Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1028/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ordubad rayon Məhkəməsinin 2(080)- 75/2019 saylı , xx.xx.2019-ci il tarixli qətnaməsinə xx.xx.2015-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Cavabdeh övladının saxlanması üçün əlavə heç bir maddi kömək göstermir. Uşaq artıq böyümüşdür. Uşağın artıq təhsili ilə əlaqədar əlavə kurslarla bağlı xərcələrinin, eyni zamanda onun sağlamlığının qorunması üçün tez-tez tibbi xərclərinin, əlavə dərslərin keçirilməsi üçün kursların ödənişinin, gündəlik yeyinti, geyim və s. kimi yaşayış məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildəə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Belə olan halda isə uşağın bütün gayğısını, ehtiyacını tamamilə mən çəkirəm. Böyüdükcə usaqda atasına qarsı ehtiyac və tələbatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qavöı göstərmir. Hazırkı dövrdə uşağın gündəlik maddi tələbatlarını ödəmək isə tək qadın olaraq mənim üçün çox çətindir. Bu məqsədlə bu gün “aliment tələbinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat ödəməyə razı olduğunu bildirdi. Hazırda başqa nikahdan yetkinlik yaşına çatmamış uşaqlarının olması, alimentin tutulması qət edilən tarixdən eyni iş yerində işləməsi və gəlirlərində əhəmiyyətli dəyişiklik olmaması səbəbindən daha yüksək məbləğdə aliment ödəmək imkanı olmadığını bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Ordubad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(080)-75/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Ordubad rayonu Xanağa kənd İH nümayəndəliyində xx.xx.2013-cü il tarixdə 03 nömrəli qeydiyyat aparmaqla rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X1 İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 160 manat alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində şəxsin qohumluq məlumatlarından aydın olur ki, Cavabdeh hazırda X6 ilə rəsmi nikahdadır və onların bu nikahından xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər arasındakı nikah Ordubad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(080)-75/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulması ilə yanaşı uşağın İddiaçı himayəsində qalması və Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 160 manat alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X5 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Ordubad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(080)-75/2019 saylı qətnaməsi ilə uşağa görə tutulan alimentin məbləği 160 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə onu da qeyd edir ki, yuxarıdakı hallar məhkəmə araşdırması zamanı müəyyən edilsə də, iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən hər hansı sübut, o cümlədən cavabdehin gəlirlərində artımın olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh də məhkəmə iclasında hazırda başqa nikahdan yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu və gəlirlərində hər hansı dəyişiklik olmadığını bildirmişdir. Məhkəmə cavabdehin iddia tələbində artırılması xahiş edilən məbləğə etirazları ilə bağlı qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin digər nikahdan olan uşaqlarının qanunla qorunan mənafeləri iddiaçı ilə nikahından olan uşağının mənafeyindən üstün deyildir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Məhkəmə hər iki nikahdan olan uşaqların mənafelərini eyni dərəcə qorumağa çalışmalıdır. O da nəzərə alınmalıdır ki, cavabdeh digər nikahdan olan uşaqları və arvadı ilə birlikdə yaşasa da, mülki iş üzrə iddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə, cavabdehdən ayrı yaşayır. Aydındır ki, xx.xx.2015-ci il təvəllüdlü X3 cavabdehdən eyni dərəcədə qayğı görmür. Uşağın bütün qayğılarını iddiaçı çəkir. Bu səbəbdən və yuxarıda qeyd edilən əsaslandırmaya görə məhkəmə alimentin artırılmasını qanuni və ədalətli hesab edir. Bununla belə iddiaçı tərəfindən cavabdehin maddi durumundan hər hansı dəyişiklik olmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən məhkəmə iddianın qismən, cavabdehin qəbul etdiyi hissədə təmin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə cavabdehin nikahın pozulan tarixdən sonra maddi vəziyyətində hər hansı dəyişiklik olmaması ilə bağlı mülahizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd edilən normadan aydın olur ki, alimentin müəyyən olunmuş miqdarının dəyişdirlməsi üçün əsaslardan biri də tərəflərdən hər hansı birinin maddi vəziyyətində dəyişiklik olmasıdır. Yəni hazırda cavabdeh maddi vəziyyətində müsbət dəyişiklik olmadığını bildirsə də, iddiaçının uşağın saxlanılması üçün tələb olunan maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olma ehtimalını nəzərə almamışdır. Ordubad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(080)- 75/2019 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün tutulması qət olunan aliment məbləği həmin dövr üçün uşaqlara görə yaşayış minimumu məbləğində olmuşdur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 5 oktyabr 2004-cü il tarixli Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Qanunvericiliyin izahından görünür ki, yaşayış minimumunun minimum istehlak səbəti və icbarı ödənişlər olmaqla 2 tərkib hissəsi vardır. Yuxarıda qeyd olunan Qanuna görə, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında bəhs olunan səbətin tərkibi tənzimlənmişdir. Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı qaydada formalaşdırılır : ərzaq mallarının minimum toplusu; fərdi və ailəvi istifadə olunan qeyri - ərzaq mallarının minimum toplusu ; xidmətlərin minimum toplusu. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, uşaqlar üçün yaşayış minimumu onların minimum yaşayış səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Qanunvericiliklə uşağın qayğısına qalmağın hər iki valideynin vəzifəsi olması səbəbindən uşağın himayəsində olmadığı valideyndən uşaqlar üçün yaşayış minimumu həddində və ya bu həddə yaxın məbləğdə aliment tutularkən uşaqla yaşayan valideynin uşağın qayğıları ilə yaxından məşğul olması nəzərə alınır və uşağın tərbiyəsində həmin valideyn qədər yaxından iştirak etməyən digər valideyndən az azından uşağın yaşayış minimumun təmin edilməsi tələb olunur. Lakin nəzərə alınmalıdır ki, uşağın saxlanılması üçün hazırda cavabdehdən tutulan aliment məbləği 2019-cu ildə uşaqlar üçün minimum yaşayış həddi olmuş, bu məbləğ sonradan hər il artırılmış və hazırda 235 manat təşkil edir. Məhkəmə hazırki yaşayış minimumu ilə uşağın saxlanılması üçün tutulan aylıq aliment məbləği arasında olan fərqi əsas götürərək hesab edir ki, uşağın bütün qayğılarını çəkən iddiaçının üzərinə uşağın yaşayış minimumu da həmin hissədə tamamlamaq vəzifəsinin qoyulması ağlabatan və ədalətli deyil. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ordubad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(080)-75/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli və alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(080)-75/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1028/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1028/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver