Məhkəmə qərarları › İş №2(005)-108/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-108/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-108/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" ASC-yə qarşı “borcun silinməsi və cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “borcun silinməsi və cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.03.2015-ci il QT-51-15-11- 012224 saylı kredit müqaviləsi üzrə olmayan borcun silinməsi, Muğanbank və Beynəlxalq Bankın hərəkətlərinin qanunsuz hesab edilməsi, bu vaxta qədər çıxarılan 156 manat məbləğində pulun bankdan alınıb ona geri qaytarılması və bundan sonra onun pensiya kartından ödənişlərin çıxılmasının cavabdeh "xxxx" ASC-yə qadağa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Muğan Bank ASC-nin Şəki Filialına 29.03.2015-ci il QT-51-15-11-012224 saylı kredit müqaviləsinə əsasən borcludur, 33 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 2400 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış QT-51-15-11-012224 saylı kredit müqaviləsinin 4.2-ci maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 29-dan gec olmayaraq 103,82 ABŞ dolları məbləğində olmaqla həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə uyğun olaraq nəzərdə tutulmuşdur. Bank isə iddiaçıdan 240 dollar xidmət haqqı tutub. 2160 dollar vermişdir. İddiaçı 2015-ci il aprel ayının 22-dən 29.12.2017-ci ildə krediti ödəyib qurtardı. 2015-ci ildə 850 dollar, 2016-cı ildə 11 ay-1300 manat, dekabrın 29.12.2017-ci il 14 ayda 1540 manat 3732,50 manat ödədi. İddiaçı borcunu ödəməsinə baxmayaraq 02.03.2018-ci il tarixində X7 filialından iddiaçıya bildiriş gəldi ki, iddiaçı 1300 dollar borclu olduğunu dedilər. Muğan Bank tələb hüququnu Beynəlxalq Banka köçürüblər ki, onun pensiyasından tutsunlar. 2020-ci ilin sentyabr ayından hər ay iddiaçının pensiyasından 22.28 manat pul tuturlar. Müqavilə üzrə tərəfindən 3732,50 manat ödəniş edilib və heç bir borcu qalmayıb. Lakin həmin borc məbləği hal-hazıra qədər iddiaçının pensiyasından tutulur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, yazılı izahat təqdim edib bildirdi ki, 29 mart 2015-ci ildə iddiaçı ilə "xxxx" ASC-nin Zaqatala filialı ilə 51-15-11- 012224 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Kreditor ona 2400 ABŞ dolları verməli idi. Lakin pulu verəndə 240 ABŞ dollan tutub, 2160 ABŞ dolları verdi. Soruşdu niyə belə, ağıla sığmayan bir şey dedilər. İddiaçının ehtiyacı olduğu üçün mübahisə etmədi. Kreditor, krediti iddiaçıya 27%-dən verdi. İddiaçı 2015-ci ilin aprel ayından 29 dekabr 2017-ci ilə qədər ödəyib qurtardı. 2015-ci ildə 850 ABŞ dolları, 2016-cı ildə 1300 manat, dekabr 2017-d ilə qədər 1540 manat, cəmi 27 % şərti ilə ödəməklə aldığı krediti tam bağladı. İddiaçının kreditora borcu olmadığı halda, Kreditor əsassız və qanunsuz olaraq Balakən rayon məhkəməsinə müradət edib kredit borcun qaytarılması tələbinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Balakən rayon məhkəməsi işə qeyri obyektiv işi qanuna müvafiq araşdırmadan, elə bil tərəfindən Kreditorun əsassız tələbini inkar edən sübutlar təqdim etməmişdir. Əmr çıxardıb və iddiaçıdan qanunsuz olaraq kreditorun xeyrinə 1300.60 ABŞ dollan əsas kredit borcu, 240.41 ABŞ dolları faiz borcu olmaqla cəmi 1541.01 ABŞ dollan ödəniş gününə Azərbaycan Respublikası Mərkəz Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və 20 manat ödənilmiş rüsumu alınıb Kreditor "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə əmr çıxarmışdır. Qeyd olunan məhkəmə əmrinə əsasən onun pensiyasından kreditorun xeyrinə 500 manata qədər pul tululub. Bu qanunsuz tutulmalardı və o pullar iddiaçıya qaytarılmalıdır. İddiaçının şikayətindən sonra Balakən rayon məhkəməsi 18 sentyabr 2018-ci il tarixli (iş №2(019)- 873/2018 saylı Qərardadı ilə Balakən rayon məhkəməsinin 24 may 2018-ci il tarixli məhkəmə əmrini ləğv edib və işi iddia icraatına keçirdi. O iddia ərizəsində Azərbayan Respublikası Mülki Məcəlləsinə istinadən göstərib ki, onun Kreditora borcu yoxdur, kreditor iddiaçıya qarşı iddia qaldırmaqla əsassız varlanır. Bununla əlaqədar iddiaçı Kreditor qarşısında «Kredit Müqaviləsi»ndən № 51-15-11-012224 irəli gələn, göstərilən sənədin 4.2. maddələrinin tələblərinə tam riayət edərək öhdəliyini iddiaçı verilən cədvələ uyğun olaraq vaxtında ödəyib. Onun kreditora borcu yoxdur. Tərəfindən eyni zamanda MM-nin 442-ci maddəsində öhdəliyin icra edilməməsi anlayışı göstərilib. Qeyd etmək istəyir ki, tərəfindən Maddənin heç bir şərti pozulmayıb. Bütün şərtlər lazımı qaydada icra edilməklə yerinə yetirilmişdir. Odur ki, «Bankın» iddiaçıya qarşı iddiası qanunsuzdur. Qanunsuz olaraq onun hesabında 400 manat pul silib. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən öhtəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçı tərəfindən Kreditora heç bir zərər dəyməyib. Onun üzərinə qoyulmuş öhdəlik qanunsuzdur, ona görə ki, tərəfindən götürülmüş kredit tam olaraq ödənmişdir, yəni öhdəlik tərəfindən ödənmişdir. Onun Kreditora borcu yoxdur. Azərbaycan Respublikası MM-nin 445.8-ci maddəsində qeyd edilib ki, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul edə və zərərin əvəzini tələb edə bilər. Kreditorun iddiaçıya qarşı tələbi əsassızdır. O öhdəliyi vaxtında icra etmişdir. Kreditor məhkəməyə, o cədvələ uyğun borcu ödədikdən xeyli sonra müraciət edib və Balakən rayon məhkəməsi 28 may 2018-ci il tarixli əmrlə ondan Bankın xeyrinə əsassız və qanuna zidd olaraq məhkəmə əmri çıxarıb ki, 1047 manat 60 qəpik borcu var. Azərbaycan Respublikası MM-nin 448-ci maddəsində göstərilib ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxanda qeyd edib təkrarən qeyd edir, tərəfindən iddiaçının risk dairəsinə daxil olan öhdəlikləri tam ödəyib və kreditor, yəni bank qarşısında krediti ödədiyi üçün heç bir nə öhtəliyi, nə də ki, məsuliyyəti var. Kobud olsa da deməlidir ki, kreditor onu savadsız, üzü yumşaq görüb hesabına nisbətən də olsa varlanmaq istəyir. Buna başqa ad vermək olmaz. Azərbaycan Respublikası Mülki hüququna əsasən borclu təqsirə görə, yəni qərəzə və kobud ehtiyatsızlığa görə məsuliyyətdən azad edilmir. Qanunun bu tələbi ona şamil deyil. Göstərilən tələb Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində öz əksini tapıb. Tərəfindən götürdüyü kreditlə əlaqədar öhdəliyi pozmadığı üçün Kreditor qarşısında heç bir məsuliyyəti yoxdur. Zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası MM-nin 21-ci maddəsində öz əksini tapıb. Azərbaycan Resublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikbə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, Əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı həmin şəxsin adi dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Tərəfindən Kreditora heç bir ziyan dəyməyib, onun hüquqlarını pozmayıb, idiaçıya verdiyi kreditlə əlaqədar heç bir zərər görməyib, heç bir əmlakından məhrum olmayıb. Ümumiyyətlə Kreditora heç bir real zərər dəyməyib. Əksinə Kreditor onun hesabına nisbətən varlanıb. İddiaçı Kreditordan - Muğan Bank ASC-nin Şəki filialından 29.03.2015- ci il tarixdə QT-51-15-11-012224 saylı kredit müqaviləsinə əsasən 33 ay müddətinə pul götürəndə Azərbaycan Respublikası Qanununa əsasən, Respublikada pul vahidi manat olduğu üçün manat pulu kredit götürmək istəyirdi. İddiaçıya dedilər ki, manatla vermirlər, krediti dollarla verib, manata vururlar. O da məcbur olub razılaşdı. Göstərilən kredit müqaviləsi ilə iddiaçı 2400 ABŞ dolları kredit götürdü. Ona pulu verəndə bank iddiaçıdan 240 ABŞ dollar xidmət haqqı tutdu və faktiki olaraq 2160 ABŞ dollar verdi, onun banka heç bir borcu yoxdur, bankın iddiaçıya qarşı tələbi əsassızdır. İddiaçının iddia tələbi təmin olunmalıdır. Əsassız tutulmuş pullar Kreditordan onun xeyrinə tutulmalıdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada digər cavabdeh xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC Zaqatala filialının müdiri X3 şəxsində (bundan sonra "Borcverən" adlandırılacaq) bir tərəfdən, Balakən şəhəri, A.Məmmədov küç, ev.2, m.3 ünvanında yaşayan İddiaçı arasında bağlanmış 29.03.2015-ci il tarixli 51- 15-11-012224 saylı kredit müqaviləsindən görünür ki, Borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün Borc alana illik 27 faiz 33 ay müddətinə olmaqla 29 Dekabr 2017-ci tarixinədək 2400 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. (1.2-ci bəndi) Borcverən Borcalandan müqavilənin 1.2-ci bəndində göstərilmiş kredit məbləğinin 9 % miqdarında xidmət haqqı və 1 % miqdannda nəğd pulun çıxarılması üçün komissiya tutur. (3.1-ci bəndi) Borc alan tərəfindən kreditin qaytarılması 29 Aprel 2015-ci il tarixdən başlayaraq 29 Dekabr 2017-ci il tarixə kimi qaytarılması hər ayın 29-dan gec olmayaraq qaytarılması 103.82 ABŞ dolları məbləğində olmaqla bu müqavilən ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə uyğun olaraq həyata keçiriləcəkdir. Ödəniləcək kredit, o cümlədən ona hesablanmış faizlər Borc verənin hesabına ödənilir və ya köçürülür. (4.2-ci bəndi) İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(019)- 25/2019 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə və Cavabdeh1 ASC-yə ünvanlanmış 03.06.2020-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, bildirmək istəyirəm ki, mənimlə '‘Muğanbank” ABC arasında bağlanmış "14.08.2019" tarixli "49-19- 23-095715" nömrəli kredit müqaviləsindən irəli gələn tələb hüququnun "xxxx" ASC-yə keçməsinə etiraz etmirəm. Bu kredit üzrə tələb hüququ "xxxx" ASC-yə keçdikdən sonra aylıq ödəniş məbləğlərinin hər ay ödəniş cədvəlinə uyğun olaraq mənim "xxxx" ASC-də olan pensiya kartımdan akseptsiz qaydada (“avtoödəmə” xidməti vasitəsi ilə) tutulmasını Sizdən xahiş edirəm. Kredit üzrə aylıq ödəniş məbləği gecikdirildikdə, ödənilməli olan gecikdiriimiş əsas borc, hesablanmış faiz borcu yə cərimə məbləğlərinin menim "xxxx" ASC-də olan əmək haqqı kartımdan, pensiya kartımdan və. bütün digər hesablarımdan akseptsiz qaydada bloklaşdırılmaqla gecikdirilmiş öhdəlik həcmində silinməsinə razılıq verirəm. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn vaxtından əvvəl tələbetməni mümkün edən hallar olduqda mənim "xxxx" ASC də olan əmək haqqı kartımın, pensiya kartımın və bütün digər hesablarımın akseptsiz qaydada bloklaşdırılmasına və kredit borcunun tam şəkildə silinməsinə razılıq verirəm. Bu ərizə yuxarıda göstərilən öhdəliyin ölçüsü və ya İcra müddəti gələcəkdə dəyişdiyi hallarda da mənim razılığımı ifadə edir. İş materiallarında olan "xxxx" ASC ilə Balakən şəhəri, A.Məmmədov küç, ev.2, m.3 ünvanında yaşayan İddiaçı arasında bağlanmış 03.06.2020-ci il tarixli fiziki şəxslərə bank hesablarının açılması və xidmət göstərilməsi üzrə müqavilənin surətindən görünür ki, bu müqavilənin predmeti Bank tərəfindən Müştərinin adına milli və ya xarici valyutalarda cari hesabların açılmasından, qanunvericlikdə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla Hesaba daxil olan pul vəsaitinin mədaxil edilməsindən, açılmış Hesabdan müvafiq məbləğlərin köçürülməsinə, verilməsinə və Hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirilməsindən ibarətdir. Müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli 9/8066 saylı rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı ödəniş qəbzləri və 2015-ci il tarixli, 51-15-11-012224 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı 02.03.2018-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 1374,86 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 02.03.2018-ci il tarixə: əsas borc üzrə 1312,83 USD, faiz borcu üzrə 62,03 USD. İş materiallarından göründüyü kimi, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı Ödəniş qəbzləri və 2015-ci il tarixli, 51-15-11-012224 №-li kredit müqaviləsi əsas götürülməklə İddiaçı 03.06.2020-ci il tarixədək (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 2102,81 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 03.06.2020-ci il tarixə: əsas borc üzrə 1312,83 USD, faiz borcu üzrə 789,98 USD Qeyd: İş materiallarının (C.İ.V 60) vərəqəsində olan sənədə əsasən restruktruzasiya olunmuş 1047,59 manat qalıq borc və İddiaçı ilə Muğanbank ASC arasında 14.08.2019-cu il tarixli müqavilə haqqında məlumat qeyd olunmuş lakin həmin məlumat tam və oxunaqlı vəziyyətdə olmadığından tədqiqat maliyyə arayışı məlumatları və hesabdan çıxarışa əsasən aparılır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC Zaqatala filialının müdiri X3 şəxsində (bundan sonra "Borcverən" adlandırılacaq) bir tərəfdən, Balakən şəhəri, A.Məmmədov küç, ev.2, m.3 ünvanında yaşayan İddiaçı arasında 29.03.2015-ci il tarixli 51-15-11-012224 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" ASC İddiaçı illik 27 faiz 33 ay müddətinə olmaqla 29 Dekabr 2017-ci tarixinədək 2400 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit 29 Aprel 2015-ci il tarixdən başlayaraq 29 Dekabr 2017-ci il tarixə kimi hər ayın 29-dan gec olmayaraq 103.82 ABŞ dolları məbləğində olmaqla qaytarılması öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən "xxxx" ASC-yə və Cavabdeh1 ASC-yə ünvanlanmış 03.06.2020-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, iddiaçı ilə '‘Muğanbank” ABC arasında bağlanmış "14.08.2019" tarixli "49-19-23-095715" nömrəli kredit müqaviləsindən irəli gələn tələb hüququnun "xxxx" ASC-yə keçməsinə etiraz etmirəm. İddiaçı kredit üzrə aylıq ödəniş məbləği gecikdirildikdə, ödənilməli olan gecikdiriimiş əsas borc, hesablanmış faiz borcu yə cərimə məbləğlərinin menim "xxxx" ASC-də olan əmək haqqı kartımdan, pensiya kartımdan və. bütün digər hesablarımdan akseptsiz qaydada bloklaşdırılmaqla gecikdirilmiş öhdəlik həcmində silinməsinə razılıq verirəm. Balakən Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(019)-25/2019 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli 9/8066 saylı rəyinə əsasən, İddiaçı 02.03.2018-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 1374,86 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 03.06.2020-ci il tarixə: əsas borc üzrə 1312,83 USD, faiz borcu üzrə 789,98 USD təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə görə, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə görə, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 194.1-ci maddəsinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə görə, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə ekspertiza rəyini əsas götürərək qeyd edir ki, iddiaçının 02.03.2018-ci il tarixədək banka olan borcu 1374,86 ABŞ dolları məbləğində, o cümlədən 03.06.2020-ci il tarixə əsas borc üzrə 1312,83 USD, faiz borcu üzrə 789,98 USD müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, kredit borcunun cədvələ uyğun olaraq vaxtında ödəməsi barədə iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından əsassızdır. Məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı digər hallarla bağlı qeyd edir ki, mülki işin faktiki hallarından cavabdeh bankların hər hansı qanunsuz hərəkətləri müəyyən olunmamışdır. Belə ki, 03.06.2020-ci il tarixli məktubla iddiaçıya tələbin güzəşti barədə müvafiq qaydada bildiriş təqdim olunmuş, o cümlədən 03.06.2020-ci il tarixli razılıq ərizəsi ilə iddiaçı kredit üzrə aylıq ödəniş məbləği gecikdirildiyi təqdirdə,ödənilməli olan gecikdirilmiş əsas borcun, faiz borcunun və cərimə məbləğlərinin onun "xxxx" ASC-də olan əmək haqqı kartından, pensiya kartından və bütün digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla gecikdirilmiş öhdəlik həcmində silinməsinə razılıq vermişdir. Göründüyü kimi, iddiaçının tərəfindən borcunun olmaması, cavabdehlər tərəfindən əsassız olaraq onun pensiyasından pulun tutulması barədə dəlilləri əsassızdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı təqdim etdiyi sənədlərə əsaslanaraq cavabdeh banklara borcunun olmamasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz olduğunu, habelə ondan əsassız olaraq pul tutulduğunui qeyd etsə də bu dəlillər açıqaşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" ASC-yə qarşı “borcun silinməsi və cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 245 manat ekspertiza xərci İddiaçı tutulmalı, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" ASC-yə qarşı “borcun silinməsi və cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 245 manat İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar