Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-104/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı, onun nümayəndəsi X4, Cavabdeh “xxxx” MMC Tikinti Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC Tikinti Şirkətinə qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulan zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “vurulan zərərin əvəzinin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona çəkilən 25 000 manat məbləğində olan ziyanın ödənilməsinin cavabdehin öhdəliyinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı ünvan 1 ünvanında məcburi köçkün kimi yaşayır. 14 dən xx xxxx 2017-ci ilə qədər Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə onun evinin yanında yeni asfalt döşənməsi üzrə tikinti işləri gedirdi. İşin gedişi prosesində asfalt döşənməsi üzrə bundan bütün sonrakı nəticələrlə ağır texnika istifadə edilirdi. Həm də texnikanın işləməsi ilə əlaqədar olaraq zəlzələ ilə müqayisə edilə bilən güclü vibrasiya müşahidə olunurdu. Evdə hər şey silkələnirdi. Bununla əlaqədar olaraq evin konstruksiyasında dəyişikliklər əmələ gəldi, divarlarda çatlar əmələ gəlmişdi. Bununla əlaqədar olaraq o “xxxx” MMC tikinti şirkətinin rəhbərliyinə müraciət etmişdir. İddiaçıya kinayə ilə bildirdilər ki, problem kosmetik təmirlə həll edilə bilər. Onun probleminə bu cür münasibəti həmvətənlərinin təhqiri, respublikanın düşmənlərinin təhqirindən daha təhqirli kimi qəbul edir. Bununla əlaqədar olaraq xx xxxxxxxx 2017-ci ildə Azərbaycan Respublikası Fövqəladə hallar nazirliyi tikintidə təhlükəsizliyə nəzarət üzrə Dövlət agentliyinə müraciət etməyə məcbur oldu. Onun göstərdiyi faktların yoxlanılması və ona dəyən zərərin ölçüsünün müəyyən edilməsi. Lakin Azərbaycan respublikası Fövqəladə hallar nazirliyinin tikintidə təhklükəsizliyə nəzarət üzrə Dövlət agentliyinin xx xxxxxxx 2017 il tarixli məktubu ilə o, zərərin ölçüsünün müəyyən edən müvafiq təşkilata müraciət etməyi barədə qeyri müəyyən cavab aldı. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinə yazılı etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona dəyən zərərin əvəzinin ödənilməsi üçiin 25 000 (iyirmi beş min) manat məbləğində pulun cavabdeh "Cavabdeh” MMC-dən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilir ki, iddiaçının iddiası tamamilə əsassız və yalan məlumatlardan ibarətdir. Belə ki, İddiaçı məcburi köçkün kimi yaşadığı Nərimanov rayonu, A.Qayıbov küçəsindən sonra gələn Böyük Şor küçəsində "Cavabdeh” MMC-nin istehsalat ərazisi yerləşir. İddiaçı ərizəsində qeyd edir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı ilə "Cavabdeh" MMC ''tikinti” şirkəti tərəfindən 2017-ci ildə sözügedən iki küçədə asfalt örtüyünün çəkilməsi ilə əlaqədar "zəlzələ gücü ilə müqayisə edilə bilən vibrasiya lar” nəticəsində onun evinin divarları zədələnmiş və ona zərər dəymişdir. Bildirmək istəyirlər ki, 2017-ci ildə həmin küçələrin pis vəziyyətdə olması səbəbindən əraziyə Cavabdeh MMC-nin sifarişi ilə podratçı şirkət tərəfindən asfalt örtüyünün çəkilməsi həqiqətdir, lakin bu proses Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı ilə deyil, məhz ərazidə məskunlaşan qaçqın və məcburi köçkünlərinin xahişi ilə "Cavabdeh” MMC-nin rəhbərliyinin öz təşəbbüsü ilə çəkilmişdir. Aydındır ki. asfalt örtüyünün çəkilməsi həm orada yaşayan insanları, həm də şirkətin əməkdaşları üçün vacib məsələdir. Asfaltın çəkilməsi zamanı isə İddiaçı evinə ‘'zəlzələ” kimi təsir edə biləcək heç bir ağır texnika istifadə edilməmişdir. Asfaltın çəkildiyi əraziyə iddiaçının evindən daha yaxın evlər var ki, elə zədələnsə, ilk növbədə həmin evlər zədələnməli idi. Asfalt örtüyünün çəkilməsi prosesi müəyyən dərəcədə hər kəsə məlumdur, hansı zamanda və məkanda görülüb ki, asfalt çəkilərkən zəlzələ effekti yaransın və ərazidəki evlərə zərər dəysin. İddiaçı zərərin əvəzinin ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin isə başqa səbəbləri vardır. Belə ki, həmin ərazidə "Cavabdeh” MMC-yə məxsus elektrik dirəyi İddiaçı və onun anası X2 tərəfindən şifer və sellofan kulyonkadan ibarət olan özbaşına tikili ilə əhatə olunmuşdur. Məhz bu özbaşına tikilinin sökülməsi məqsədilə "Cavabdeh” MMC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli. 2(102)-5595/2019 saylı qərarına əsasən həmin qanunsuz tikili sökülməlidir və hazırda bu istiqamətdə icra işləri aparılır. İddiaçı həmin özbaşına tikilinin sökülməsinin qarşısını almaq üçün müxtəlif yalanlar uyduraraq müxtəlif dövlət qurumlarına və məhkəmələrə müraciət edir ki, Cavabdeh MMC bu mənasız şikayət ərizələri ilə məşğul olub, özbaşına tikilinin sökülməsi üçün heç bir addım atmasın. Beləliklə, İddiaçı vurulan zərərin ödənilməsi haqqında iddia ərizəsi tamamilə yalan məlumatlardan ibarətdir və əsassızdır. Cavabdeh MMC-nin fəaliyyəti nəticəsində iddiaçının evində heç bir zədələnmə və ya konstruksiyon dəyişiklik baş verməmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. Qönçə xanımın evindən 3-4 metr uzaqlıqda cavabdeh yol çəkirdi. Tarixi səhv etmirsə 2016-cı il olmalı idi. Orada bərkidici işlər gedirdi. Həmçinin orada katok deyilən texnika var. O asfaltı bərkidir. Katok vibrasiyaya düşəndə bütün yer sirkələnir. Həmin sirkələnmədən sonra o iddiaçının evinə baxdı və gördü ki, 5-6 yerdən çatlar yaranıb. Onların evlərində də sirkələnmə var. İddiaçı dedi ki, belə bir hadisə olub. O da iddiaçının evinə baxmağa getmişdir. Hadisə baş verəndən sonra evə baxıb. O, onun evinə gedəndə özü, həyat yoldaşı, yoldaşının bacısının əri evdə idi. Onun evində çatlar yaranmayıb. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. 2016-cı ilin təxmini mart ayı idi. İddiaçının evində çatlar yaranmışdı. Orada qazıntı işləri gedirdi, ümumi yolu bərkidirdilər. Yerə ağır katok saldılar. Onlar bina evində qalır və iddiaçının evi ilə onların evinin arasında 50 metr məsafə var idi. Yer sirkələndi. Onlar iddiaçının evinə baxdılar və çatlar yaranmışdı. Hadisə baş verəndən sonra o özü iddiaçının evinə baxanda çatların olduğunu görmüşdü. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/963 saylı ekspert rəyinə əsasən, Qərardadın birinci və üçüncü sualları üzrə: ünvan 3 ünvanında yerləşən evin 1 və 2 saylı otaqların arakəsmələrinin künc hissələrində 0,5/1,0sm ölçüdə çatlar olduğu, tavandan künclük qopduğu müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı ünvan 3 ünvanında İddiaçı yaşadığı evində olan çatlar əsas arxa otaqlar istiqamətdə, arakəsmələrin birləşmə hissəsində olduğunu, Yaşayış evin perimetir boyu anti-seysmik kəmər və mübahisəli evin qonşuluğunda yerləşən evin divarlarında çatlar olmadığını nəzərə alaraq, “xxxx" MMC-nin apardığı asfalt döşəmə işləri nəticəsində İddiaçı yaşadığı mənzilinə maddi ziyan dəymiyə bilər.Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, A.Qaibov küçəsində yerləşən ərazidə aparılmış tikinti işləri müvafiq orqanlarla razılaşdırılmadığı üçün həmin tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarırın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: ünvan 3 ünvanında yerləşən evində mövcud qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 7522,5 manat məbləğində müəyyən olunur. Lakin evin köhnəlmə əmsalı tədbiq olunmaqla yaranmış qüsurların dəyərinin müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını mülkiyyətə dəymiş zərərin əvəzinin ödənilməsi tələb etməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/963 saylı ekspert rəyi ilə ünvan 3 ünvanında yerləşən evin 1 və 2 saylı otaqlarının arakəsmələrinin künc hissələrində 0,5/1,0 sm ölçüdə çatların baş verməsi və s.-nin “xxxx" MMC-nin apardığı asfalt döşəmə işləri nəticəsində baş verməsi öz təsdiqini tapmamış və “xxxx" MMC-nin mülki hüquqi baxımdan təqsiri sübuta yetməmişdir. Məhkəmə şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, həmin ifadələr hazırki iş üzrə mötəbər sübut hesab edilə bilməz. Belə ki, mülki prosessual qanunvericiliyin müddəalarına əsasən müəyyən sübutetmə vasitələri ilə sübut edilməli olan işin halları digər sübutlarla təsdiq oluna bilməz. (AR MPM 81-ci maddəsi) Hazırki halda isə cavabdeh tərəfindən deliktin törədilməsinin müəyyən edilməsi üçün xüsusi biliyə zərurət olmuşdur. Yuxarıda göstərilən müvafiq rəylə isə cavabdehin təqsiri sübuta yetməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “vurulan zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC Tikinti Şirkətinə qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulan zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-104/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-104/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver