Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1052/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Salyan şosesi 14/2 km ünvanda inşa olunmuş 4 mərtəbə+mansarddan ibarət yaşayış sahələrinin və 9 mərtəbə+mansarddan, zirzəmi-dayanacaq ehtiva edilən yaşayış sahələrindən ibarət tikililərə istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 2001-ci il 6 noyabr tarixli, 703 saylı Sərəncamı ile Bakı şəhəri, Salyan şosessinin cənubunda “Xezer-1" firmasına istirahət, sağlamlıq və yaşayış massivinin tikintisi məqsədi ilə torpaq sahəsi ayrılmış, həmin sərəncam əsasında aidiyyəti təşkilatlardan (işiq, qaz, su və s.) müvafiq razılıqlar alınaraq, 2002-ci il 24 yanvar tarixli, 11062 saylı inşaat pasportu verilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2008-ci il 9 sentyabr tarixli, 18/04-440 saylı məktubu ile eskiz layihəsi, 2008-ci il 15 sentyabr tarixli, 18/04-446 saylı məktubu ile işçi layihəsi təsdiq edilərək razılaşdırılmışdır. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesinin cənubunda yerləşən ərazidə 4 mərtəbə+mansard qeyri-yaşayış sahəsi, zirzəmi avtodayanacaqla birlikdə və 9 mərtəbə+mansard qeyri-yaşayış sahəsi, zirzəminin avtodayanacaqla birlikdə iddiaçı tərəfindən alınması barədə onunla üçüncü şəxs arasında 2014-cü il 15 noyabr tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin əmlakın dəyəri üçüncü şəxsə ödənilmiş və bu barədə iddiaçıya qəbz verilmişdir. Sonradan iddiaçı ərizə ilə maraqlı şəxsə müraciət edərək, 2014-cü il 15 yanvar tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən inşa olunmuş 4 mərtəbə+mansard, ticarət sahəsi, zirzəmi avtodayanacaq və 9 mərtəbə+mansard zirzəmi-dayanacaq, qeyri-yaşayış ticarət sahəsinin mövcud istifadə vəziyyətində daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 16 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi hüquq müəyyənedici sənədlərin təqdim olunmaması və obyektdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şəraitin yaradılmaması göstərilmişdir. Ərizə üzrə qəbul edilmiş məhkəmə aktları barədə iddiaçı 2017-ci il 14 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilərək, 2014-cü il 15 yanvar tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən inşa olunmuş 4 mərtəbə+mansard, ticarət sahəsi, zirzəmi avtodayanacaq və 9 mərtəbə+mansard zirzəmi-dayanacaq, qeyri-yaşayış ticarət sahəsinin mövcud istifadə vəziyyətində daşınmaz əmlakın dövlət rəyestrlndə onun adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2017-ci il 15 sentyabr tarixli 2-1(81)-5010/17 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş 2014-cü il 15 noyabr tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Səbail rayonu, Salyan şosesi 14/2 km ünvanda inşa olunmuş 4 mərtəbə+mansard, ticarət sahəsi, zirzəmi avtodayanacaq ve 9 mərtəbə+mansard zirzəmi-dayanacaq, qeyriyaşayış ticarət sahəsinin mövcud istifadə vəziyyətində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2018-ci il 16 yanvar tarixli 2-1(103)-286/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi 2014-cü il 15 noyabr tarixli alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmamışdır. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 8 may tarixli 2-1(102)-931/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 yanvar tarixli qəran ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 sentyabr tarixli 2- 1(103)-1579/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında 2014-cü il 15 noyabr tarixdə bağlamış alqı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır. Belə olan halda, isə etibarsız olan həmin müqavilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması üçün əsas olması da istisna edilir. Tərəflər əvvəlki vəziyyətinə qayıdır ki, bu halda da, iddiaçının mübahisəli əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyəti mövcud olmur. İddiaçı həmin qərardan 2018-ci il 30 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2610/18 saylı 19 dekabr 2018-ci il tarixli qrarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 may tarixdə 2-1(103)- 715/2019 nömrəli işə baxaraq yeni qərar qəbul etməklə iddianı rədd etmişdir. Hal-hazırda iş Ali Məhkəmənin icraatındadır. Qeyd edilənləri və məhkəmə aktlarında göstərilən hüquqi iradları nəzərə alan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir və istəyir ki, qanunla əldə etdiyi əmlaka istifadə və sahiblik hüququ tanınsın və daha sonra həmin əmlaka sərəncam vermə hüququnu ərizə formasında müraciət etməklə əldə etsin. Bəllidir ki, mülkiyyət hüququnun 3 subyekti vardır və bunlar istifadə, sahiblik və sərəncam vermə subyektlərindən ibarətdir. Bu mülkiyyətin təməl formalarıdır. Belə olan halda iddiaçı qanunla əldə etdiyi yaşayış sahələrindən ibarət olan tikililərə faktiki sahiblik və istifadə etdiyindən bunun qanuniiəşməsi üçün məhkəməyə müraciət edir. İşə baxarkən nəzərə alınmalıdır ki, müqavilənin hüquqi təbiətini onun adı deyil, tərəflərin müqavilədə təsbit olunan öhdəlikləri müəyyən edir. Belə ki, əgər “alqı-satqı” adlı müqavilədə “satıcı" fərdimüəyyən əlamətlərə məxsus əşya hazırlamağı, işin nəticəsini “alcı”ya verməyi öhdəsinə götürürsə, bu halda həmin müqavilə işlərin görülməsi haqqında müqavilədir, “satıcı” isə heç də malı (əşyanı) satan (realizə edən) şəxs deyil, icraçıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı bağlanmış əqdlər üzrə bütün rüsumları, o cümlədən vergi borclarının ödənilməsi ilə bağlı podratçıya pul vəsaitini vermiş o da öz növbəsində həmin ödənişləri həyata keçirmiş və bu barədə vergi yoxlamaları aparılmaqla akt tərtib edilmişdir. Layihə üzrə nəzərdə tutulmuş sahələrin hər bir kv.m-si üçün dövlət vergisi ödənilmişdir. Məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, iddiaçı tərəf məhkəmə iclasılarında iştirak etmədiyi üçün işin baxılmamış saxlanılmasına etiraz edir, mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edrilməsini, iddia tələbinin rədd olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdilər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 71 saylı, 19.06.2020-ci il tarixli arayışın mətnindən görünür ki, “verilir İddiaçı ondan ötrü ki, Üzeyir Hacıbəyov küçəsi 13 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. Lakin, həmin ünvandakı bina sökülüb yerində yeni yüksək mərtəbəli bina tikilib”göstərilmişdir; Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5010/2017 nömrəli, 15 sentyabr 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı, 3-cü şəxs “xxxx” firması cəlb edilməklə hərəkətlərin qanunsuz hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilərək, 15.11.2014-cü il tarixli «daşınmaz əmlakın alqı-satqı» müqaviləsinə əsasən Səbail rayonu, Səlyan şossesi 14/2 km ünvanda inşa olunmuş 4 mərtəbə+mansard, ticarət sahəsi, zirzəmi avtodayanacaq və 9 mərtəbə+mansard zirzəmi-dayanacaq, qeyri-yaşayış ticarət sahəsinin mövcud istifadə vəziyyətində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-715/2019 nömrəli, 10 may 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə (üçüncü şəxs “xxxx” Firması) qarşı cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasının cavabdehə həvalə edilməsi iddia tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5010/2017 saylı, 15.09.2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5010/2017 saylı, 15.09.2017-ci il tarixli qərarı ləğv olunması, iş üzrə yeni qərar qəbul olunması, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinə (üçüncü şəxs “xxxx” Firması) qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasının cavabdehə həvalə edilməsi" barədə iddia tələbi təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1050/2020 nömrəli, 19 iyun 2020-ci il tarixli Qərardadının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-715/2019 saylı, 10 may 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçı tərəfin ərizəsi təmin edilməmiş, iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Səbail rayonu, Salyan şosesi 14/2 km ünvanda inşa olunmuş 4 mertebe+mansarddan ibarət yaşayış sahələrinin və 9 mertebe+mansarddan, zirzəmidayanacaq ehtiva edilən yaşayış sahələrindən ibarət tikililərə istifadə və sahiblik hüququnun tanınması tələbinin irəli sürsə də, həmin əmlaka dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-715/2019 nömrəli, 10 may 2019-cu il tarixli qərarı şazırda qanuni qüvvəsini almış, həmin qətnamə ilə Səbail rayonu, Səlyan şossesi 14/2 km ünvanda inşa olunmuş 4 mərtəbə+mansard, ticarət sahəsi, zirzəmi avtodayanacaq və 9 mərtəbə+mansard zirzəmidayanacaq, qeyri-yaşayış ticarət sahəsinin mövcud istifadə vəziyyətində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbləri rədd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsində inşa edilmiş və iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi Bakı şəhəri Səbail rayonu, Salyan şosesi 14/2 km ünvanda inşa olunmuş 4 mərtəbə+mansarddan ibarət yaşayış sahələrinin və 9 mərtəbə+mansarddan, zirzəmi-dayanacaq ehtiva edilən yaşayış sahələri dövlət reyestrində qeydiyyatdan keçməyən tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qanunvericilik özbaşına tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmur və əks yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Məcəllənin 180.2-ci maddəsinə görə isə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi halında irəli sürülən tələbin təmin edilməsi mümkündür. Yuxarıda qeyd edildiyi kimi, hesab edir ki, iddiaçının qeyd etdiyi həmin tikililərə dair yaşayış sahəsindən istifadə hüququ tanına bilməz. Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1052/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1052/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver