Məhkəmə qərarları › İş №2(005)-1030/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1030/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1030/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 2498,44 AZN əsas, 473,92 AZN faiz, cəmi 2972,36 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərti ilə 2500 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxx» KB ASC-yə 2498,44 AZN əsas, 473,92 AZN faiz, cəmi 2972,36 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5118tkNAR/14 nömrəli kredit xətti və bank hesabı müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı ASC Cavabdeh 60 ay müddətinə illik 26% faiz ödəmək şərtlərlə 2500 manat məbləğində kredit verməyi, Cavabdeh isə qeyd edilən məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit və ona hesablanmış faiz məbləğini qaytarmağı, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; “xxxx” Kommersiya Bankı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 5118tkNAR/14 nömrəli kredit xətti və bank hesabı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə 2498,44 manat əsas və 473,92 manat faiz, cəmi 2972,36 manat məbləğində borcu yaranmışdır; “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdehə banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 gün müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5118tkNAR/14 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı “xxxx” KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 26% faiz ödəmək şərti ilə 2500 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə əsas kredit borcunu faizləri ilə birlikdə banka qaytarmağı, habelə gecikmələrə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixinə 2498,44 manat əsas və 473,92 manat faiz, cəmi 2972,36 manat məbləğində borcunun yarandığı iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, təqdim edilən mühasibat sənədlərini nəzərə alıb, hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilməli, Cavabdeh “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixinə 2498,44 manat əsas və 473,92 manat faiz, cəmi 2972,36 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli, 5118tkNAR/14 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 2498,44 manat əsas və 473,92 manat faiz, cəmi 2972,36 məbləğində borc, habelə 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 5118tkNAR/14 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 2498,44 (iki min dörd yüz doxsan səkkiz manat, qırx dörd qəpik) manat əsas və 473,92 (dörd yüz yetmiş üç manat, doxsan iki qəpik) manat faiz, cəmi 2972,36 AZN (iki min doqquz yüz yetmiş iki manat, otuz altı qəpik) məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar