Məhkəmə qərarları › İş №2(005)-104/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-104/2024

04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-104/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı 57173,53 AZN pul vəsaitinin ödənilməsi barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində qanunla təyin olunan təzminatın cavabdeh şəxslərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 avqust 2021-ci il tarixdə “Archico" MMC-də karotçu işləyən əri, Paşayev Ceyhun Mehman oğlu 25 avqust 2021 -ci il tarixdə ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölmüşdür. Qeyd edir ki, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü 1 uşağı var və ailənin gəlir mənbəyi yalnız ərinin qazancı idi. Yoldaşını işə götürən Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış AH********** nömrəli. 11 fevral 2021 -ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunmuş, lakin həmin müqavilə üzrə ona 28.556 (iyirmi səkkiz min beş yüz əlli altı) AZN həcmində sığorta ödənişi həyata keçirilmişdir. Ona siğorta tərəfindən yoldaşının ölümü ilə əlaqədar olaraq 28.500 manat pul ödənilib. Lakin az ödənilib. Çünki mərhum yoldaşının 35 yaşı olub. Aylıq rəsmi gəliri 700 (yeddi yüz) manat olub. Bundan sonra 30 il işləsə idi orta əmək haqqı olan məbləği ala biləcəkdi. Mərhum yoldaşı Paşayev Ceyhun Mehman oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir. Bu səbəbdən də "xxxx" sığorta tərəfindən ona ödənilən siğorta ödənişinin yenidən hesablanması və ödəniş qaydasının düzgün icra olunması barədə ərizə ilə müraciət etsə də, cavabdeh şirkət tərəfindən heç bir cavab ala bilməmişdir. Məhkəmə baxışı dövründə iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bədbəxt hadisə nəticəsində Paşayev Ceyhun Mehman oğlunun ölümü ilə əlaqədar Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış AH********** nömrəli. 11 fevral 2021 -ci il tarixli müqavilə ilə 57173,53 AZN pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Öz izahatında bildirdi ki, mərhumun azyaşlı övladı var. Hal-hazırda məhz ailə başçısı itirildiyinə görə həm iddiaçı, həm də onun azyaşlı övladı çox çətin vəziyyətdə qalmışlar. Hesab edirlər ki, birdəfəlik sığorta ödənişinin məbləği düzgün hesablanmamışdır. Belə ki, əmək müqaviləsində əmək haqqının məbləği əvvəlcə 250, sonra 350 manat olaraq göstərilsə də, mərhum faktiki olaraq hər ay təxminən 600-700 manat maaş almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X6 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Öz izahatında bildirmişdir ki, mərhum Cavabdeh1 MMC-də karotçu vəzifəsində işləmişdir. Əmək müqaviləsinə əsasən əmək haqqı vaxtamuzd deyil, məhz işəmuzd qaydada hesablanması nəzərdə tutulmuşdur. Məkhəmə sorğusuna bank tərəfindən təqdim edilmiş cavab məktubunda mərhumun banlk kartına hər ay fərqli məbləğlərdə ödənişlərin edilməsi də bu haldan irəli gəlir. Birdəfəlik icbari sığorta ödənişinin məbləğinin hesablanması zamanı nəzərə alınan əmək haqqı fondunun əmək müqaviləsində qeyd edilən məbləğə uyğun hesablanması qanunvericiliyin tələblərinə tam uyğun gəlir. Digər tərəfdən iddiaçıya 28556 manat məbləğində ödəniş həyata keçirilsə də, o birdəfəlik icbari sığorta ödənişinin sığorta məbləği həddində, yəni 57173,53 manat həcmində verilməsini tələb edir. Lakin əslində məbləğlərin arasında fərqin yaranmasının səbəbi mərhumun əmək müqaviləsində qeyd edilən əmək haqqının məbləği deyil. Belə ki, məhz həmin əmək haqqı ilə hesablanan illik əmək haqqı fondu ilə, əgər digər şərtlər – öhdəsində olan uşaqların sayı, yaşı, və öhdəliyində digər əmək qabiliyyəti olmayan şəxslərin olması və s. kimi faktorlar fərqli olsa idi, ödənişinməbləği də arta bilərdi. Ona görə də hesab edir ki iddia tələbi əsassızdır və rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsi təqdim edərək, Cavabdeh1 MMC ilə Sığortaçı Cavabdeh2 Sığorta Şirkəti arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə Paşayev Ceyhun Mehman oğlu sığorta olunmuşdur. xx.xx.2021-ci il tarixində baş vermiş bədbəxt hadisə nəticəsində sığorta olunan Paşayev Ceyhun Mehman oğlu vəfat etmişdir. Hadisə cavabdeh tərəfindən sığorta hadisəsi kimi tanınmışdır, müvafiq sənədlər toplanmış və Sığorta olunanın övladı və arvadı faydalanan şəxs kimi tanınaraq onlara sığorta ödənişi verilmişdir. BSÖ=9PxAİ0/N+1. Həmin düsturda: BSÖ- faydalanan şəxsə verilən birdəfəlik sığorta ödənişi, i- faydalanan şəxsin say indeksi, N-sığorta olunanın himayəsində olmuş şəxslərin sayıdır. P-sığorta olunan illik əmək haqqı fond. Aİ-bu qaydanın 2.1.3-cü bəndi ilə müəyyən edilmiş müvafiq cədvəldə nəzərdə tutulan, hər hansı faydalanan şəxsin, Qanunun 5.1.2.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qulluq edilənlərin ən kiçiyinin yaşına uyğun hesablama əmsalıdır. Sığorta müqaviləsindən görünür ki, P-4200 manatdır. Qaydaların 2.1.3.2-ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərə qulluq etməklə məşğul olan faydalanan şəxslərə maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərə qulluq etməklə məşğul faydalanan şəxslərə verilən sığorta ödənişinə münasibətdə Qaydalarda verilən 1-ci cədvələ uyğun əmsal seçilir. Hadisə zamanı faydalanan şəxs İddiaçı övladı X3 2 yaşı tamam olduğu üçün, Qaydalardakı cədvələ əsasən Aİ-8,5942. N isə faydalanan şəxslərin sayını əks etdirdiyi üçün 2 olacaq. Burada belə nəticəyə gəlinir ki, İddiaçı sığorta ödənişi müvafiq düstur əsasında aşağıdakı kimi hesablanmışdır. BSÖi=(4200x8,5942)/(2+1)=36,095,64/3=12.031,88. Faydalanan şəxs X4 münasibətdə Qaydaların 2.1.3.1-ci maddəsinə əsasən Ai=11,8040 olmaqla sığorta ödənişi müvafiq düstur əsasında aşağıdakı kimi hesablanmışdır: BSÖi=(4200x11,8040)/(2+1)=49.576,80/3=16.525,60. Təqdim edilən düsturlardan və hesablamalardan görünür ki, sığortaçı sığorta ödənişini qanunun və müvafiq qaydaların tələblərinə uyğun hesablamışdır. Qüvvədə olan qanunveriiclikldə istehsalatda baş verən bədbəxt hadisə ilə bağlı birdəfəlik icbari sığorta ödənişinin sığorta məbləği həddində, yəni 57173,53 manat həcmində verilməsinin hüquqi əsası yoxdur. Digər Cavabdeh2 Sığorta Şirkəti ASC-nə növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə tərəflərin işirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 259018 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Paşayev Ceyhun Mehman oğlu ilə X1 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar və nikah həmin tarixdə 715 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Ərə Paşayev, arvada Paşayeva soyadları verilmişdir. - 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 325689 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 02 avqust 2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X11 Mehman oğlu, anası İddiaçıdır. - 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 16 sentyabr 2021-ci il tarixində verilmiş AZ-İİ 220122 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Paşayev Ceyhun Mehman oğlu xx.xx.2021-ci il tarixində elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür. - 559 nömrəli əmək müqaviləsindən görünür ki, Paşayev Ceyhun Mehman oğlu ilə Cavabdeh1 MMC arasında 07 yanvar 2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. - 11 fevral 2021-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, Cavabdeh2 Sığorta Şirkəti ASC ilə Cavabdeh1 MMC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 04 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əmri ilə yaradılmış komissiya Cavabdeh1 MMC-nin işçisi Paşayev Ceyhun Mehman oğlunun xx.xx.2021-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını başa çatdırmışdır.Bədbəxt hadisənin təhqiqat aktının 5-ci bəndində göstərilən tədbirlərin yerinə yetirilməsi və görülmüş tədbirlər haqqında X8 Xidmətinə məlumat verilməsi üçün materiallar Cavabdeh1 MMC-yə göndərilir. - Təhqiqat aktından görünür ki, bədbəxt hadisənin səbəbləri Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Karotçunun peşə təlimatı”nın “4.Məsuliyyət bölməsi”nin 1.1.2-ci (öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının normativ hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə) bəndinin tələblərinə riayət edilməməsi, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Tikinti üzrə mühəndisin vəzifə təlimatı”nın “Vəzifə öhdəlikləri bölməsi”nin 3-cü (İstehsalat sahəsində işləyən bütün işçilərə rəhbərlik edir, onlara icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və işlərinə nəzarət edir) bəndinin tələblərinə riayət edilməməsidir. Paşayev Ceyhun Mehman oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehslat xarakterlidir, AR Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və Cavabdeh1 MMC tərəfindən uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənin ailəsinə verilməsi Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən təmin edilməlidir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən İddiaçı hesabına 12031,88 manat ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığındna görünür ki, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən X3 hesabına 16525,60 manat ödəniş edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1718/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. - İddiaçı Cavabdeh2 Sığorta Şirkəti ASC-yə ərizə ilə müraciət edərək, bildirmişdir ki, yoldaşını işəgötürən Cavabdeh1 MMC ilə Cavabdeh2 Sığorta Şirkəti ASC arasında bağlanmış AH********** nömrəli, 11 fevral 2021-ci il tarixli müqavilə ilə 57173,53 manat həcmində icbari sığorta olunmuş, lakin həmin müqavilə üzrə ona 28556 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir. - İddiaçı Bakı şəhəri Nərimanov İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı bildirir ki, borclu tərəfindən xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğində pul vəsaiti onu kart hesabına köçürülmüşdür. İcra sənədinə icra haqqında qanunun 20.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş edir. - xx.xx.2022-si il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, tələbkar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1718/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 9/3426 nömrəli ekspert rəyindən görünür ki, sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin böyük mütəxəssisi X2 tərtib etdiyi Mütəxəssis rəyindən göründüyü kimi zərər çəkənə ödəniləcək məbləğ 28557,48 manat məbləğində olması müəyyən edilir. - Birdəfəlik Sığorta Ödənişi məbləğinin hesablanmasına dair arayışdan görünür ki, faydalana şəxs X4 münasibətdə Qaydaların 2.1.3.1-ci maddəsinə əsasən A=11,8040 olmaqla sığorta ödənişi müvafiq düstur əsasında aşağıdakı kimi hesablanmışdır: BSÖ=(4200x11,8040)/(2+1)= 49,576,80/3=16,525,60 - Mütəxəssis rəyindən görünür ki, AH********** saylı icbari sığorta müqaviləsinə əsasən zərərçəkmiş tərəfə ümumi ödəniləcək zərər məbləği 28557,48 manat hesablanmışdır. - "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, Paşayev Ceyhun Mehman oğlunun hesabına xx.xx.2021-i il tarixində 636,03 manat, xx.xx.2021-ci il tarixində 644,56 manat, xx.xx.2021-ci il tarixində 611,38 manat, xx.xx.2021-ci il tarixində 611,38 manat, xx.xx.2021-ci il tarixində 655,63 manat, xx.xx.2021-ci il tarixində 748,55 manat, xx.xx.2021-ci il tarixində 766,25 manat, xx.xx.2021-ci il tarixində 722 manat ödənilmişdir. - Paşayev Ceyhun Mehman oğlu ilə Cavabdeh1 MMC arasında 07 yanvar 2020-ci il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki əmək haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 8–ci bəndində isə əmək haqqının xx.xx.2021-ci il tarixindən 350 manat təşkil edilməsi göstərilmişdir. - Cavabdeh1 MMC-nin işəmuzd qaydada tikinti sahəsində fəhlə vəzifəsində çalışan işçilərinin tarif maaşının müəyyən edilməsi barədəCavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli 01/21i saylı əmrindən görünür ki, Cəmiyyətin tikinti sahəsində fəhlə vəzifəsində çalışan işçilərinin işəmuzd əməkhaqqı verilməsi qaydası aşağıdaki kimi müəyyən edilsin. İşəmuzd əmək haqqına əsasən işləyən işçilərin gündəlik hasilat normasının vahidinin dəyəri 13,50 AZN müəyyən edilsin. Buna uyğun olaraq onların aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 350 AZN müəyyənləşdirilsin. Mühasibatlığa tapşırılsın ki, həmin işçilərin aylıq əmək haqqlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq əməyin işəmuzd ödənilməsi qaydasına uyğun əsasən hesablasın. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Paşayev Ceyhun Mehman oğlu ilə Cavabdeh1 MMC arasında 07 yanvar 2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. 25 avqust 2021-ci il tarixdə “Archico" MMC-də karotçu işləyən Paşayev Ceyhun Mehman oğlu ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölmüşdür. Təhqiqat aktından görünür ki, bədbəxt hadisənin səbəbləri Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Karotçunun peşə təlimatı”nın “4.Məsuliyyət bölməsi”nin 1.1.2-ci (öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının normativ hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə) bəndinin tələblərinə riayət edilməməsi, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Tikinti üzrə mühəndisin vəzifə təlimatı”nın “Vəzifə öhdəlikləri bölməsi”nin 3-cü (İstehsalat sahəsində işləyən bütün işçilərə rəhbərlik edir, onlara icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və işlərinə nəzarət edir) bəndinin tələblərinə riayət edilməməsidir. Paşayev Ceyhun Mehman oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehslat xarakterlidir, AR Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və Cavabdeh1 MMC tərəfindən uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənin ailəsinə verilməsi Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən təmin edilməlidir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən İddiaçı hesabına 12031,88 manat ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığındna görünür ki, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən X3 hesabına 16525,60 manat ödəniş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1718/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin texniki təhlükəsizlik qaydalarına riayəğ edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması səbəbindən təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi, ümumilikdə iddiaçıya cavabdeh tərəfindən 46500 manat məbləğində maddi ziyan ödənilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən ona və uşağına istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əvvəldən ödənilmiş 12031,88 manat və 16525,60 manat ödənişlərin az olmasına istinad edərək Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış AH********** nömrəli. 11 fevral 2021 -ci il tarixli müqavilə ilə müəyyən edilmiş icbari sığorta məbləği olan 57173,53 AZN vəsaitinin tutulmasını xahiş edir c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.3-cü maddəsinə əsasən, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 926.1 və 926.3-cü maddələrinin məzmununa əsasən icbari sığorta növləri üzrə sığorta hesablanması xüsusi qanunla müəyyən edilir. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmununa görə cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasinin Qanunu: 3.1. Aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri , habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); 5.1. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar: 5.1.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar; 5.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 7.3. Bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. 11.1. İcbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə Mərkəzi Bankın verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər 17.1. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. 17.2. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17.3. Aylıq sığorta ödənişi məbləğinin hesablanması zamanı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın orta aylıq əmək haqqı barədə arayışı sığortalıdan əldə etmək mümkün olmadıqda aylıq sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən iqtisadiyyatın müvafiq sahəsində müvafiq dövr üçün müəyyən edilmiş orta aylıq əmək haqqı əsasında hesablanır.[ 17.4. Bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. 17.5. Əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 17.7. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması” Qaydası : 2.1. Orta aylıq əmək haqqı sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəlki tam on iki ay (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda faktiki tam aylar) ərzində əmək müqaviləsi üzrə əməyinin ödənilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı” üzrə nəzərə alınan ödənişlərin məbləğinin və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyasını yerinə yetirilməsinə görə ödənilən muzdun məbləğinin cəminin on ikiyə (əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin həmin tarixdən əvvəlki daha az müddətdə qüvvədə olduğu halda isə tam ayların sayına) bölünməsi yolu ilə hesablanır. 2.2. Orta aylıq əmək haqqının hesablanması zamanı sığorta olunanın tam işləmədiyi aylar faydalanan şəxsin arzusuna uyğun olaraq, tam işlənilmiş əvvəlki aylarla əvəz edilir, belə əvəzetmə mümkün olmadıqda isə bölünən ayların sayı azaldılmaqla hesabdan çıxarılır. 2.3. Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki bir aydan az müddətdə qüvvədə olduğu halda, həmin müqavilə üzrə əməyin ödənilməsi üçün nəzərdə tutulan məbləğin bir günə düşən hissəsinin həmin aydakı iş günlərinin sayına vurulması yolu ilə alınan məbləğ sığorta olunanın orta aylıq əmək haqqı və ya orta aylıq muzd kimi nəzərə alınır. 2.4. İstehsalat təcrübəsi (təlimi) keçən sığorta olunanın faktiki əmək haqqı öyrəndiyi (işlədiyi) peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşından az olarsa, onun orta aylıq əmək haqqı həmin peşənin (vəzifənin) tarif (vəzifə) maaşı əsasında hesablanır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Paşayev Ceyhun Mehman oğluna münasibətdə Cavabdeh1 MMC ilə “Atəşgah Həyat" siğorta şirkəti ASC arasında bağlanmış AH********** nömrəli. 11 fevral 2021 -ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunmuş və Paşayev Ceyhun Mehman oğlu 25 avqust 2021 -ci il tarixdə ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölməsi nəticəsində iddiaçıya və uşağına ümumilikdə 28.556 (iyirmi səkkiz min beş yüz əlli altı) AZN həcmində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının mərhum ərinin 11 fevral 2021 -ci il tarixli müqavilə ilə 57173,53 AZN həcmində icbari sığorta olunduğu halda həmin müqavilə üzrə ona 28.556 AZN həcmində sığorta ödənişi həyata keçirilməsinin qanunsuzluğunu mübahisələndirməsini nəzərə alaraq iş üzrə xüsusi bilik tələb edildiyindən məhkəmənin qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssis rəyinə əsaslanan 18 sentyabr 2023-cü il tarixli 9/3426 nömrəli ekspert rəyinin məzmunu ilə müəyyən edilmişdir ki, zərər çəkənə ödəniləcək məbləğ 28557,48 manat təşkil edir. İşin materiallarından görünür ki, Paşayev Ceyhun Mehman oğlunun orta aylıq əmək haqqı 350 manat olmaqla bir illik əmək haqqı fondunun məbləği 4200 manat təşkil etmişdir. Cavabdeh1 MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 154/21 saylı arayışdan görünür ki, Paşayev Ceyhun Mehman oğlunun 2020-ci ilin avqust ayından xx.xx.2021-ci il tarixədək vergi və digər icbari tutmalar da daxil olmaqla əmək haqqı 2020-ci ilin avqust ayı üçün 720, sentyabr ayı üçün 787,5, oktyabr ayı üçün 775, noyabr ayı üçün 675, dekabr ayı üçün 695, 2021-ci ilin yanvar ayı üçün 712,5, fevral ayı üçün 675, mart ayı üçün 675, aprel ayı üçün 725, may ayı üçün 830, iyun ayı üçün 850 manat, iyul ayı üçün 800 manat olmuşdur. "xxxx" ASC-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, Paşayev Ceyhun Mehman oğlunun adına olan plastik karta 2021 -ci ilin yanvar-avqust aylarında müvafiq olaraq 636.03, 644,56, 611,38, 611.38, 655,63, 748,55, 766,25, 722.0 manat vəsait köçürülmüşdür. İddiaçı tərəf cavabdeh sığorta şirkətinə sığortalı Paşayev Ceyhun Mehman oğlunun illik əmək fondu məbləğini az təqdim etməklə düzgün olmayan məlumat verdiyindən sığorta müqaviləsi üzrə faydalanan şəxslər olan iddiaçılara sığorta ödənişinin az hesablanaraq ödənilməsini göstərsələr də, cavabdeh “Archico" MMC-i mərhumun əmək müqaviləsində konkret əmək haqqı göstərilməsinə baxmayaraq özünün xx.xx.2021-ci il tarixli 01/21i saylı əmrinə əsasən mərhuma əmək haqqını işəmuzd qaydasında ödənilməsini, lakin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə edilən ödənişlər əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək haqqından həyata keçirilməsini göstərmişlər. Digər Cavabdeh2 Sığorta Şirkəti ASC-i də eyni zamanda onlara müqavilə üzrə Paşayev Ceyhun Mehman oğlunun əmək haqqı məlumatlarına dair əmək müqaviləsinin təqdim edilməsini və sığorta ödənişlərinin də əmək müqaviləsi üzrə həyata keçirilmiş məlumat əsasında düzgün ödənilməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, illik əmək haqqı fondunun hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik əmək haqqı fondunun hesablanması Qaydası”nda göstərilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə görə sığorta haqqının müəyyən edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-i Cavabdeh2 Sığorta Şirkəti ASC-yə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlayarkən mərhum Paşayev Ceyhun Mehman oğlunun illik əmək haqqı fondu barədə məlumatları sığorta şirkətinə əmək müqaviləsinə uyğun vermiş və nəticədə sonuncunun bədbəxt hadisə nəticəsində ölümünə görə sığorta ödənişi almaq hüququna malik olan faydalanan şəxslərə – iddiaçıya və övladına Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən yuxarıda qeyd edilən məbləğdə sığorta ödənişi verilmişdir. İddiaçı tərəf qeyd edilən halın sığorta müqaviləsinin sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağlanılması kimi qiymətləndirilməli olmasına dair dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, sığortalı tərəfindən sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə müqavilə bağlamasının hüquqi nəticələri isə Mülki Məcəllənin 897.3-cü və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsində qeyd edilmişdir. Belə ki, Mülki Məcəllənin 897.3-cü maddəsinə görə icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Eləcə də, adı çəkilən Qanunun 7.3-cü maddəsinə əsasən Bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqavilə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd edir ki, əvvəla icbari sığorta müqaviləsinin qanunsuzluğu mübahisələndirilməmiş, qüvvəsindədir. İkincisi də, təqdim edilmiş bank sənədlərində mərhumun 2020-ci il üçün kartına nə qədər əmək haqqı köçürülməsi müəyyən edilməmişdir. Sığorta ödənişi hesablanarkən faktiki olaraq onun illik əmək haqqı fondu 4200 manat hesabı ilə nəzərə alınmışdır. Bu cavabdehlər arasındabağlanmış 11 fevral 2021-ci il tarixli icbari sığorta müqaviləsinə əlavə edilmiş müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəlin məzmunu ilə də təsdiqini tapır. Daha sonra məhkəmə qeyd edir ki, cavabdehlər arasında bağlanmış 11 fevral 2021-ci il tarixli icbari sığorta müqaviləsinin şərtləri baxımından Cavabdeh1 MMC-nin Cavabdeh2 Sığorta Şirkəti ASC–yə sığorta olunmuş işçinin əmək müqaviləsi üzrə əmək haqqı məlumatı verilməsi kimi öhdəliyi olduğundan sonuncu da Paşayev Ceyhun Mehman oğlunun sığorta hadisəsinə münasibətdə sığorta ödənişi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2010-cu il 29 oktyabr tarixli 192 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması» Qaydasına uyğun olaraq həmin qaydalarda təsbit edilmiş düstürla düzgün olaraq hesablayıb ödəmişdir. Məhkəmə həmçinin iddiaçının cavabdehlərdən 57173,53 AZN pul vəsaitinin ödənilməsi barədə tələbi ilə bağlı həmçinin qeyd edir ki, iddiaçı göstərilən məbləğin ona tam ödənilməsi barədə iddia qaldırarkən buna qədər ona 28.556 manat ödənilməsini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmənin qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından o həm öz hüquqi mövqeyini sübut edilə bilməmiş və tələblərinin əsaslı olması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilikdə istehsalatda baş verən bədbəxt hadisə ilə bağlı birdəfəlik icbari sığorta ödənişinin sığorta məbləği həddində, yəni 57173,53 manat həcmində verilməsinə dair iddia tələbinin hüquqi əsası olmadığı, sığorta məbləğinin qanunda sığortaçının öhdəliyinin son həddi kimi çıxış etməsi, ən nəhayət sığorta ödənişinin məhz icbari qanunvericilikdə müəyyən edilmiş qaydada düzgün hesablanmasına görə iddia tələbləri əsassızdır və rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı 57173,53 AZN pul vəsaitinin ödənilməsi barədə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar