Məhkəmə qərarları › İş №2(005)-106/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-106/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-106/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dollar hesabı ilə olan borcunu beş il ərzində ödədiyi pullara nisbətdə düzgün çıxılmadan əlavə faiz və dəbbə pulu hesablayıb onu borclandırmaqla yenidən, yəni İddiaçı1 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixdə bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi və İddiaçı2 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixli restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə Z-BF/21220/73/20 saylı “Zaminlik Müqaviləsi”nin ləğv edilməsi, bank tərəfindən ödədiyi pullar düzgün çıxılmadan yenidən şişirdilərək faiz və dəbbə pulu hesablamaqla ümumilikdə adına yazılmış 7591,15 manat borc məbləğinin tam silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, o, İddiaçı1 23 aprel 2014-cü ildən dolların manata məzənnəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 7000 ABŞ dolları götürərək özünü tora salmışdır. Belə ki, iddia üzrə cavabdeh olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 23 aprel 2014-cü ildən ona ABŞ dolları ilə verdiyi kreditə görə ödədiyi pulları hər il azaltmaqla yeni müqavilələrə imza atdırmaqla və ödəniş cədvəlində dəyişikliklər etməklə əslində ödədiyi pulları əsas məbləğdən düzgün çıxmadan hər dəfə adında əlavə faiz və dəbbə pulu saxlamışdır. Həmçinin,Respublikada baş vermiş devalvasiyadan sui-istifadə edən Cavabdeh ASC restrukturizasiya etmək adı ilə ona 30 dekabr 2019-cu il tarixdə kredit borcunun restrukturizasiyası üzrə BF/21220/73/22 saylı kredit müqaviləsinə və eyni ildə, ayda digər İddiaçı2 restrukturizasiya olunmuş öhdəliyin təminatı üzrə Z-BF/21220/73/22 saylı zaminlik müqaviləsinə imzala çəkdirməklə əsas məbləğ, əlavə faiz və dəbbə pulu hesablayıb adına 7591,15 manat borc pul yazmışdır. Cavabdeh ASC 7000 ABŞ dollarına görə bəlkə də üç dəfə artıq ödədiyi pulları faiz və dəbbə pulu adı ilə silsə də rəqəmlər cavabdeh ASC tərəfindən o qədər şişirdilib ki, o, cavabdeh banka nə qədər pullar ödəsə də borcu azalmır, əksinə onun Cavabdeh ASC-yə olan borcu ancaq artır. Bir neçə aydır ki, Cavabdeh ASC ona 30 dekabr 2019-cu il tarixdə BF/21220/73/22 saylı kredit müqaviləsi üzrə ona imzalatdırdığı, dollar hesabından hesablayıb manata keçirtmək adı ilə yenidən şişirdib artırıb yazdıqları əsas məbləğ, faiz və dəbbə pulu olan 7591,15 manat adına yazılmış borcu həmin müqavilənin qüvvədə olmasından sui-istifadə edərək tələb edirlər. O, belə başa düşür ki, bankın fürsət bildiyi və Cavabdeh ASC-nin işçilərinin “sonra gec olar, vaxtı keçər Sizə şamil olmaz” kimi deyib müqaviləyə 30 dekabr 2019-cu ildə imzalatdırmaqla onun vəziyyətini yüngülləşdirmək adı ilə həm aldatmışlar, həm də imzalatdırdıqları müqavilələr ilə bu günkü gün vəziyyətini daha da ağırlaşdırmışlar. Ona görə də məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edir. Cavabdeh ASC-nin Mərdəkan filialı ilə aralarında 30 dekabr 2019-cu il tarixdə bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi” və İddiaçı2 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixli restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə Z- BF/21220/73/22 saylı zaminlik müqaviləsi yalnız Bank of Baku” ASC rəhbərliyinin maraqlarına xidmət edir. Borcunun 7591,15 manata yüksəlməsi buna əyani sübutdur. Onun beş il ərzində ödədiyi pullar Cavabdeh ASC tərəfindən ümumiyyətlə nəzərə alınıb əsas məbləğdən deyil, yalnız faiz və dəbbə puluna çıxılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilmələrinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş), bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli, BF/21220/73/22 saylı əsas kredit borcunun restrukturizasiyası üzrə “Güzəştli kredit müqaviləsi”indən görünür ki, Cavabdeh ASC-nin Mərdəkan filialı tərəfindən İddiaçı1 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 7591,15 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli, Z-BF/21220/73/22 saylı “Zaminlik müqaviləsi”indən görünür ki, İddiaçı2 30 dekabr 2019-cu il tarixli, BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi” üzrə öhdəliyin tamamilə icra edilməsinə görə İddiaçı1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçılar tərəfindən güzəştli kredit və zaminlik müqavilələrinin ləğv edilməsi və hesablanmış 7591,15 manat borcun silinməsi Cavabdeh ASC-dən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 17 mart 2015-ci il tarixli, CD/28725/50/31 saylı kredit sazişindən görünür ki, Cavabdeh ASC-nin Yeni Günəşli filialı tərəfindən İddiaçı1 illik 28% dərəcəsi ilə 21 ay müddətinə 5255 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 noyabr 2015-ci il tarixli, RF/90537/54/18 saylı kredit sazişindən görünür ki, Cavabdeh ASC-nin Əhmədli filialı tərəfindən İddiaçı1 illik 28,55% dərəcəsi ilə 48 ay müddətinə 4709 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8129 nömrəli, 15 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, CD/28725/50/31 saylı kredit sazişi şərtləri əsas götürülməklə İddiaçı1 xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) banka olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla olan borcu 6227,94 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, xx.xx.2019-cu il tarixə: -əsas borc üzrə 4040,47 ABŞ dolları, -faiz borcu üzrə 1335,60 ABŞ dolları, -faiz borcu üzrə (5%lə) 851,87 ABŞ dolları. xx.xx.2015-ci il tarixli, RF/90537/54/18 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, RF/90537/54/18 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı1 xx.xx.2019-cu il tarixədək (sualda göstərilən tarix) banka olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla olan borcu 9701,56 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, xx.xx.2019-cu il tarixə: -əsas borc üzrə 4680,49 ABŞ dolları, -faiz borcu üzrə 4997,02 ABŞ dolları, -faiz borcu üzrə (5%lə) 24,05 ABŞ dolları. Məhkəmədə müəyyən edilmişdir ki, 30 dekabr 2019-cu il tarixli, BF/21220/73/22 saylı əsas kredit borcunun restrukturizasiyası üzrə “Güzəştli kredit müqaviləsi”nə əsasən Cavabdeh ASC-nin Mərdəkan filialı tərəfindən İddiaçı1 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 7591,15 manat məbləğində kredit verilmişdir. İddiaçı1 iddia edir ki, o cavabdehə artıq məbləğdə kredit borcu ödəmişdir, ödədiyi pullar faiz və dəbbə puluna çıxılmışdır, onu aldadaraq 30 dekabr 2019-cu il tarixli, BF/21220/73/22 saylı əsas kredit borcunun restrukturizasiyası üzrə “Güzəştli kredit müqaviləsi”ni imzalatdırmış və adına yeni 7591,15 manat kredit borcu yazmışlar. Hal-hazırda İddiaçı1 dollar hesabı ilə olan borcunu beş il ərzində ödədiyi pullara nisbətdə düzgün çıxılmadan əlavə faiz və dəbbə pulu hesablayıb onu borclandırmaqla yenidən onunla Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixdə bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi və bank tərəfindən ödədiyi pullar düzgün çıxılmadan yenidən şişirdilərək faiz və dəbbə pulu hesablamaqla ümumilikdə adına yazılmış 7591,15 manat borc məbləğinin tam silinməsi, İddiaçı2 isə onunla Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixli restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə Z-BF/21220/73/20 saylı “Zaminlik Müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların hazırkı iş üzrə tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Hazırkı işdə tərəflər bağladıqları müqavilələrin şərtlərini azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, məhkəmə araşdırması zamanı həmin müqavilələrin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının da rəyindən görünür ki, İddiaçı1 xx.xx.2015-ci il tarixli, CD/28725/50/31 saylı kredit sazişi üzrə xx.xx.2019-cu il tarixə banka 4040,47 ABŞ dolları əsas, 1335,60 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 851,87 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci il tarixli, RF/90537/54/18 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixə 4680,49 ABŞ dolları əsas, 4997,02 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 24,05 ABŞ dolları faiz borcu vardır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçıların özlərinə aid edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, 100 manat mühasibatlıq ekspertizasının xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı “müqavilənin ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar