Məhkəmə qərarları › İş №2(005)-1057/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1057/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1057/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 4890,6 manat əsas, 692,39 manat faiz, 54,81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5637,80 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,85 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 23% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16 yanvar 2023, bazar ertəsi tarixinə "xxxx" ASC-yə 4890,6 manat əsas, 692,39 manat faiz, 54,81 manat cərimə borcu olmaqla, cəmi 5637,80 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 650nkADJ/22 saylı kredit müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, “borc verən” "xxxx" ASC “borc alan” Cavabdeh illik 23 faiz ödəmək şərtilə 5000 manat məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti xx.xx.2025-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür; xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 650nkADJ/22 saylı müqavilə üzrə əsas borcu 4890,6 manat, faiz borcu 692,39 manat, cərimə borcu 54,81 manat olmaqla, cəmi borcu 5637,8 manat təşkil edir; "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, o, borcunun olması, onun 3 iş günü ərzində ödənilməsi və əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 76,45 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 5000 manat məbləğində kredit verməyi, “borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək müqavilə üzrə yaranmış cəmi 5637,8 manat borcun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən cavabdehə 35 ay müddətinə, illik 23 faiz olmaqla 5000 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, həmçinin hesabdan çıxarış ilə təsdiq olunur. Cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə Cavabdeh müqavilə üzrə əsas borcu 4890,6 manat, faiz borcu 692,39 manat, cərimə borcu 54,81 manat olmaqla, ümumilikdə 5637,80 manat borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə 4890,6 manat, faiz borcuna görə 692,39 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Cərimə ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və kredit müqaviləsi üzrə cərimənin məbləği əsas borca mütənasib olduğundan, 54,81 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4890,6 manat əsas borc, 692,39 manat faiz borcu, 54,81 manat cərimə borcu olmaqla, cəmi 5637,8 manat pul və ödənilmiş dövlət rüsumuna görə 76,85 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4890,6 manat əsas borc, 692,39 manat faiz borcu, 54,81 manat cərimə borcu olmaqla, cəmi 5637,8 (beş min altı yüz otuz yeddi manat, səksən qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 76,85 (yetmiş altı manat, səksən beş qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar