Məhkəmə qərarları › İş №2(005)-1073/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1073/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1073/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1509.03 manat məbləğində əsas borc və 129.06 manat faiz borcu olmaqla, ümumilikdə 1638.09 (bir min altı yüz otuz səkkiz manat, doqquz qəpik) manat borcun və 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə bağlı yazılı ərizə təqdim edərək, Cavabdeh 1509.03 manat məbləğində əsas borc və 129.06 manat faiz borcu olmaqla, ümumilikdə 1638.09 (bir min altı yüz otuz səkkiz manat, doqquz qəpik) manat borcun və 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq “İddiaçı" ASC-yə ödənilməsi və tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh Savalan oğluna məxsus, xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 583 əyarlı - 2 ədəd boyunbağı, 3 ədəd qolbaq, 3 ədəd üzük, 2 cüt sırğaya yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi ilə yanaşı, digər tələblər də irəli sürüldüyündən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1073/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020 il tarixli, 100805-859585/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 1870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1509.03 manat məbləğində əsas borcu və 129.06 manat faiz borcu olmaqla, ümumilikdə 1638.09 (bir min altı yüz otuz səkkiz manat, doqquz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtləinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlcirının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək qeyd etdi ki, kredit müqaviləsi üzrə borcu var, lakin ona ödəniş üçün vaxt lazımdır, faizlə razı deyil, hazırkı kredit borcundan 600 manat artıq ödənmişdir, qətnamə qəbul edilərkən həmin məbləğin nəzərə alınmasını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədi ilə Bank Cavabdeh illik 30% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 24 ay müddətinə 1870 manat məbləğində kredit verməyi, Cavabdeh isə kredit məbləğini götürməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini qaytarmağı və kredit məbləğinə hesablanmış faiz məbləğini ödəməyi, habelə ödənişlərin gecikdirməsinə yol verdiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür; xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2020-ci tarixdən başlayaraq 24 ay ərzində hər ay 104,56 (sonuncu ay 104,44) manat ödəməli idi; xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 1870.00 manat (bir min səkkiz yüz yetmiş) məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh verilmişdir; İddiaçı ASC xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1509,03 manat məbləğində əsas, 129,06 manat məbləğində faiz, ümumilikdə 1638,09 manat məbləğində borcu yaranmışdır; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı girov müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq girovqoyan Cavabdeh xərclərin ödənilməsinin icrasını təmin etmək üçün qızıl əşyaları Bankın xeyrinə girova qoyur və bu qızıl əşyalarını «Girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi aktı»na əsasən Bankın sahibliyinə vermişdir. Girov predmeti müstəqil qiymətləndirici tərəfindən 3790.8 (üç min yeddi yüz doxsan manat, səkkiz qəpik) dəyərində qiymətləndirilmişdir; xx.xx.2021-ci il tarixli, TT21111644LX saylı ödəmə çekindən görünür ki, müqavilə üzrə Cavabdeh 600 manat pul ödəmişdir; xx.xx.2020-ci il tarixli, 859585.1 saylı girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktından görünür ki, xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh tərəfindən 12 ədəd qızıl-zinət əşyası 3790,8 manat qiymətləndirilmiş, 2 ədəd boyunbağı, 3 ədəd qolbaq, 3 ədəd üzük və 2 cüt sırğa girov predmeti olaraq bankın pul anbarına saxlanca qəbul edimişdir; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0150/2020 saylı xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehə 5 gün ərzində kredit borcunun ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30% olmaqla 1870 manat məbləğində kredit verilmişdir. Cavabdeh İddiaçı ASC-dən qeyd edilən məbləğdə pulu almış və həmin kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsini həyata keçirməyi, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı, kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixə 1509,03 manat məbləğində əsas, 129,06 manat məbləğində faiz, ümumilikdə 1638,09 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tutulmasını tələb edir. Kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitir. İddiaçı da faiz borcunu məhz iddia ərizə məhkəməyə təqdim olunan tarixə hesablamaqla tələb edir. Məhkəməyə müraciət olunduqdan sonra cavabdeh xx.xx.2021-ci il tarixdə 600 manat ödəniş etmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehin ödəmiş olduğu 600 manat əsas və faiz borcundan silinməli, qalan məbləğ cavabdehdən tutulmalıdır. Belə olan halda, xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsi üzrə (600-129,06=470,94) (1509,03-470,94=1038,09) 1038,09 manat məbləğində əsas, 0 manat məbləğində faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin Məcəllənin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci maddəsinə görə isə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məcəllənin 297-ci və 298-ci maddələrinə görə isə, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Bankın pul anbarına saxlanca qəbul edilmiş 583 əyarlı - 2 ədəd boyunbağı, 3 ədəd qolbaq, 3 ədəd üzük, 2 cüt sırğa bankın xeyrinə girov ilə yüklü etmişdir. Həmin əşyaların dəyəri 3790, 8 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq girov qoyulmuş cavabdehə məxsus olan 2 ədəd boyunbağı, 3 ədəd qolbaq, 3 ədəd üzük və 2 cüt sırğadan ibarət əşyalarına yönəldilməli, həmin əşyalar satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi 30 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1038,09 manat məbləğində əsas, 0 manat məbləğində faiz, cəmi 1038,09 manat məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində girov qoyulmuş Cavabdeh məxsus olan 2 ədəd boyunbağı, 3 ədəd qolbaq, 3 ədəd üzük və 2 cüt sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əmlaklar satılaraq əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməli, satışından əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 100805-85958/1 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh 1038,09 (bir min otuz səkkiz manat, doqquz qəpik) manat məbləğində əsas, 0 (sıfır) manat məbləğində faiz, cəmi 1038,09 (bir min otuz səkkiz manat, doqquz qəpik) manat məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma girov predmeti olan, kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, Cavabdeh məxsus olan dəyəri 3790, 8 manat (üç min yeddi yüz doxsan manat səkkiz qəpik) məbləğində razılaşdırılmış və İddiaçı ASC-də saxlanılan qızıl-zinət əşyalarına (2 ədəd boyunbağı, 3 ədəd qolbaq, 3 ədəd üzük və 2 cüt sırğa) yönəldilsin. Həmin girov predmeti açıq hərracdan satılsın. Satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC -yə ödənilsin. Ödənişdən artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar