavabdeh1 qarşı “evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar