Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-103/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh «EGE» Hospitalsının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «EGE» Hospitala qarşı “istehlakçıların hüquqlarının pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «EGE» Hospitala qarşı «istehlakçıların hüquqlarının pozulması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş həkim Aqil Ağakişiyevin tələbi ilə "xxxx"a ödədiyi 5000 manat məbləğində pul cavabdeh "xxxx"dan tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.02.1967-ci il təvəllüdlü mərhum əri X8 ölümündən 8 ay əvvəl qarnına maye yığıldığına görə Bakı şəhəri, Yasamal rayonu, XXİ Əsr Xəstəxanasında həkim Musakov Səid müalicə etmiş, sonra isə müalicəsini ev şəraitində davam etdirmişdir. 4-5 ay ev şəraitində müalicə aldıqdan sonra həyat yoldaşı Qasımov Vaqifi aparmış Səid həkimin qəbuluna, dedi ki, hər şey yaxşılığa doğru gedir. Sanki, Qasımov Vaqifin qarnından maye çəkilmişdir. Ona görə də, Qasımov Vaqifin dərman qəbuluna bir az ara verdi. Dedi ki, oktyabr ayında bir də müayinəyə gələrsiz. Elə oldu ki, Qasımov Vaqifin qarnına yenidən maye yığılmağa başlamış və vəziyyəti ağırlaşdığı üçün 13.11.2020-ci ildə Qasımov Vaqifi aparmış Səid həkimin qəbuluna. Səid həkim xəstəni görüb və təəcüblənmişdir. O, bir neçə yerə zəng etmiş və Qasımov Vaqifi təcili “EGE HOSPİTALA" aparmalarını bildirmişdir. Vaqifin vəziyyəti çox ağır idi və yeriyə bilmirdi. Ərini Səid həkimin məsləhəti ilə "EGE HOSPİTALA" müayinəyə aparmışdılar. 2 saatlıq müayinədə sonra "EGE HOSPİTALİN" baş həkimi Aqil Ağakişiyev onu otağa çağırmış və ərinin xırıldadığını görmüşdür, sanki, bu onun son nəfəsi idi. Baş həkim Aqil Ağakişiyev bildirmişdir ki, xəstənin vəziyyəti çox ağırdır və təcili cərrahiyyə əməliyyatı olunmalıdır. Razılıq verməsə, həyat yoldaşını itirəcəkdir. Vaxt tapıb soruşa bilmədi ki, hansı cərrahiyyə əməliyyatı olunmalıdır. Baş həkim Aqil Ağakişiyev ondan vaxt itirməməyi və təcili əməliyyat üçün 5000 manat depozit qoymağı tələb etmişdir. Həyat yoldaşını itirməmək üçün razılaşmışdır. Həmin vaxtı otaqda 10 nəfərə yaxın həkim və tibb işçiləri var idi. Üzünü onlara tutub yalvarmağa və ağlamağa başlamışdır ki, elə imkanı yoxdur, maddi cəhətdən çox imkansızdır. Heç kim yalvarmağına əhəmiyyət verməmişdir. Baş həkim Aqil Ağakişiyev bildirmişdir ki, Vaqifin təziyi 40-20-yə düşüb, qara ciyəri sıradan çıxıb, qarnına qan yığılıb, mütləq cərrahiyyə əməliyyatı olunmalıdır, yoxsa öləcək. Məcburiyyət qarşısında qalıb, evə gedib, bütün qohumlardan, qonşulardan, Vaqifin dostlarından və iş yoldaşlarından 5000 manat məbləğində pul toplamış, həmin günü saat 16:00-da gətirib "xxxx"ın hesabına ödəmişdir. 5000 manat pul ödənildiyi üçün bildirdilər ki, Qasımov Vaqifi əməliyyata aldılar. Təxminən 20 dəqiqə sonra tibb bacısı dedi ki, hər şey yaxşıdır. Baş həkim Aqil Ağakişiyevin otağına getmiş, həkim ona bildirmişdir ki, hər şey yaxşıdır, mədəsindən gələn qanı dayandırdı, axşama qarnında olan mayeni çəkəcək, lakin əməliyyat etmədi. Həkimdən xahiş etmişdir ki, ərini 5 dəqiqəlik görmək istəyir. Aqil Ağakişiyev bildirmişdir ki, həkimlərə tapşırmış, qalxsın 9-cu mərtəbəyə, Vaqifi görə bilər. Orada təxminən 6-7 saat gözləmiş, lakin otağa xəstənin yanına buraxmamışdılar. Həkimə zəng vurmuş, lakin telefona cavab verməmiş, mobil telefonu söndürülmüşdü. Gecə 3 dəfə reanimasiya şöbəsi ilə zəng edərək, əlaqə saxlamışdır. Bildirmişlər ki, Vaqif Qasımov özünə gəlib, vəziyyəti yaxşıdır. Səhər saat 09:00-da zəng edib, hospitala çağırmışlar. Gəlib görmüşdür ki, Vaqifi nəfəs aparatına qoşmüşar. Bədəni qaralmış, soyuyub buz kimidir, gözləri də bağlanmışdır. Başa düşmüş ki, Vaqif çoxdan ölmüşdür. 13.11.2020-ci il tarixdə saat 12:00-da mərhum həyat yoldaşı Qasımov Vaqifi "xxxx"a aparmış və təxminən 12 saatdan sonra ona guya çəkilmiş xərcləri təsdiqləyən cədvəl, hesab-faktura vermişlər. Həmin hesab-fakturaya baxanda görmüş ki, onu aldadmışlar, 5000 manat ödədiyi puldan 4417 manat silmişlər və 583 manat pulun qaldığını yazmışlar. Onu aldadmışlar və 5000 manat pulu depozit adı ilə ödətmişlər. Sonra da həmin pulu qanunsuz və əsassız olaraq silmişlər. Lazımsız eyni qan analizləri, dəfələrlə yazıldığını, bir neçə paçka steril əlçəklərin, maskaların, çoxlu sayda şprislərin, tibbi spirtlərin, sistem şlanqlarının, xəstəaltı prostinaların, bir sözlə hospitalın bir günlük tibbi ləvazimat ehtiyacları mərhum Vaqif Qasımovun ayağına yazılmışdır. Göründüyü kimi, baş həkim Aqil Ağakişiyev həyat yoldaşı Vaqif Qasımovun vəziyyətinin son dərəcə ağır olmasını bilmiş, ona 5000 manat pulu bilərəkdən hospitalın hesabına ödətdirmiş, sonra da həmin puldan 4417 manatını silmişdir. Halbuki, mərhum Vaqif Qasımovu müalicə etməmiş və cərrahi əməliyyat aparmamışlar. Xəstənin diaqnozunu müəyyənləşdirməmişlər və yanlış diaqnoz qoymuşlar. Məqsədləri aldadıb, 5000 manat pulu ələ keçirmək olmuşdur. 04.12.2020-ci il tarixli, AZ-İİ 104981 nömrəli Ölüm haqqında şəhadətnamədə yazılmışdır ki, X10 14.11.2020-ci ildə "Dəqiqləşdirilməmiş mədə bağırsaq qanaxması" xəstəliyindən vəfat etmişdir. Cavabdehin belə qanunsuz hərəkətləri, hüquqlarından sui-istifadə hallarına yol vermələridir. Lakin hüquqdan sui-istifadə qanınla yolverilməzdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «EGE» Hospitalsının nümayəndəsi Nümayəndə etiraz ərizəsinə uyğun çıxış edərək bildirmişdir ki, tibb xidmətlərini həyata keçirən özəl tibb müəssilərinin fəaliyyətinin təşkilati-hüquqi, eləcə də özəl tibb fəaliyyətinin subyektləri arasındakı münasibətlər, onların hüquq və vəzifələri Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sözügedən Qanunun tələbinə əsasən qanunverciliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətini həyata keçirən özəl tibb fəaliyyətinin subyekti olan tibb müəssisəsi müəyyən həcmdə və müvafiq növdə göstərilən tibbi yardımın əvəzini almaq hüququna malikdir. İstinad olunan Qanuna əsasən özəl tibb müəssisəsi müəyyən növ və həcmdə dəyəri ödənilən tibbi yardım göstərir. İddia ərizəsinin məzmununda da göstərildiyi kimi mərhum V.Z.Qasımov XXİ əsr tibb müəssisəsində tibbi yardım almış, vəziyyəti daha da ağırlaşdığından Cavabdeh MMC-yə gətirilmiş və burada baş həkim Aqil Ağakişiyev tərəfindən ona müvafiq tibbi yardım göstərilmişdir. V.Z.Qasımova zəruri tibbi yardımın göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır. Xəstənin həyat yoldaşına xəstənin vəziyyətinin ağır olması, onun həyatının xilas edilməsinin mümkün ola bilməyəcəyi barədə müfəssəl məlumatlar verilmiş və o, da sona qədər xəstəyə zəruri olan tibbi yardımın göstərilməsini xahiş etmişdir. V.Z.Qasımovun ölümünədək ona göstərilən tibbi xidmətlərin dəyəri ümumilikdə 4417 manat təşkil etmişdir ki, bu vəsaitdə Kilinikanın depozitinə qoyulmuş 5000 manatdan çıxılmış və xəstə yaxınına qalan 583 manat məbləğində pul vəsaitini geri götürməsi təklif olunmuşdur. Xəstə yaxını tərəfindən qalan 583 manat vəsait klinikanın kassasından geri götürülmüşdür. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 14.11.2020-ci il tarixdə ölmüş və ölüm səbəbi “Dəqiqləşdirilməmiş mədə bağırsaq qanaxması” qeyd edilmişdir. «EGE» Hospitalın 13.11.2020-ci il tarixli sənədinin görünür ki, 13.11.2020-ci il tarixdə X10 üçün 5000 manat məbləğində avans ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya” Birliyinin 14.11.2020-ci il tarixli arayışından görünür ki, X7 meyiti 14.11.2020-ci il tarixdə Birliyin Mərkəzi ekspertizalar şöbəsinin meyitxanasında müayinədən keçirilmiş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. «EGE» Hospitalın Hesab-fakturasından görünür ki, X10 13.11.2020-ci il tarixdə klinikaya daxil olmuş, cəmi 5000 manat ödəniş edilmiş, müalicəsi üçün ümumi 4416,82 manat xərc cəkilmiş və 583 manat qaytarılmışdır. Nərimanov rayon prokurorunun köməkçisi X4 22.12.2020-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, 14.11.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 14.12.2020-ci il tarixli, 69/MEŞ saylı rəyindən görünür ki, X7 ölümünün bilavasitə səbəbi qaraciyərin portal sirrozu, xoriniki qaraciyər çatışmazlığı ilə əlaqədar qida borusu və mədənin genişlənmiş damarlarının cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm 14.11.2020-ci il tarixdə saat 12:00-da Cavabdeh klinikasında baş vermişdir. X7 meyitində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. X2 qara ciyər sirrozu, qida borusu və mədənin varikoz genəlmiş damar xəstəliyindən əziyyət çəkmiş, bu xəstəliklərlə ölümü arasında səbəbli əlaqə vardır. X7 ölümünə səbəb – qaraciyərin portal sirrozu, xroniki qaraciyər çatışmazlığı ilə əlaqədar qida borusu və mədənin genişlənmiş damarlarının cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X10 öz əcəli ilə ölmüşüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X12 879/KEŞ nömrəli rəyindən görünür ki, “EGE” X6 adına tərtib edilmiş tibbi sənədlərdə götərilənlərə əsasən, o, 13.11.2020-ci il tarixdə ağır vəziyyətdə “Alkoqola bağlı dekompanse qaraciyər sirrozu. Portal hipertenziya. Fzofaqus varisi. Mədə varis qanaxması. Anemiya. Qaraciyər ensefalopatiyası. Assit. Melobolik asidoz” diaqnozu ilə hospitala daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra xəstə reanimatoloqların nəzarəti altında endoskopla qida borusuna keçilərək fundusa qədər gedilmiş, lakin qida borusu və mədədə çoxlu miqdarda qan görüldüyündən varis yönündən dəyərləndirilə bilməmiş və prosedur sonlandırılmışdır. Xəstə reanimasiya şöbəsinə yerləşdirilmiş və intensiv-reanimasion müalicə tədbirlərinin icrasına başlanılmışdır. Lakin aparılan bütün tibbi yardımlara baxmayaraq 14.11.2020-ci il tarixdə saat 12:00-da xəstədə bioloji ölüm baş vermişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı əri X1 baş vermiş narahatçılığa görə «EGE» Hospital klinikasına müraciət etmiş, X9 həmin klinikada diaqnoz qoyulmuş və təxirəsalınmaz şəkildə müalicə və əməliyyat aparılması tələb olunduğu bildirilmişdir. Cavabdeh klinika tərəfindən aparılacaq tibbi proseduralar üçün iddiaçıdan 5000 manat məbləğində avans alınmışdır. İddiaçının əri X10 14.11.2020-ci il tarixdə “EGE” Hospitalda qaraciyərin portal sirrozu, xroniki qaraciyər çatışmazlığı ilə əlaqədar qida borusu və mədənin genişlənmiş damarlarının cırılması nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən vəfat etmişdir. İddiaçı ərinin vəfat etməsi səbəbindən klinikaya ödədiyi 5000 manat pulu geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh tərəfindən həmin avans məbləğdən X7 müalicəsi və digər tibbi prosedurlar üçün 4416,82 manat xərc cəkildiyi qeyd edilərək, 583 manat qaytarılmışdır. İddiaçı qaytarılmış məbləğdən narazı qalaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Nərimanov rayon prokurorunun köməkçisi X4 22.12.2020-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X12 879/KEŞ nömrəli rəyindən görünür k, X7 ölümündə cavabdeh tərəfin təqsiri olmamış və X3 olan xəstəliklərdən irəli gələn səbəbdən vəfat etmişdir. Qeyd edilənlərə və iddiaçının ərizəsindən görünür ki, X10 “EGE” Hospitala gətirilən zaman ağır vəziyyətdə olmuş və cavabdeh tərəfindən təxirəsalınmaz hərəkətlərin aparılması iddiaçıya təklif edilmişdir. İddiaçı ərizəsində klinikanın hesabına keçirdiyi 5000 manat pulu əməliyyat xərci üçün ödədiyini və əməliyyat olmaması səbəbindən həmin pulun qaytarılmasını bildirsə də, lakin iş materiallarına əlavə edilmiş hesab-fakturadan görünür ki, iddiaçı tərəfindən ödənilmiş 5000 manat məbləğində pulun təyinatı avans kimi qeyd edilmişdir. Həmçinin tərəflər arasında 5000 manat məbləğində əməliyyat aparılacağına dair müqavilə və ya razılaşma yoxdur. Daha sonra iddiaçı tərəf cavabdeh tərəfindən aparılmış tibbi prosedurların qiyməti artıq hesablandığını və “EGE” Hospitalın Hesab-fakturasında qeyd edilən məbləğlər reallığa uyğun olmadığını bildirmişdir. Lakin həmin hesab-fakturada göstərilən xidmətlərin və məbləğlərin artıq olmasına dair heç bir sübut təqdim etməmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən: Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş: bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görəsığortaçılarilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Göründüyü kimi, göstərilən tələb üzrə İddiaçı əsaslandırması həqiqəti əks etdirmir və istinad etdiyi hallar da əsassızdır. İddiaçı şəxs «EGE» Hospital klinikası ilə ərinin müalicə olunması üçün razılaşmışdır. Həmçinin iş materiallarında olan ekspert rəyindəndə aydın olur ki, X7 ölümünə səbəb – qaraciyərin portal sirrozu, xroniki qaraciyər çatışmazlığı ilə əlaqədar qida borusu və mədənin genişlənmiş damarlarının cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X10 öz əcəli ilə ölmüşüdür. Cavabdeh tərəfindən lazımi keyfiyyətdə və ya keyfiyyətsiz müalicə aparılması sübut edilməmişdir. İddiaçı tərəfin mübahisələndirdiyi bütün hallar məhkəmə tərəfindən araşdırılmış və mövcud mübahisə ətraflı araşdırılmaqla məhkəmə iddia tələbi ilə bağlı qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «EGE» Hospitalndan tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «EGE» Hospitala qarşı “istehlakçıların hüquqlarının pozulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-103/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-103/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver