Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1034/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1315/2020 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən alınaraq İddiaçı verilməsi qət olunmuş, sabit pul məbləğində olan 170 manat aliment məbləğinin dəyişdirilərək, 2023-ci il üçün dövlətin yaşayış minimumu üçün müyyənləşdirildiyi 246 manatdan az olmamaqla Cavabdeh məvacibinin ¼ (25%) qədər müəyyən edilməsi və uşağa görə əlavə xərclərdə iştirak etməsi üçün 50 manat sabit pul məbləğində əlavə xərclərin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Babazorov (Vəliyeva) X8 Ramil Ədalət oğlu ilə xx.xx.2015-ci il tarixində 1 saylı “ASAN" xidmət mərkəzinin qeydiyyat şöbəsində 2008 nömrəli qeydi ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2016ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(005)-8301/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il tarixində 1 saylı “ASAN" Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 2008 nömrə illə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-ci il təvəlüdlü X3 İddiaçı himayəsində saxlanılmaqla Cavabdeh hər ay 136.60 manat sabit pul məbləğində olan aliment məbləğinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Alimentin dəyişdirilərək artırılması barədə iddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış, məhkəmənin 2(005)-1315/2020 nömrəli qətnaməsi ilə 136.60 manat aliment dəyişdirilərək 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. Alimentin dəyişdirilməsi qərarından iki ildən çox vaxt keçib. Bu illər ərzində 10 saylı tam orta məktəbin hazırlıq qrupuna gedən İbrahim hazırda həmin məktəbin birinci sinifində oxuyur. Uşaq böyüdükcə onun geyimə, yeməyə və qayğıya olan təlabatları artır. Üstəlik 2022-ci ildə gündəlik kontakta olduğu ticarət, bazar, xidmət sahələrində qiymətlərin kəskin bahalaşması müəyyən olunmuş 170 manat məbləğində aliment yetərli olmadığını, azlıq təşkil etdiyini göstərir. Bundan əlavə İbrahim bütün yaşıdları kimi ilin fəsilləri dəyişərkən xüsusilə payız və qış mövsümündə teztez xəstələnir, müalicə üçün dərman preparatlarının alınması əlavə xərclər tələb edir, övladının gələcəkdə Azərbaycan cəmiyyəti üçün faydalı vətəndaş olması üçün əlavə ödənişli təhsilə cəlb edilməsi olduqca əhəmiyyətlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Eyni zamanda İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində olan probemlərlə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, işə onunj iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1315/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-8301/17 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X5 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. - “AZEMİS” elektron məhkəmə informasiya sistemində Cavabdeh əmək müqaviləsi ilə bağlı məlumatlarından onun “Məhkəmə Tibbi Ekspertiza və X7" X10 “həkim” vəzifəsində çalışdığı, aylıq əmək haqqının 861.6 manat təşkil etdiyi müəyyən olunur. - “AZEMİS” elektron məhkəmə informasiya sistemində İddiaçı əmək müqaviləsi ilə bağlı məlumatlarından onun “Milli Hematologiya və Transfuziologiya Mərkəzi" X10 “həkim(ümumi)” vəzifəsində çalışdığı, aylıq əmək haqqının 1191,4 manat təşkil etdiyi müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2016-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-8301/17 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, xx.xx.2016-ci il təvəllüdlü X2 Nərmin Zəfər qızının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1315/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda isə İddiaçı bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehin gəlirlərinin ¼ hissəsi şəklində müəyyən edilməsini (246 manatdan az olmamaqla), həmçinin əlavə xərclərlə əlaqədar 50 manat sabit pul məbləğiin tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 vəö 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin “Məhkəmə Tibbi Ekspertiza və X7" X10 “həkim” vəzifəsində işləməsi və müntəzəm aylıq maaş alması sübuta yetirildiyindən məhkəmə alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində tutulmasını məqbul hesab edir. Məhkəmə “2023-ci il üçün dövlətin yaşayış minimumu üçün müyyənləşdirildiyi 246 manatdan az olmamaqla alimentin artırılması” hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci bəndinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanundan aydın olduğu kimi iddiaçının tələb etdiyi minimum aliment məbləği 2023-cü ildə uşaqlar üçün yaşayış minimumundan daha yüksək məbləğdir. Həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsindən aydın olur ki, sabit aliment məbləği həmin maddədə qeyd edilən hallarda tutulur ki, hazırki halda cavabdehin rəsmi aylıq əmək haqqı alması barədə iş materiallarında sübut vardır və bu məbləğ dəyişən deyil, qeyri-müntəzəm deyil, bir hissəsi naturada ödənmir. Yəni alimentin cavabdehin qazancının bir hissəsi kimi deyil, sabit məbləğdə tutulması üçün əsas yoxdur. Məhkəmə “uşağa görə əlavə xərclərdə iştirak etməsi üçün 50 manat sabit pul məbləğində əlavə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları mülki işə baxan məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla tətbiq edilməldir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün əlavə xərclərin əvəzinin tutulmasını tələb etsə də, iddia tələbinin bu hissədə əsaslı olduğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1034/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1034/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver